QORXU AZALDIQCA İŞTİRAK ARTIR

“Sevimli müəllimim” (“To Sir, with Love”, 1967) filmi ilk baxışda çətin bir sinif və idealist müəllim haqqında klassik hekayə kimi görünür. Lakin filmdə verilən kiçik detallara diqqət edəndə aydın olur ki, burada əsas qarşıdurma müəllimlə şagird arasında deyil, tədris metodu ilə sosial reallıq arasındadır. Film müəllimi xilaskar obrazında deyil, yanlış metodla başlayıb, doğru metodla davam edən bir pedaqoji personaj olaraq təqdim edir.
Mark Thackeray sinfə təcrübəsizliyinin də təsirilə klassik, “müəllim mərkəzli” təlim modelini gətirir. Bu modeldə bilik müəllimdə cəmlənir, şagird isə passiv qəbul edən mövqeyində dayanır. Təhsildə bu yanaşmanı braziliyalı pedaqoq və filosof Paulo Freyre “bank modeli” adlandırırdı, yəni bilik sanki boş bir hesaba yatırılır və şagird düşünən deyil, saxlayan subyektə çevrilir. İlk dərslərdə Thackeray məhz bu modeli tətbiq edir və nəticə də özünü gözlətmir: müqavimət, laqeydlik və müəllim ilə şagirdlər arasında emosional məsafə.
Burada film çox mühüm bir məqamı vurğulayır: problem şagirdlərin bacarıqsızlığı deyil, tədrisin onların həyat təcrübəsilə bağlı olmamasıdır. Freyrenin fikrincə, insan öz reallığında bir mənası olmayan biliklə bağ qura bilməz. Thackeray-in sinfində də dərs məhz bu səbəbdən “eşidilir”, amma “qəbul edilmir”. Biz də bəzən belə sözlər eşidiririk: “çox bilikli müəllimdir, lakin uşaqlara ötürə bilmir”.
Müəllimin dönüş nöqtəsi isə emosional böhrana düşməsi yox, peşəkar düşünməyə başlamasıdır. O anlayır ki, dərsin uğursuzluğu şəxsi avtoritetlə deyil, metodik uyğunsuzluqla bağlıdır. Bu məqamda amerikalı filosof Donald Schönün “reflektiv praktik” anlayışı film daxilində konkret forma alır. Schönün yanaşmasına görə, peşəkar insan, müəllim hazır reseptlərlə hərəkət edən yox, situasiyanı analiz edib öz fəaliyyətini yenidən quran şəxsdir. Thackeray də məhz bu mərhələdə müəllim kimi yox, təlim dizayneri kimi düşünməyə başlayır və öyrətməkdən, bilik verməkdən öncə onun qəbul ediləcəyi mühiti formalaşdırmağa qərar verir.
Metod dəyişdikdən sonra dərsin məzmunu köklü şəkildə yenilənir. Akademik fənlər arxa plana keçir, onların yerini real həyat mövzuları tutur: münasibətlər, məsuliyyət, hörmət, əmək etikası. Bu yanaşma amerikalı təhsil nəzəriyyəçisi David Kolbun təcrübəyə əsaslanan öyrənmə nəzəriyyəsi ilə səsləşir. Kolba görə, insan əvvəl yaşayır, sonra düşünür, daha sonra anlayır və tətbiq edir. Filmdə dərs artıq məlumat ötürülməsi deyil, təcrübənin müzakirəyə çevrildiyi bir prosesdir. Bu hər birimizin başına gəlib. Real həyatdan örnəklər verən, bənzətmələr edən müəllimlər diqqətimizi daha çox çəkib və həmin müəllimlərin dərslərində daha həvəsli və fəal olmuşuq, hətta fənni sevməsək belə, müəllim sayəsində həmin dərs və fənnə rəğbət bəsləmişik.
Bu dəyişiklik sinif idarəetməsinə də sirayət edir. Thackeray şagirdlərlə uşaq deyil, yetkin insan kimi rəftar etməyə başlayır. Əvvəlki mərhələdə nizam-intizam qayda və cəza üzərindən qurulurdu. Lakin bu model nəticə vermirdi. Bunun səbəbi isə uşaqların onsuz da ailələrində sərt qaydalara və bu qaydalar pozulanda verilən cəzalara alışmış olmalarıdır. Yeni mərhələdə qaydalar birlikdə müəyyən edilir və məsuliyyət paylaşılır. Amerikalı psixoloq Karl Rocersin humanist pedaqogikaya dair əsas fikirlərindən biri də məhz budur: insan özünü dəyərli və dinlənilən hiss etdikdə davranışı daxildən dəyişir. Thackeray-in sinfində hörmət tələb edilmir, o, münasibət içində formalaşır. Şagirdlər fərd olaraq fikir və yanaşmalarının diqqətə alındığını və önəm kəsb etdiyini, özlərinin də şəxsiyyət olaraq qarşılıq gördüklərini sadəcə görmür, birbaşa olaraq hiss edir.
Bu mərhələdə sinifdə psixoloji təhlükəsizlik yaranır. Şagirdlər səhv etməkdən qorxmadan danışa bilirlər. Başqa bir amerikalı psixoloq Abraham Maslounun ehtiyaclar iyerarxiyası burada öz əksini tapır. Maslou bildirirdi ki, insanın təhlükəsizlik və qəbul olunma ehtiyacları ödənmədən yüksək səviyyəli öyrənməsi mümkün deyil. Filmdə də bu prinsip nəzəri izahla yox, davranış dəyişikliyi ilə göstərilir: qorxu azaldıqca iştirak artır.
Film açıq akademik kurikulumdan daha çox gizli kurikulum üzərində qurulur. Amerikalı pedaqoq Filip Ceksonun “hidden curriculum” anlayışına görə, məktəblər yalnız fənn bilikləri deyil, eyni zamanda davranış normaları, münasibət formaları və sosial rollar da ötürür. Thackeray-in dərslərində şagirdlər riyaziyyat və ya fizikanı dərindən öyrənməsələr də, məsuliyyət, empatiya və qarşılıqlı hörmət kimi bacarıqlar qazanırlar. Bu isə hazırda çox səsləndirilən “təhsilin əsas məqsədi yalnız bilikli yox, mənəvi cəhətdən formalaşmış insan yetişdirməkdir” ideyası ilə səsləşir. Bu bir növ müəllimin bilik verən deyil, həyata hazırlayan, öyrənməyə və yaşamağa hazır olan insan yetişdirmək roluna işarə edir.
Filmin sonunda şagirdlər akademik möcüzə göstərmir. Bu, xüsusilə vacibdir, çünki film reallıqdan qaçmır. Lakin onların özlərinə baxışı dəyişir. Kanada-Amerika psixoloqu Albert Banduranın özünəinam (self-efficacy) nəzəriyyəsi burada açıq şəkildə hiss olunur. Şagirdlər özlərini bacarıqlı və dəyərli hiss etdikcə gələcəklə bağlı daha real və ümidli mövqe tuturlar. Bu, təhsilin ən davamlı psixoloji nəticəsidir. Beləliklə, müəllim özünü yetişdirməyi öyrənən, düşünməyi, təhlil etməyi bacaran fərdlər yetişdirir. Bu həm də şagirdlərə həyatda mübarizə aparmağı, həyatda özlərinə uyğun yer tapmağı və xoşbəxt olmağı aşılayır. Müəllim təhsil sisteminin təmsilçisi olaraq təhsilin uğurlu tərəfini imtahanlardan yüksək akademik nəticələr göstərən şagirdlər deyil, həyatda uğur qazanmağın yolunu öyrənən insanlar yetişdirmək olaraq əks etdirir.
“To Sir, with Love” filmi isə ümumilikdə müəllimi qəhrəmanlaşdırmır və sistemi ideallaşdırmır, bir insandan asılı olan və onun xilaskar roluna möhtac olunan sistemə etiraz edir. O, sadəcə bir həqiqəti göstərir: təhsil insanla başlayır və insanla davam edir. Metod sosial reallığa uyğun gəlmədikdə, ən yaxşı niyyət belə nəticə vermir. Lakin metod dəyişdikdə, ən çətin sinif belə öyrənmə mühitinə çevrilə bilər.
Film sonda açıq bir mesaj vermir, ortaya sadə bir sual qoyur: təhsil nə vaxt başlayır və ya sadəcə təhsil nədir?
Cavabı anlamaq üçün isə filmi izləmək lazımdır.
Qasım Qurbanov

