SOSİAL MEDİA ÜÇÜN YENİ QAYDALAR




Son illərdə texnologiyanın inkişafı həyatımızın hər sahəsini, xüsusilə də uşaqların gündəlik vərdişlərini tamamilə dəyişdirib. Bu gün azyaşlıların və yeniyetmələrin əlində smartfon görmək adi hala çevrilib. Lakin bu vəziyyət təkcə müsbət tərəfləri ilə deyil, həm də gətirdiyi risklərlə cəmiyyəti düşünməyə vadar edir.

Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaqların rəqəmsal dünyada təhlükəsizliyini təmin etmək üçün sərt addımlar atılır.

İnternetə çıxışın asanlaşması və smartfonların hamı üçün əlçatan olması uşaqları sosial şəbəkələrin ən aktiv istifadəçilərinə çevirib. TikTok, Instagram, YouTube və müxtəlif onlayn oyun platformaları uşaqların asudə vaxtının demək olar ki, hamısını zəbt edir. İlk baxışda bu, uşaqların sadəcə əylənməsi və dünya ilə ünsiyyət qurması üçün vasitə kimi görünsə də, mütəxəssislər sosial medianın həddindən artıq və nəzarətsiz istifadəsinin uşaqların həm fiziki, həm də psixoloji sağlamlığına zərbə vurduğunu söyləyir.

Məsələn, uzun müddət ekrana baxmaq uşaqlarda diqqət dağınıqlığına, yuxu rejiminin tamamilə pozulmasına və xroniki yorğunluğa səbəb olur. Bundan əlavə, virtual aləmdə yaşanan rəqabət, bəyənmə toplamaq yarışı və real həyatdan uzaqlaşmaq yeniyetmələr arasında psixoloji gərginliyi, stress və depressiyanı artırır. Ən qorxulu məqamlardan biri isə kiberzorakılıq, yəni onlayn bulinq hallarıdır. Uşaqlar internetdə başqa şəxslərin təhqir və təhdidlərinə məruz qala bilərlər. Onların yaşlarına uyğun olmayan zorakılıq, aqressiya və ya zərərli vərdişləri təbliğ edən videolarla qarşılaşması riski böyükdür.

Beynəlxalq səviyyədə aparılan elmi tədqiqatların nəticələri də vəziyyətin ciddiliyini təsdiqləyir. Araşdırmalar sübut edir ki, sosial şəbəkələrdə keçirilən vaxt artdıqca uşaqların dərslərə ayırdığı zaman və diqqət azalır. Bu isə birbaşa akademik göstəricilərin, yəni məktəb qiymətlərinin və ümumi uğurların aşağı düşməsinə, eləcə də uşaqların real həyatda yaşıdları və ailələri ilə sağlam ünsiyyət qura bilməməsinə gətirib çıxarır.

Son vaxtlar Azərbaycanda bu problemlə bağlı qanunvericiliyə dəyişikliklər müzakirə olunur. Hazırda müzakirə olunan əsas təkliflər arasında sosial media platformalarında qeydiyyat üçün minimum yaş həddinin müəyyən edilməsi, valideyn nəzarətinin rəsmi mexanizmlərlə gücləndirilməsi və böyük internet şirkətlərinin məsuliyyətinin artırılması kimi məsələlər yer alır.

Milli Məclisin üzvləri və təhsil ekspertləri bu problemi həll etmək üçün konkret təkliflər üzərində işləyirlər. Müzakirələrin mərkəzində duran ən əsas yenilik uşaqların sosial şəbəkələrdə sərbəst şəkildə hesab açmasının məhdudlaşdırılmasıdır. İctimai müzakirələrdə əsas variant kimi 16 yaş həddi nəzərdən keçirilir. Bu o deməkdir ki, 16 yaşından kiçik olan şəxslər sosial media platformalarında təkbaşına və sərbəst şəkildə profil yarada bilməyəcəklər. Bəzi xüsusi hallarda isə bunun üçün mütləq şəkildə valideynlərin rəsmi razılığı və ya icazəsi tələb olunacaq.

Müzakirə olunan və yaxın gələcəkdə tətbiq edilməsi gözlənilən başqa mühüm dəyişikliklər bunlardır:

  • İstifadəçi yaşının dəqiq yoxlanılması mexanizmi. İndiyə qədər uşaqlar doğum tarixlərini saxtalaşdıraraq asanlıqla profil aça bilirdilər. Yeni qaydalara əsasən platformalar istifadəçinin yaşını real və texniki üsullarla yoxlamaq məcburiyyətində qalacaqlar.
  • Məcburi valideyn nəzarəti alətləri. Sosial şəbəkə tətbiqləri valideynlər üçün uşaqlarının onlayn fəaliyyətini izləyə bilən, vaxt limiti qoyan funksiyaları təqdim etməli olacaqlar.
  • Uşaqlara yönəlmiş reklamların qadağan edilməsi. Uşaqların psixologiyasına təsir edən, onları müəyyən məhsulları almağa və ya istehlak etməyə sövq edən kommersiya xarakterli reklamlar məhdudlaşdırılacaq.
  • Zərərli məzmunların sürətli bloklanması. Sosial media şirkətləri uşaqlar üçün təhlükəli olan, zorakılıq və ya qeyri-etik elementlərə malik videoları, paylaşımları dərhal və sistemli şəkildə silməli olacaqlar.
  • Kibertəzyiqə qarşı qanuni müdafiə. İnternetdə uşaqları incidən, onlara qarşı psixoloji zorakılıq edən şəxslərin cəzalandırılması üçün əlavə hüquqi tədbirlər görüləcək.

Bu məsələlərlə bağlı hələlik yekun qanun rəsmən təsdiqlənməsə də, mövzu parlament komitələrində və ictimaiyyət arasında müzakirə edilir.

Xatırladaq ki, ölkədə 2018-ci ildə qəbul edilən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” xüsusi qanun mövcuddur. Bu qanunun məqsədi uşaqların yaş kateqoriyalarına uyğun olmayan məlumatlardan müdafiəsidir. Qanuna əsasən televiziyada, film, kitab və ümumi internet resurslarında yayımlanan materiallar xüsusi yaş nişanları ilə (məsələn: +6, +12, +16) işarələnməlidir.

Lakin bu qanun sosial şəbəkələrdə kimin necə hesab açması, istifadəçilərin yaşının real olaraq necə yoxlanılması və ya xarici texnologiya nəhənglərinin (Meta, TikTok və s.) dövlət qarşısında hansı öhdəlikləri daşıdığı kimi məsələləri tənzimləmir. Məhz bu səbəbdən, hazırlanmaqda olan yeni hüquqi dəyişikliklərin bu boşluqları aradan qaldıracağı gözlənilir.

Mütəxəxssislər bildirir ki, Azərbaycanda aparılan müzakirələr və təklif olunan model beynəlxalq təcrübəyə əsaslanır. Son iki il ərzində dünyanın bir çox ölkəri uşaqların sosial media asılılığına qarşı radikal və sərt addımlar atmağa başlayıb. Dünyadakı bu kəskin və qətiyyətli addımlar Azərbaycanda da qanunvericiliyin yenilənməsi prosesini sürətləndirib.

Bu məsələdə cəmiyyət və ekspertləri iki fərqli cəbhəyə bölünüb. Hər iki tərəfin özünəməxsus və kifayət qədər ciddi arqumentləri var.

Bu dəyişiklikləri müsbət qiymətləndirən ekspertlər və valideynlər hesab edirlər ki, uşaqların gələcəyi və psixoloji sağlamlığı hər şeydən vacibdir. Onların arqumentinə görə, sosial media platformalarının arxasında duran süni intellekt alqoritmləri uşaqları saatlarla ekran qarşısında saxlamaq və asılılıq yaratmaq məqsədi üzərində qurub. Uşaqların iradəsi bu alqoritmlərə qarşı mübarizə aparmaq üçün güclü deyil, ona görə də dövlətin müdaxiləsi və qoruyucu qanunlar vacibdir. Tərəfdarlar inanırlar ki, yaş məhdudiyyəti rəqəmsal asılılığı azaldacaq, onlayn zorakılığın qarşısını almağa kömək edəcək.

Bəzi ekspertlər isə hesab edirlər ki, sadəcə qadağa qoymaqla problemi kökündən həll etmək mümkün deyil. Onların fikrincə, müasir uşaqlar texnologiyanı çox yaxşı bilirlər və müxtəlif texniki fəndlərlə, saxta profillərlə və ya VPN proqramları ilə bu qadağaları asanlıqla aşa bilərlər. Bundan əlavə, sosial media təkcə təhlükə mənbəyi deyil; orada uşaqlar üçün faydalı təhsil materialları, xarici dil öyrənmək üçün resurslar və yaradıcılıq imkanları da var. Tənqidçilər təklif edirlər ki, qadağalar yerinə məktəblərdə xüsusi "media savadlılığı" dərsləri keçirilməli, uşaqlara internetdən düzgün və faydalı istifadə qaydaları öyrədilməli və valideynlər maarifləndirilməlidir.

Azərbaycanda uşaqların sosial mediadan istifadəsinə dair qanun layihəsi hələ rəsmən qüvvəyə minməsə də, dövlət qurumlarının bu məsələdəki mövqeyi göstərir ki, yaxın illərdə cəmiyyəti yeni rəqəmsal qaydalar gözləyir.