AİLƏVİ RƏQƏMSAL QAYDALAR




Son illər sosial media platformaları uşaqlar və yeniyetmələr üçün gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə Instagram, TikTok və YouTube kimi platformalar uşaqların vaxtının böyük hissəsini alır. Maraqlıdır ki, bu platformaların yaradılmasında və idarə edilməsində əsas söz sahibi olan şəxslər belə öz övladlarının sosial mediadan istifadəsinə ciddi məhdudiyyətlər qoyduqlarını açıq şəkildə etiraf edirlər. Instagram-ın CEO-su Adam Mosseri bunun ən bariz nümunələrindən biridir.

Bu günlərdə Adam Mosseri “Hindustan Times” saytına verdiyi müsahibədə bildirib ki, onun övladları sosial media və elektron qurğulardan istədikləri vaxt və istədikləri qədər istifadə edə bilməzlər. Əksinə, ekran vaxtı “qazanılan” bir resursdur. Uşaqlar yalnız ev tapşırıqlarını yerinə yetirdikdən, fiziki aktivlik göstərdikdən və ailədaxili qaydalara əməl etdikdən sonra müəyyən qədər, maksimum 90 dəqiqəlik ekran vaxtı əldə edə bilirlər. Mosserinin sözlərinə görə, o, əvvəlcə sərt qadağalar qoyanda uşaqlarda aqressiya və narahatlıq artıb, lakin sonradan tətbiq olunan strukturlaşdırılmış və izah olunmuş məhdudiyyətlər daha sağlam nəticə verib.

Bu yanaşma təkcə bir valideynin şəxsi seçimi deyil. Son illərdə aparılan elmi tədqiqatlar da göstərir ki, uşaqların sosial mediadan istifadəsinin nəzarətsiz qalması ciddi psixoloji, sosial və akademik problemlərə yol aça bilər.

Psixoloqların fikrincə, uşaqlar və yeniyetmələr böyüklərlə müqayisədə daha həssas sinir sisteminə malikdirlər. Sosial mediada davamlı olaraq ideal həyat tərzləri, saysız-hesabsız oyuncaqlar, “mükəmməl bədənlər”, filtrli üzlər və saxta uğur hekayələri ilə qarşılaşmaq onlarda özünə qarşı inamsızlıq, depressiya və narahatlıq hisslərini gücləndirir.

Araşdırmalar göstərir ki, gündə 2-3 saatdan artıq sosial mediadan istifadə edən yeniyetmələrdə:

  • depressiya əlamətləri daha tez-tez müşahidə olunur,
  • yuxu pozuntuları artır,
  • özünü qiymətləndirmə səviyyəsi aşağı düşür,
  • sosial müqayisə asılılığı formalaşır.

Xüsusilə 10-15 yaş arası uşaqlar üçün “like” və baxış sayı psixoloji təsdiq mexanizminə çevrilir. Bu isə real həyatda uğursuzluqlara qarşı dözümsüzlük yaradır.

Son dövrlərdə psixiatriya və neyroelm sahəsində “brain rot” (beyin çürüməsi) termini daha tez-tez işlədilir. Ötən il Oksfordun “ilin sözü” seçdiyi bu anlayış uzunmüddətli, sürətli və səthi kontent istehlakının diqqət, yaddaş və dərin düşünmə bacarıqlarını zəiflətməsini ifadə edir.

Uşaqların beyni hələ inkişaf mərhələsində olduğu üçün davamlı olaraq qısa videolar, sürətli vizual stimullar və sonsuz skroll mexanizmi ilə yüklənməsi onların psixikasına ciddi zərər yetirir. Bu, uşaqlarda

  • diqqət müddətini qısaldır,
  • oxu və mətn anlama bacarıqlarını zəiflədir,
  • səbirlə düşünmə və problem həlletmə qabiliyyətini azaldır.

Mütəxəssislər bildirirlər ki, sosial mediaya erkən yaşda və nəzarətsiz çıxış gələcəkdə akademik nəticələrə birbaşa mənfi təsir göstərir.

Bir çox ölkələr artıq bu təhlükəni nəzərə alaraq konkret addımlar atmağa başlayıb. ABŞ-nin bəzi ştatlarında və Avropa ölkələrində məktəblərdə mobil telefonların istifadəsi məhdudlaşdırılıb. Bir sıra ölkələr bu barədə qanun layihələri qəbul ediblər:

  • 2024-cü ilin noyabrında Avstraliya parlamenti dünyada ilk dəfə 16 yaşadək şəxslərin sosial media platformalarına çıxışını qadağan edən qanunu təsdiqləyib.
  • Bu qanuna görə Facebook, Instagram, TikTok, Snapchat, Reddit və YouTube kimi platformalar 16 yaşdan aşağı istifadəçilərə xidmət göstərməməlidir. Əks halda cərimələr tətbiq olunacaq.
  • Fransa hökuməti 2026-cı ilin payızından etibarən 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan etməyi planlaşdırır.
  • Cənubi Koreya parlamenti bu ilin martından başlayaraq məktəblərdə mobil telefon və smart cihazların istifadəsini tamamilə qadağan edən qanunu təsdiqləyib.

Məqsəd təkcə diqqətin dərsə yönəldilməsi deyil, həm də uşaqların sosial bacarıqlarını real ünsiyyətə əsaslanaraq inkişaf etdirməkdir.

Fransa, Niderland və Finlandiya kimi ölkələrdə aparılan müşahidələr göstərib ki, telefon qadağasından sonra:

  • dərsdə diqqət səviyyəsi yüksəlib,
  • şagirdlər arasında ünsiyyət artıb,
  • davranış problemləri azalıb.

Bu faktlar təsdiqləyir ki, məhdudiyyət texnologiyaya qarşı mübarizə deyil, onun düzgün idarə olunmasıdır.

Adam Mosserinin yanaşması da məhz bu nöqtədə önə çıxır. O, sosial medianı tamamilə düşmən obrazında təqdim etməyin əleyhinədir. Onun fikrincə, əsas məsələ uşaqlara düzgün istifadə mədəniyyəti aşılamaqdır. Bu isə:

  • vaxt limiti,
  • yaşa uyğun kontent,
  • valideyn nəzarəti,
  • alternativ fəaliyyətlərin təşviqi ilə mümkündür.

Mütəxəssislər tövsiyə edirlər ki, valideynlər sosial medianı “cəza” və ya “mükafat” alətinə çevirməməli, onu gündəlik həyatın nəzarət olunan bir hissəsi kimi təqdim etməlidirlər.

Araşdırmalar uşaqların valideynlərin davranışlarını birbaşa təqlid etdiyini təsdiqləyib. Əgər valideyn özü telefon və sosial mediadan fasiləsiz istifadə edirsə, uşağa qoyulan məhdudiyyət inandırıcı olmur. Bu səbəbdən mütəxəssislər “ailəvi rəqəmsal qaydalar” anlayışını önə çəkirlər:

  • ailə yeməklərində telefonlardan istifadə edilməməsi,
  • yatmazdan əvvəl ekran vaxtının məhdudlaşdırılması,
  • ailəvi oxu və açıq hava fəaliyyətlərinin təşviqi.

Instagram-ın CEO-su Adam Mosserinin şəxsi ailə təcrübəsi əslində qlobal bir problemin mahiyyətini açır: sosial media uşaqlar üçün nə tam qadağan edilməli təhlükədir, nə də nəzarətsiz buraxılmalı bir əyləncə. Doğru balans tapılmadıqda, bu platformalar uşaqların psixoloji sağlamlığına, beyin inkişafına və sosial bacarıqlarına ciddi zərər vura bilər.

Mütəxəssislər bildirir ki, məhdudiyyət azadlığın düşməni deyil, sağlam inkişafın şərti olmalıdır. Uşaqlara sosial medianı necə istifadə etməyi öyrətmək, əslində onlara gələcəkdə texnologiya ilə sağlam münasibət qurmağı öyrətmək deməkdir. Bu isə təkcə valideynlərin deyil, məktəblərin, platformaların və cəmiyyətin birgə məsuliyyətidir.

Zemfira Məmmədqızı