Uşaq məktəbdən əvvəl hansı bacarıqlara yiyələnməlidir?

Valideynlərin bir çoxu övladının məktəbə başlamazdan əvvəl oxumağı, yazmağı və hesablamağı bacarmasını istəyir. Bəziləri hətta uşaqlarını daha erkən yaşlardan hazırlıq kurslarına göndərir, onlara əlavə dərslər təşkil edirlər. Ancaq beynəlxalq araşdırmalar göstərir ki, məktəbə hazırlığın ölçüsü yalnız uşağın neçə hərf tanıması və ya 100-ə qədər saya bilməsi deyil.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) erkən uşaqlıq inkişafı ilə bağlı araşdırmaları uşağın gələcək uğuruna təsir edən dörd mühüm istiqaməti önə çəkir: ilkin savadlılıq, ilkin riyazi bacarıqlar, özünü tənzimləmə və sosial-emosional inkişaf. Təşkilatın 2026-cı ildə dərc etdiyi “Həyat üçün möhkəm təməllər qurmaq” (Building Strong Foundations for Life) hesabatı isə bu yanaşmanı daha da genişləndirərək erkən öyrənmənin təməlini üç böyük ölçü – fundamental öyrənmə, icraedici funksiyalar, sosial və emosional inkişaf üzrə qiymətləndirir.
İlkin savadlılıq uşağın məktəbə getməzdən əvvəl mütləq oxumağı və yazmağı öyrənməsi demək deyil. Bu, dilin əsaslarını mənimsəmək, eşitdiyini anlamaq, fikrini ifadə etmək və sözlər arasındakı əlaqələri qavramaq qabiliyyətidir.
İƏİT-nin yanaşmasına görə, bu istiqamətdə üç bacarıq xüsusilə əhəmiyyətlidir: dinləyib-anlama, söz ehtiyatı və fonoloji şüur – yəni sözlərin səslərdən təşkil olunduğunu anlamaq.
Məsələn, uşağa nağıl oxumaqla kifayətlənmək lazım deyil. Ondan hadisələrin niyə baş verdiyini soruşmaq, onunla qəhrəmanın davranışını müzakirə etmək, hekayənin davamını təxmin etməsini istəmək daha faydalıdır. Bu zaman uşaq həm yeni sözlər öyrənir, həm də eşitdiyi məlumatı təhlil etməyə başlayır.
The Guardian qəzetinin 2026-cı ilin fevralında dərc etdiyi materialda da uşaqların söz ehtiyatının azalması və ekran qarşısında keçirilən vaxtın artması məsələsinə diqqət çəkilir. Nəşrin yazdığına görə, leksikoqraf Syuzi Dent valideynləri uşaqlarla daha çox danışmağa, kitab oxumağa və söz oyunları oynamağa çağırır. Bu, dil inkişafının yalnız məktəb və müəllimlərin vəzifəsi olmadığını bir daha göstərir.
İkinci istiqamət ilkin riyazi bacarıqlardır. Buraya saymaq, kəmiyyətləri müqayisə etmək, ölçü və formaları fərqləndirmək, ardıcıllıqları müəyyənləşdirmək və sadə məntiqi məsələləri həll etmək daxildir.
Bu bacarıqları inkişaf etdirmək üçün uşağı mütləq dərs masasına əyləşdirmək lazım deyil. Məsələn, süfrə hazırlayarkən neçə boşqab lazım olduğunu hesablamaq, bazarlıq zamanı meyvələri saymaq, oyuncaqları ölçüsünə görə qruplaşdırmaq gündəlik həyatda riyazi düşüncənin inkişafına kömək edir.
ABŞ Təhsil Elmləri İnstitutunun 2022-ci ildə dərc etdiyi məktəbəqədər yaşlı uşaqların məktəbə hazırlanmasına dair sənəddə də riyazi anlayışların məqsədyönlü fəaliyyətlərlə öyrədilməsi, uşaqlarla riyazi mövzularda söhbət aparılması tövsiyə olunur.
Burada əsas məqsəd uşağın mürəkkəb hesablamalar aparması deyil, ətraf aləmdəki kəmiyyət və münasibətləri başa düşməsidir.
İƏİT-nin xüsusi diqqət yetirdiyi istiqamətlərdən biri özünü tənzimləmədir. Bu anlayış uşağın davranışına, diqqətinə və düşüncə prosesinə nəzarət qabiliyyətini əhatə edir. Onun üç əsas komponenti var: işçi yaddaş, impulsların idarə olunması və zehni çeviklik.
İşçi yaddaş uşağın eşitdiyi məlumatı yadda saxlayaraq ondan istifadə etməsinə imkan verir. Məsələn, müəllimin verdiyi iki-üç mərhələli tapşırığı yadda saxlamaq və yerinə yetirmək bu bacarıqla bağlıdır.
İmpulsların idarə olunması uşağın istəklərini dərhal həyata keçirməməsi, növbəsini gözləməsi və diqqətini yayındıran amillərə qarşı müqavimət göstərməsidir.
Zehni çeviklik isə qaydalar dəyişdikdə yeni şəraitə uyğunlaşmaq, fərqli həll yolları tapmaq qabiliyyətidir.
Bu bacarıqlar uşağın sakit oturması və böyüklərin dediklərinə qeyd-şərtsiz əməl etməsi ilə qarışdırılmamalıdır. Söhbət onun öz davranışını anlamaq və idarə etmək qabiliyyətindən gedir.
Dördüncü istiqamət sosial-emosional inkişafdır. Uşağın öz hisslərini tanıması, başqalarının emosiyalarını anlaması, münasibət qurması, əməkdaşlıq etməsi və münaqişələri həll etməyi öyrənməsi bu sahəyə daxildir.
Məsələn, uşaq oyuncağını başqa uşaqla paylaşmaq istəmədikdə onu dərhal danlamaq əvəzinə, nə hiss etdiyini izah etməsinə imkan yaratmaq olar. Başqasının da həmin oyuncağı istəyə biləcəyini müzakirə etmək empatiyanın inkişafına şərait yaradır.
Bu dörd istiqamətin inkişafında oyun xüsusi yer tutur. Çünki oyun zamanı uşaq eyni vaxtda düşünür, danışır, qərar verir, qaydalara əməl edir və başqaları ilə münasibət qurur.

The Guardian qəzetinin dərc etdiyi materialda da uşaqların oyun vasitəsilə öyrənməsinə daha ciddi yanaşmağın vacibliyi vurğulanır. Nəşrdə qeyd olunur ki, uşaqların yaradıcı təcrübələr aparmasına, sərbəst araşdırmasına və oyun vasitəsilə öyrənməsinə kifayət qədər vaxt ayrılmalıdır.
Oyun uşağın sadəcə əylənməsi deyil. Kublardan ev tikmək planlaşdırma və məkan təfəkkürünü, rollu oyunlar başqasının mövqeyini anlamağı, qaydalı oyunlar isə növbə gözləməyi və öz davranışına nəzarəti inkişaf etdirə bilər.
İƏİT-nin hesabatı Azərbaycan üçün də maraqlı nəticələr ortaya qoyur. Tədqiqatın 2025-ci il qiymətləndirməsində Bakı və Sumqayıt üzrə beş yaşlı uşaqların ilkin riyazi bacarıqları beynəlxalq müqayisədə nisbətən yüksək nəticə göstərib. Bununla belə, ilkin savadlılıq və riyazi bacarıqlar üzrə yüksək və aşağı nəticə göstərən uşaqlar arasındakı fərq də böyük olub.
Hesabatda erkən təhsil müəssisələrinin keyfiyyəti və xüsusiyyətlərinin uşaqların nəticələrində mühüm rol oynadığı göstərilir. İştirakçı ölkə və regionlar üzrə orta hesabla fundamental öyrənmə nəticələrindəki fərqlərin 36 faizi, icraedici funksiyalar və sosial-emosional inkişaf nəticələrindəki fərqlərin isə 22 faizi uşaqların iştirak etdiyi müəssisələr arasındakı fərqlərlə əlaqələndirilir.
Bu rəqəmlər məktəbəqədər təhsilin keyfiyyətinin, müəllimlərin hazırlığının və uşaqlar üçün yaradılan mühitin nə qədər vacib olduğunu göstərir.
Nəticə etibarilə, uşağı məktəbə hazırlamaq onu mümkün qədər tez oxumağa və yazmağa öyrətməkdən ibarət deyil. Əsas məsələ onun düşünmək, dinləmək, sual vermək, öyrəndiyini yadda saxlamaq, emosiyalarını idarə etmək və başqaları ilə əməkdaşlıq etmək bacarıqlarını inkişaf etdirməkdir.
Bütün bunlar uşağın yalnız məktəbdə uğur qazanması üçün deyil, gələcəkdə müstəqil qərarlar verə bilən, problemləri həll edən və cəmiyyətlə sağlam münasibətlər quran şəxsiyyət kimi formalaşması üçün də vacibdir.

