MƏKTƏBLİLƏR ELMƏ TÖHFƏ VERİR

Son günlər N.Həmzəyev adına 238 saylı tam orta məktəbin şagirdləri hazırladıqları innovativ layihələrlə diqqət mərkəzindədir. Məktəbin 8-ci sinif şagirdi Süleyman Əlizadə ekologiya ilə süni intellekti sintez edən “Green Line”, 11-ci sinif şagirdi Ayxan Xəlilovun komandası ilə birlikdə enerji səmərəliliyini hədəfləyən “İnvertorlu elektrik tənzimləyicisi” layihələri maraqla qarşılanıb.
Gənc ixtiraçılar layihələrinin yaranma ideyası, məqsədləri, texniki xüsusiyyətləri və gələcək planları barədə fikirlərini “Azərbaycan məktəbi” ilə bölüşüblər.
“Green Line”-in müəllifi Süleyman Əlizadə əməkdaşımızla söhbətində layihə haqqında deyib: “Bu layihə ekologiya və müasir texnologiyanın vəhdəti üzərində qurulub. Yaşadığımız dövrdə ekoloji problemlər sürətlə artır və bəşəriyyət buna qarşı effektiv həll yolları axtarır. Fikrimcə, texnologiya sadəcə problem yaradan amil deyil, həm də təbiətin ən yaxın dostuna çevrilə bilər. Bu fəlsəfədən yola çıxaraq, bir-biri ilə inteqrasiya olunmuş üç komponent üzərində işləməyə başladım: “Eco Point”, “Green Line AI” və onların vahid veb platforması. “Eco Point” tullantıları düzgün idarə etməyə təşviq edən mükafat (keşbek) sistemidir. Qurulacaq xüsusi ağıllı zibil qutularına yaxınlaşan istifadəçilər QR kod vasitəsilə sistemə daxil olurlar. Tullantı atıldıqdan sonra sensorlar onun növünü və çəkisini avtomatik müəyyən edir. Hər 100 qram tullantıya görə istifadəçinin balansına xüsusi xallar və keşbek yüklənir. Bu xallarla mağazalarda və ictimai nəqliyyatda endirimlər əldə etmək mümkündür. İnanıram ki, bu stimullaşdırıcı yanaşma cəmiyyətdə ekoloji məsuliyyəti artıracaq.
Başqa bir istiqamət isə “Green Line AI” adlı süni intellekt platformasıdır. Hazırda bu sistem başqa AI platformaları kimi fəaliyyət göstərir; istifadəçilər həm saytın imkanlarından yararlana, həm də süni intellektlə gündəlik mövzularda ünsiyyət qura bilərlər. Layihə hazırda inkişaf mərhələsindədir və hədəfim onun funksionallığını daha da genişləndirməkdir. S.Əlizadə deyib ki, “əsas məqsədimiz insanları ətraf mühitin qorunmasına cəlb etməkdir. Bu sistemlər üzərində təxminən 5-6 aydır üzərində işləyirəm. Proses hələ də davam edir: platformanı daha da təkmilləşdirmək üçün daim yeni funksiyalar əlavə edirəm”. İş prosesindəki çətinliklərdən danışarkən o, qeyd edib ki, “ən böyük çətinlik ideyanı tam formalaşdırmaq və zəncirvari bağlantını qurmaq oldu. Çünki fərqli sistemlərin bir-biri ilə tam həmahəng və sinxron işləməsi vacib idi. Bundan əlavə, həm veb proqramı, həm saytı, həm də süni intellekt alqoritmlərini təkbaşına hazırladığım üçün kodlaşdırma mərhələsi kifayət qədər çətin və vaxt aparan oldu”.

“İnvertorlu elektrik tənzimləyicisi” layihəsinin müəllifi Ayxan Xəlilov məhsulu bazardakı mövcud analoqlardan fərqləndirən əsas üstünlükləri vurğulayıb: “Layihəmiz elektrik şəbəkələrində yaranan gərginlik problemlərinin aradan qaldırılması və enerji sabitliyinin təmin olunması məqsədilə hazırlanıb. Komandamızın ərsəyə gətirdiyi bu tənzimləyici (stabilizator) hazırda bazarda mövcud olan cihazları bir çox funksional parametrlərinə görə geridə qoyur. Layihəmizin üç əsas texniki üstünlüyü var. Birincisi, aşağı gərginlikdə yüksək nəticəyə malik olmasıdır. Bazardakı mövcud tənzimləyicilərin əksəriyyəti gərginlik 110V-dan aşağı düşdükdə fəaliyyətini dayandırır. Bizim sistem isə hətta 70V kimi aşağı gərginliyi belə tam stabil şəkildə standart 220 volta qədərlə qaldıra bilir. İkinci, mövcud cihazlar şəbəkədə fazalararası fərq 14 faizdən yuxarı olduqda yaranan disbalansı tənzimləyə bilmir. Biz isə yeni nəsil invertor texnologiyası sayəsində bu problemi tamamilə aradan qaldırmışıq. Qeyd edim ki, sistem həm dəyişən (AC), həm də sabit (DC) cərəyanla problemsiz işləyir. Məişətdə və sənayedə yüksək güclü elektrik avadanlıqları şəbəkəyə qoşularkən qəfil gərginlik sıçrayışları (pik nöqtələr) yaranır ki, bu da texnikaları sıradan çıxarır. Biz bu problemi sistemə inteqrasiya etdiyimiz “hamarlı (səlis) qoşulma və qapanma” texnologiyası ilə həll etmişik”. Layihə üzərində 11 nəfərlik komanda ilə çalışmağın faydalarından danışan A.Xəlilov deyib ki, “komanda şəklində işləmək bizə həm sürət, həm də yüksək keyfiyyət qazandırır. Hazırlıq mərhələsində qarşımıza ciddi maneə çıxmadı, sadəcə olaraq proses çox vaxt apardı. Çünki həm cihazın fiziki-texniki (hardware) hissəsi, həm də onun proqram təminatı (software) üzərində uzun və dəqiq araşdırmalar aparmalı olduq”.
A.Xəlilov qeyd edib ki, layihədə süni intellekt və böyük verilənlərin analitikası (data analytics) texnologiyalarından istifadə olunur. Daxili analitik sistem şəbəkədəki bütün dalğalanmaları qeydə alaraq xüsusi hesabatlar hazırlayır. Bu məlumatlar sayəsində gələcəkdə yarana biləcək qəza və problemləri əvvəlcədən proqnozlaşdırıb qarşısını almaq mümkündür.
Layihənin qazandığı uğurlar və maliyyə dəstəyindən danışan gənc startapçı indiyə qədər ölkə daxilində keçirilən bir çox nüfuzlu müsabiqələrdə qalib gəldiklərini bildirib. “Bir neçə həftə əvvəl keçirilən “STIF” yarışmasında birinci yeri tutduq. Ən böyük uğurlarımızdan biri isə layihənin inkişafı üçün 18 min manatlıq qrant vəsaiti əldə etməyimiz olub. Məhz bu maliyyə dəstəyi sayəsində layihəmizin tam işlək ilkin prototipini (MVP - Minimum Viable Product) hazırlaya bildik”.
N.Həmzəyev adına 238 saylı tam orta məktəbin uğurlara imza atmış şagirdlərinin hər biri əməkdaşımızla söhbətində dəstəyə görə oxuduqları təhsil müəssisəsinin müəllimlərinə, xüsusilə məktəbin direktoru Xuraman xanım Osmanovaya dərin təşəkkürlərini bildiriblər. Onların fikrincə, təşəbbüslərinin məktəb rəhbərliyi tərəfindən dəstəklənməsi uğura açılan əsas qapı olub. Layihənin bütün mərhələlərində də məktəb onları həvəsləndirib və dəstəkləyib.

