UŞAĞIN ÖZ DÜŞÜNCƏSİNİ QORUYA BİLMƏSİ VACİBDİR

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2025-ci ildə keçirdiyi PISA (Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramı) araşdırmasında 91 ölkədən 760 minə yaxın 15 yaşlı şagird iştirak edib. Azərbaycan PISA 2025 tədqiqatında hər üç əsas istiqamət (riyaziyyat, oxu və təbiət elmləri) üzrə əvvəlki dövrlə müqayisədə əhəmiyyətli irəliləyiş və yüksəliş göstərib.
Bununla belə, OECD-nin açıqladığı nəticələrə görə, iştirakçı ölkələrdə riyaziyyat və oxu üzrə orta göstəricilər PISA tarixinin ən aşağı səviyyəsinə düşüb. Ən böyük narahatlıq isə oxu ilə bağlıdır.
PISA 2025-in nəticələri göstərir ki, məktəblərdə texnologiyanın artması hələ yaxşı təhsil demək deyil. Əksinə, uşaqların oxumaq, düşünmək və məlumatı qiymətləndirmək bacarıqları zəifləyir.
2015-2025-ci illər arasında OECD ölkələrində şagirdlərin oxu nəticəsi 28 bal aşağı düşüb. Riyaziyyatda azalma 22 baldır. OECD bunu oxuda təxminən bir il yarımlıq, riyaziyyatda isə bir ildən bir qədər artıq öyrənməyə bərabər geriləmə kimi qiymətləndirir.
Burada söhbət sadəcə kitab oxumaqdan getmir.
Müasir dünyada oxumaq yalnız bir mətndəki sözləri başa düşmək demək deyil. İnsan müxtəlif qaynaqlardan gələn məlumatları müqayisə etməli, faktla fikri ayırmalı, verilən məlumatın etibarlı olub-olmadığı haqqında düşünməlidir.
Məhz bu bacarıqların zəifləməsi PISA 2025-də xüsusilə diqqət çəkir. Şagirdlər məlumatı qiymətləndirməkdə, müxtəlif mənbələr arasında əlaqə yaratmaqda və oxuduqları barədə tənqidi düşünməkdə əvvəlkindən daha çox çətinlik çəkirlər. Mətni tez oxuyub səhv cavab verən “tələsik oxucuların” payı isə 2018-2025-ci illərdə təxminən iki dəfə artaraq 9 faizə çatıb.
Bu, telefon və sosial şəbəkələrin uşaqları avtomatik olaraq “korlaması” demək deyil. PISA belə bir səbəb-nəticə əlaqəsini sübut etmir. Amma nəticələr rəqəmsallaşma, ekran qarşısında daha çox vaxt keçirmək və kitab oxumağa marağın azalması ilə təhsildəki geriləmənin bir-biri ilə üst-üstə düşdüyünü göstərir.
İndi bu məsələyə daha bir amil əlavə olunub: süni intellekt (AI)
Şagird bir neçə saniyəyə esse yaza, mürəkkəb mövzunu sadə dildə izah etdirə, məsələni həll etdirə və uzun mətni qısaltdıra bilir. Müəllim də dərs hazırlayarkən və şagirdə fərdi rəy bildirərkən AI-dan istifadə edə bilər.
Problem texnologiyanın özündə deyil. Problem ondan necə istifadə edilməsindədir.
PISA 2025-in məlumatları göstərir ki, məktəb tapşırıqları üçün AI-dan istifadə edən şagirdlərin nəticələri AI-dan istifadə etməyənlərdən orta hesabla daha aşağıdır. Məsələn, mətn hazırlamaq, araşdırma aparmaq və xülasə etmək kimi konkret məktəb işlərində AI-dan istifadə edənlərlə istifadə etməyənlər arasında elm üzrə təxminən 20 ballıq fərq qeydə alınıb. Lakin OECD xüsusilə vurğulayır ki, bu, AI-nın nəticələri aşağı saldığını sübut etmir. Ola bilər ki, zəif nəticə göstərən şagirdlər AI-dan daha çox istifadə edirlər.
Deməli, sadəcə “AI istifadə edən uşaq pis oxuyur” kimi bir nəticəyə gəlmək düzgün olmaz.
Əksinə, başqa bir sual vermək lazımdır: uşaq AI-dan istifadə edərkən özü nə edir?
O, sualı verir və hazır cavabı olduğu kimi köçürürsə, burada öyrənmə prosesi çox zəifləyir. AI-dan gələn cavabı oxuyur, səhvlərini axtarır, müxtəlif qaynaqlarla müqayisə edir və öz fikrini formalaşdırırsa, vəziyyət tamam başqadır.
OECD-nin nəticələri də məhz bunu göstərir. AI-dan istifadə etməklə yanaşı, məktəbdə şagirdə süni intellektin yaratdığı məlumatın keyfiyyətini qiymətləndirməyi öyrədənlər daha yaxşı nəticələr göstərməyə meyillidir.

OECD-nin Təhsil və Bacarıqlar üzrə direktoru və PISA proqramının rəhbəri Andreas Şleyxerin “The Economist”-də dərc olunan məqaləsinin başlığı olduqca düşündürücüdür: “Məktəbliləri sınaq obyektinə çevirməyə son qoyun”. Şleyxerin fikrincə, süni intellekt təhsilə böyük imkanlar gətirə bilər. Amma yeni texnologiyaları uşaqlar üzərində “görək nə baş verir” prinsipi ilə tətbiq etmək olmaz.
Çünki bir texnologiyanın müasir və bahalı olması avtomatik olaraq onun faydalı olması demək deyil.
Məktəbə planşet gətirmək təhsili yaxşılaşdırmır. Hər uşağa kompüter vermək də öz-özlüyündə nəticələri yüksəltmir. Eyni şey AI üçün də keçərlidir. Əsas məsələ texnologiyanın dərsdə nə üçün istifadə edilməsidir.
PISA 2025 bunu da təsdiqləyir. Rəqəmsal cihazlardan müəyyən həddə qədər öyrənmək üçün istifadə daha yaxşı nəticələrlə əlaqəlidir. Lakin həddindən artıq istifadə zamanı nəticələr pisləşməyə başlayır. Şagirdlərin dörddə birindən çoxu bildirir ki, demək olar, hər dərsdə və ya dərslərin əksəriyyətində rəqəmsal cihazlara görə diqqətləri dağılır. Yəni texnologiya həm kömək edə, həm də diqqəti yayındıra bilər.
PISA 2025-in ən mühüm mesajlarından biri bəlkə də budur: uşağa məlumat vermək hələ onu öyrətmək demək deyil. Süni intellekt cavabı çox tez verir. Amma insanın öyrənməsi üçün bəzən məhz yavaş irəliləyən proses lazımdır: oxumaq, səhv etmək, yenidən düşünmək, müqayisə aparmaq, sual vermək, cavab tapmaq.
Şleyxerin başqa bir izahı da bu fikri yaxşı ifadə edir: idman haqqında videolara baxmaq insanı fiziki cəhətdən gücləndirmədiyi kimi, hazır cavabları oxumaq da avtomatik olaraq düşünmə qabiliyyətini inkişaf etdirmir. Öyrənmək üçün insanın özü zehni iş görməlidir.
Bu, məktəbin qarşısında yeni vəzifə qoyur.
Uşaqlara sadəcə AI-dan istifadəni öyrətmək yetmir. Onlara AI-nın cavabına şübhə etməyi, məlumatı yoxlamağı, mənbələri müqayisə etməyi və öz nəticəsinə gəlməyi də öyrətmək lazımdır.
Çünki gələcəyin savadlı insanı bütün cavabları əzbər bilən deyil. Hansı cavabın doğru, hansının səhv və hansının şübhəli olduğunu müəyyənləşdirə bilən insan olacaq.
PISA nəticələri yalnız problemləri göstərmir. OECD-nin fikrincə, geriləmənin qarşısını almaq mümkündür. Bunun üçün məktəblərdə hər şeyi bir az öyrətməkdənsə, əsas bilik və bacarıqları daha dərindən mənimsətmək, müəllimlərə daha çox dəstək vermək və ehtiyacı olanlara yardım göstərmək lazımdır. Burada oxu xüsusi əhəmiyyət daşıyır. Çünki yaxşı oxuya bilməyən uşaq yalnız ədəbiyyatda deyil, riyaziyyatda, tarixdə, biologiyada və hətta AI-dan istifadə zamanı da çətinlik çəkə bilər.
Ona görə də məktəbin qarşısında duran əsas sual “AI-dan istifadə edək, ya etməyək?” olmamalıdır. Doğru sual “AI uşağın düşünməsinə kömək edir, yoxsa onun əvəzinə düşünür” olmalıdır. Birinci halda texnologiya məktəbin güclü köməkçisinə çevrilə bilər, ikinci halda isə uşağın ən vacib bacarığını - özünün düşünmək və öyrənmək qabiliyyətini tədricən zəiflədə bilər.
PISA 2025-in xəbərdarlığı da məhz buradadır: uşaqların qarşısına texnologiyanı qoymaq asandır. Əsas məsələ uşağın texnologiya qarşısında öz düşüncəsini qoruya bilməsidir.

