Analar üçün ən çətin dövr hansıdır?

Övladının böyüməsi ilə valideynin qayğıları azalırmı?
Uşaq dünyaya gələndə ailənin həyatı dəyişir. Yuxusuz gecələr, qidalanma, xəstəliklər, gündəlik qayğılar... İlk illərdə valideynlərin, xüsusilə anaların fiziki və emosional yükü böyük olur. Çoxları düşünür ki, uşaq böyüdükcə bu çətinliklər azalacaq. Amma övladın böyüməsi həmişə valideynin həyatının asanlaşması demək deyil. Bəzən fiziki yorğunluğu daha mürəkkəb emosional narahatlıqlar əvəz edir. Dünənə qədər hər problemini anası ilə bölüşən uşaq birdən-birə qapısını bağlamağa, suallara qısa cavab verməyə, valideynin fikirlərinə etiraz etməyə başlayır.
Bəs analar övladlarının hansı yaş dövründə özlərini daha xoşbəxt, hansı dövründə daha narahat hiss edirlər?
Arizona Dövlət Universitetinin tədqiqatçıları övladlarının yaşından asılı olaraq 2247 ananın psixoloji vəziyyətinin necə dəyişdiyini araşdırıblar. Nəticələr Developmental Psychology jurnalında dərc olunub. Onların arasında körpə, məktəbəqədər, ibtidai sinif, orta və yuxarı sinif yaşlarında, eləcə də artıq yetkinlik yaşına çatmış övladları olan qadınlar olub.
Tədqiqatçılar yalnız anaların nə qədər yorulduğunu öyrənməklə kifayətlənməyiblər. Onların stress, tənhalıq, həyatdan məmnunluq, valideynlikdən aldıqları zövq, günahkarlıq hissi və övladları ilə münasibətləri də qiymətləndirilib.
Nəticə gözlənilməz olub: ən əlverişsiz psixoloji göstəricilər orta məktəb yaşında, xüsusilə yeniyetməliyin başlanğıc mərhələsində olan uşaqların analarında müşahidə edilib.
Körpə və artıq yetkin övladları olan anaların göstəriciləri isə ümumilikdə daha yaxşı olub.
Niyə məhz yeniyetməlik?
Tədqiqatçıların fikrincə, bunun bir neçə mümkün izahı var.
Təxminən 11–14 yaşlarında uşaqların həyatında ciddi dəyişikliklər başlayır. Onlar fiziki cəhətdən böyüyür, düşüncə və davranışları dəyişir, müstəqil qərar verməyə can atırlar. Dostlarının fikirləri daha böyük əhəmiyyət qazanır. Valideynin indiyədək mübahisəsiz qəbul edilən qaydaları isə artıq sual altına alınır.
Bunlar çox vaxt uşağın böyüməsinin təbii əlamətləridir. Lakin valideyn üçün bu dəyişiklikləri qəbul etmək asan olmur.
Ana bir tərəfdən övladının müstəqil olmasını istəyir, başqa tərəfdən onu təhlükələrdən qorumağa çalışır. Uşağa daha çox sərbəstlik vermək lazımdır, amma nə qədər? Onun qərarlarına hörmət etmək vacibdir, bəs səhv qərar verəndə necə davranmalı? Belə sualların hər zaman birbaşa cavabı olmur.
Tədqiqatda da yeniyetmələrin analarına qarşı mənfi davranışları və uyğunlaşma çətinlikləri anaların narahatlığı ilə əlaqəli olub. Ancaq alimlər müəyyən ediblər ki, bu amillər anaların emosional vəziyyətindəki fərqləri yalnız qismən izah edir.
Deməli, məsələ təkcə uşağın söz dinləməməsi və ya valideynlə mübahisə etməsi deyil. Övladın yeniyetməlik dövründə valideynin öz rolu da dəyişir və bu dəyişiklik bəzən ciddi psixoloji uyğunlaşma tələb edir.
Tədqiqatda qeyd olunur ki, yeniyetməlik dövrünün çətinlikləri yalnız ailə daxilində yaranmır. Məktəb mühiti də bu prosesdə mühüm rol oynayır.
Bu yaşlarda uşaqlar üçün sinif yoldaşlarının münasibəti xüsusi əhəmiyyət daşıyır. Dostluq problemləri, qrupa qəbul edilməmək qorxusu, yaşıdların təzyiqi və məktəbdəki uğursuzluqları onların emosional vəziyyətinə təsir göstərə bilər.
Bəzən valideyn uşağın məktəbdə yaşadığı çətinlikləri yalnız onun davranışındakı dəyişikliklərdən hiss edir. Evdə gərgin olmaq, dərs oxumaqdan yayınmaq və ya ünsiyyətdən qaçmaq məktəbdə baş verən hadisələrlə əlaqəli ola bilər.
Araşdırma müəllifləri ehtimal edirlər ki, yeniyetmələrin məktəbə uyğunlaşma zamanı yaşadıqları stress analara da ötürülə bilər.
Bu baxımdan, məktəbin valideynlə əməkdaşlığı yalnız uşağın qiymətlərini və intizamını müzakirə etməklə məhdudlaşmamalıdır. Yeniyetmənin emosional ehtiyaclarını anlamaq, ailəyə vaxtında məlumat vermək və valideynin narahatlığını dinləmək də vacibdir.
Araşdırmanın ən maraqlı nəticələrindən biri körpə anaları ilə bağlıdır.
İlk baxışda məhz onların daha çox çətinlik yaşaması gözlənilsə də, körpə analarının həyatdan məmnunluq səviyyəsi başqa qruplardan daha yüksək olub.
Valideynlər arasında geniş yayılmış fikirlərdən biri də budur ki, yeniyetmə qızlarla münasibət oğlanlarla müqayisədə daha mürəkkəb olur.
Lakin araşdırma bu təsəvvürü ümumi qayda kimi təsdiqləməyib. Tədqiqatçılar uşağın cinsindən asılı olaraq anaların psixoloji vəziyyətində əhəmiyyətli fərqlərin az olduğunu müəyyən ediblər. Bu nəticə valideynlər üçün mühüm mesaj daşıyır: yeniyetməlik çətinliklərini yalnız uşağın cinsi ilə izah etmək doğru deyil. Uşağın fərdi xüsusiyyətləri, ailə münasibətləri, məktəb mühiti və yaşadığı təcrübələr də nəzərə alınmalıdır.

Araşdırmaya görə, artıq yetkin övladları olan analar bir çox psixoloji göstərici üzrə daha əlverişli vəziyyətdədirlər.
Bu nəticə müəyyən mənada anlaşılandır. Övlad böyüdükcə onun gündəlik həyatına görə birbaşa məsuliyyət azalır. Valideyn artıq hər dərsə, hər məktəb probleminə və hər gündəlik qərara nəzarət etməli olmur. Ana ilə övlad arasındakı münasibət də yeni mərhələyə keçir. Əvvəllər daha çox qayğı göstərən və qərar verən tərəf olan valideyn indi yetkin övladı ilə daha bərabərtərəfli münasibət qura bilər.
Lakin övladın yetkinləşməsi bütün narahatlıqların sona çatması demək deyil. Təhsil, iş, maddi müstəqillik və şəxsi həyatla bağlı qayğılar davam edə bilər. Sadəcə, valideynin məsuliyyətinin xarakteri dəyişir.
Araşdırmanın ən mühüm tərəfi anaların psixoloji vəziyyətini ayrıca tədqiqat mövzusuna çevirməsidir.
Uşaqların inkişafı haqqında danışarkən, adətən, onların emosional ehtiyaclarına, məktəb uğurlarına və davranışlarına diqqət yetiririk. Valideyn isə çox vaxt bütün bu problemləri həll etməli olan şəxs kimi qəbul edilir.
Halbuki valideynin də yorulmaq, narahat olmaq, özünü çarəsiz hiss etmək ehtimalı var.
Tədqiqatçılar qeyd edir ki, yeniyetməlik dövründə ailəyə dəstək yalnız uşağın davranışını dəyişdirməyə yönəlməməlidir. Valideynə də uşağın yaş xüsusiyyətlərini anlamaqda, onunla ünsiyyət qurmaqda və öz emosiyalarını idarə etməkdə kömək göstərilməlidir.
Məktəb psixoloqlarının işi burada xüsusi əhəmiyyət qazanır. Valideynlərlə görüşlər yalnız intizam pozuntusu və ya zəif qiymətlərlə bağlı təşkil edilməməlidir. Yeniyetməliyin başlanğıcında ailələri gözləyən dəyişikliklər barədə qabaqlayıcı söhbətlər də faydalı ola bilər.
Eyni zamanda, anaların bütün məsuliyyəti təkbaşına daşımalı olduğu düşüncəsindən uzaqlaşmaq lazımdır. Ataların, digər ailə üzvlərinin və məktəbin dəstəyi anaların üzərinə düşən yükün bölüşdürülməsində mühüm rol oynaya bilər.

