ŞAHMAT OYUNUNDA ŞAH OLAN ŞAGİRDLƏR




Bu dəfə 2013-cü ildə ABŞ-də bioqrafik dram janrında çəkilən “Bir şahın həyatı” (“Life of a King”) filmini təhlil edəcəyik. Gerçək hadisələr əsasında lentə alınan əsər Yucin Broun adlı şəxsin hekayəsini əks etdirir. Film çox sadə süjet xətti çərçivəsində uşaq psixologiyası və pedaqogikanın əsas mübahisə doğuran aspektlərinə çox dərin və ətraflı yanaşması ilə seçilir.

ABŞ-nin Vaşinqton şəhərində yaşayan Yucin qaradərili cinayətkar qrupun lideri kimi uzun illər həbsdə yatıb və azadlığa çıxdıqdan sonra yaşadığı məhəlləyə qayıdıb. O, həbsdə olduğu müddətdə şahmat oynamağı öyrənib və oyunun əsas fəlsəfəsi ilə həyatın axarı arasında bir qanunauyğunluq görərək özünü anlamağa başlayıb. Məhəlləsinə geri dönəndən sonra öz övladları ilə münasibətlərdə problemlərlə yanaşı, eyni bölgənin digər gənclərinin də sosial və pedaqoji çətinlikləri ilə üz-üzə qalıb, bu problemləri həll etmək üçün mübarizəyə başlayıb. Açdığı “The Big Chair Chess Club” adlı şahmat klubu onun mübarizəsinin həm simvolu, həm də əsas mərkəzidir. Rejissor Ceyk Qoldberqer əsas metafora olaraq həbsxananı və məhəlləni məktəb, şahmatı həyat strategiyası kimi əks etdirib. O, eyni zamanda formal və qeyri-formal təhsili müqayisə edərək effektivlik məsələlərinə toxunmağa çalışıb. Rejissor film vasitəsilə təhsilin insan həyatında dəyişikliklər etmək gücünü və müəllimliyin texniki peşə deyil, şəxsi münasibətlərə, emosional əlaqələrə əsaslanan fəaliyyət olduğunu müdafiə edir.

Filmdə Banduranın “self-efficacy” (özünəinam), Eriksonun “Şəxsiyyətin inkişaf mərhələləri”, Tedesçi və Kalhunun “Travma sonrası inkişaf” kimi nəzəriyyələri, Qolmanın “emosional zəka”, Freyrenin “tənqidi pedaqogika”, Kolbun “təcrübəyə əsaslanan öyrənmə” kimi ideoloji terminologiyasından tez-tez istifadə olunur.

Yucin məhəlləyə qayıtdıqdan sonra yenidən ənənəvi maddi və sosial çətinliklərlə üzləşir, lakin bu dəfə cinayətkar qrupa geri dönməyi yox, şahmatı seçir. O, hadisələrin əsasının baş verdiyi məktəbdə xidmətçi kimi işə başlayır və təsadüfən cəza almış şagirdlərin iştirak etdiyi dərsi müşahidə edir. Müəllim şagirdlərlə mübahisədən sonra sinfi tərk edir və sinifdə Yucin qalmalı olur. Rejissor bununla müəllimlik fəaliyyətinin köklərinə bir sual yönəldir. Gerçək müəllim necə olmalıdır və sinfi necə ələ almaq lazımdır? Yucinin ən böyük uğuru yeniyetmə uşaqlarla emosional ünsiyyət qura bilməsi, onlarla öz “dillərində” danışması kimi ifadə edilir. Həmin uşaqlarla eyni və ya bənzər keçmişə sahib olması Brouna onları anlamaqda və hiss edərək hərəkət etməkdə yardımçı olur. Cinayətkar qrupa meyil edən uşaqlara qarşı təcrübəli bir rol modeli olaraq çıxış etməsi diqqət çəkir. Uşaqlara texniki olaraq nəsə öyrətməkdən daha çox onlara örnək olaraq özünü təqdim edir və tutarlı davranışları ilə qrupu ələ almağı bacarır. Bu həm də cazibədar yoxsa emosional müəllim müqayisəsinə rejissorun baxışını əks etdirir. Broun müəllimlik təhsili olmayan bir keçmiş cinayətkar olsa da, şagirdlərin daxili duyğularını anlayır və onlara yol göstərə bilir. Şahmatı vasitə kimi istifadə edərək onların həyata baxışlarının formalaşmasına və bu prosesdə etdikləri səhvlərə diqqət çəkə bilir. O, burada özü də bilmədən Banduranın “self-efficacy” nəzəriyyəsini təsdiqləyir. Belə ki, şagirdlərdə özlərinə və çevrələrinə qarşı formalaşmış öyrənilmiş çarəsizlik və uğursuzluq hissini “bacara bilərəm” inamına dəyişə bilir. Uşaqlar şahmat oynamağı öyrənə-öyrənə həm həyati dərslər çıxarır, həm də uğurlu ola biləcəklərinə və istədiklərini bacara biləcəklərinə inanmağa başlayırlar. Bu, uşaqların qeyri-formal təhsil vasitəsilə formal təhsildə uğur qazanmalarını necə dəstəkləyə biləcəklərinə əyani sübutdur.

Eriksonun “Şəxsiyyətin inkişaf mərhələləri” nəzəriyyəsini isə üç şagirddən ibarət olan qrup təcrübədə tətbiq edir. Şagirdlərdən biri cinayətkar qrupa meyil edir və sonda həmin qrupun məntiqi sonluğu ilə qarşılaşır. Digər şagird normal yaşamağa meyil etməsinə və şahmatı sevməsinə baxmayaraq cinayətkar qrupun növbəti qurbanı olur. 3-cü şagird isə Yucinin də dəstəyi ilə özünü tanıyıb uğurlu şəxsiyyət olmaq yoluna daxil olur. Şahmat çempionatında finalda məğlub olsa belə, inanmaq və çalışmaqla uğurlu ola biləcəyini özünə sübut edir. Finalda məğlub olması isə ona işarə edir ki, uğur sadəcə bir yarışda qalib olmaqdan ibarət deyil. Təhsilin əsas meyarı finalda qazanmaq deyil, gerçək həyata hazırlaşmaqdır. Bu ideya filmdə öz təzahürünü bu formada tapır. “Təcrübə əsaslı öyrənmə” və “travma sonrası inkişaf” tezisləri həm Yucin, həm də finalçı şagirdin obrazında təqdim edilir. Hər ikisi bir travma yaşayır və bundan sonra doğru olan uğrunda çalışmağa başlayır. Bu da onların hər ikisinin qələbəsi kimi ifadə edilir.

Filmin sonunda belə bir nəticəyə gəlmək olur ki, rejissor C. Qoldberqer və əsas qəhrəman Yucin Broun təhsilə olan yanlış yanaşmaları təcrübə əsaslı tənqidi münasibət ilə düzəltməyə çalışır. Məktəbin hər yerdə olduğunu, hər yerin məktəb rolunu oynaya biləcəyini çatdırmağa çalışır. Türkiyənin məşhur “Hababam Sınıfı” filminin (növbəti təhlillərimizdə bu filmə də müraciət edəcəyik) Mahmut hocasının dediyi kimi “Məktəb sadəcə dörd divarla əhatə edilmiş, lövhələri və masaları olan yer deyil, məktəb öyrənməyin və öyrətməyin mümkün olduğu hər yerdir”.

Yucinin “The Big Chair Chess Club”unun əsasında şagirdlərin məktəbdənkənar və məktəbdaxili dərnəklərdə fəaliyyətinin önəmi də bir daha öz əksini tapır. Beləliklə, Brounun və Qoldberqerin əsas fikri odur ki: “Həyat bir şahmatdır və bu oyunun mərkəzində şah olan bizik, odur ki, şahın qeydinə yaxşı qalmalıyıq”.

Qasım Qurbanov