Yaxşı ye, yaxşı oxu




Adətən, məktəblinin dərslərində uğur qazanması üçün yaxşı müəllim, keyfiyyətli dərslik, ailə dəstəyi, əlverişli təhsil mühitinin vacibliyini vurğulayırıq. Bu siyahıya çox vaxt diqqətdən kənarda qalan başqa bir amili də əlavə etmək lazımdır: düzgün qidalanma. Çünki uşağın öyrənmək, diqqətini toplamaq, yeni məlumatları yadda saxlamaq və problemləri həll etmək bacarığı onun fiziki sağlamlığından asılıdır.

Son illərdə aparılan elmi araşdırmalar qidalanma ilə akademik göstəricilər arasında birbaşa əlaqənin olduğunu təsdiqləyir. Bununla belə, alimlər vacib bir məqama diqqət çəkirlər: yaxşı qidalanma uşağın mütləq yüksək qiymətlər alacağı demək deyil. Lakin qida maddələrinin çatışmazlığı onun öyrənmək imkanlarını məhdudlaşdıra bilər.

London Kral Kollecinin alimləri məktəblilərin qidalanması ilə intellektual göstəriciləri arasında əlaqəni araşdırıblar. Maykl Nelson və həmkarlarının apardığı, nəticələri British Journal of Nutrition jurnalında dərc edilən tədqiqata 7-12 yaşlı 227 uşaq cəlb olunub.

İştirakçıların yeddi gün ərzində qəbul etdikləri bütün qida və içkiləri qeydə alınıb. Daha sonra onların verbal və qeyri-verbal intellekt göstəriciləri ölçülüb. Uşaqlar yaş, cins, intellekt göstəriciləri və boy nəzərə alınmaqla iki qrupa bölünüblər. Birinci qrupa 28 gün ərzində vitamin-mineral əlavəsi, ikinci qrupa isə təsirsiz preparat - plasebo verilib. Nə uşaqlar, nə də tədqiqat aparanlar kimin hansı preparatı qəbul etdiyini biliblər.

Nəticə ilk baxışda gözlənilməz olub: vitamin-mineral əlavəsi qəbul edən uşaqların test göstəricilərində o biri qrupla müqayisədə statistik baxımdan əhəmiyyətli üstünlük müəyyən edilməyib. Qida ilə qəbul edilən mikroelementlərin miqdarı ilə intellekt testlərinin nəticələri arasında da ardıcıl əlaqə aşkarlanmayıb. Bu, vitaminlərin uşağın inkişafında əhəmiyyətsizliyini göstərmir. Tədqiqatın nəticəsi daha konkret məna daşıyır: vitamin əlavələrinin qısamüddətli qəbulu bütün sağlam məktəblilərin intellektual göstəricilərini avtomatik yaxşılaşdırmır.

London Kral Kollecinin açıqladığı başqa araşdırma qidalanmanın uşaqlar üçün əhəmiyyətini fərqli istiqamətdən göstərib.

Tədqiqatçılar Böyük Britaniyada aparılmış milli qidalanma sorğusunun məlumatlarını təhlil ediblər. Araşdırma 4-10 yaşlı 802, 11-18 yaşlı isə 884 uşağı əhatə edib. Məlum olub ki, müntəzəm səhər yeməyi yeyən uşaqların gündəlik qida rasionu səhər yeməyini buraxanlarla müqayisədə daha yaxşı göstəricilərə malikdir.

Fərqlər xüsusilə dəmir, kalsium, yod və folat qəbulunda nəzərə çarpıb.

Nəticələrdə səhər yeməyini ötürən uşaqların 31,5 faizində dəmir qəbulu tövsiyə edilən minimum səviyyədən aşağı olub. Müntəzəm səhər yeməyi yeyənlərdə isə bu göstərici cəmi 4,4 faiz təşkil edib.

Qidalanmanın məktəb uğuruna təsirini daha geniş miqyasda qiymətləndirmək üçün müxtəlif tədqiqatların nəticələrini birləşdirən sistematik icmallarda 5-18 yaşlı məktəblilər arasında aparılan 40 araşdırmanın nəticələri təhlil edilib. Alimlər müəyyən ediblər ki, müntəzəm səhər yeməyi, ümumilikdə keyfiyyətli qidalanma və balanslaşdırılmış yemək vərdişləri daha yaxşı akademik nəticələrlə əlaqəlidir. “Fastfud” və qida dəyəri aşağı olan yüksək kalorili məhsulların tez-tez istehlakı daha zəif təhsil göstəriciləri ilə izah olunub.

Lakin tədqiqatların əksəriyyəti müşahidə xarakterli olduğundan bu əlaqənin səbəb-nəticə münasibəti olduğunu qəti söyləmək mümkün deyil. Ailənin sosial-iqtisadi vəziyyəti, valideynlərin təhsil səviyyəsi və uşağın gündəlik həyat rejimi də nəticələrə təsir göstərə bilər.

2024-cü ildə dərc edilən başqa bir icmal və meta-analiz isə Aralıq dənizi tipli qidalanma ilə akademik göstəricilər arasındakı əlaqəni araşdırıb. Ümumilikdə 18 tədqiqatın daxil edildiyi icmalda tərəvəz, meyvə, paxlalılar, tam taxıllar, balıq və faydalı yağlarla zəngin qidalanmaya daha çox əməl edən uşaqların akademik göstəricilərinin nisbətən yüksək olduğu müəyyənləşdirilib.

Əlaqə statistik baxımdan əhəmiyyətli olsa da, güclü olmayıb. Bu nəticə göstərir ki, qidalanma təhsil uğuruna təsir edə bilən amillərdən biridir, lakin onu müəyyən edən yeganə şərt deyil.

Mütəxəssislər qidalanmanı yalnız ailənin məsuliyyəti kimi qiymətləndirmirlər. Onların yanaşmasına görə, uşağın günün böyük hissəsini məktəbdə keçirməsi təhsil müəssisələrinin də bu sahədə rolunu artırır.

2026-cı ilin oktyabrında Journal of School Health jurnalında dərc edilən və ABŞ-də məktəb qidalanması siyasətinə dair 33 araşdırmanı birləşdirən icmal diqqətəlayiq nəticələr ortaya qoyub. Tədqiqatların əksəriyyətində pulsuz məktəb yeməyi və səhər yeməyi imkanlarının genişləndirilməsi akademik göstəricilərə müsbət təsir edib. Maraqlıdır ki, bəzi araşdırmalarda daha böyük müsbət dəyişikliklər sosial baxımdan əlverişsiz şəraitdə yaşayan şagirdlər arasında qeydə alınıb. Bu isə məktəb qidalanmasının yalnız sağlamlıq deyil, həm də təhsildə bərabər imkanlar məsələsi olduğunu göstərir.

2025-ci ildə Cochrane.org-da dərc olunan sistematik icmalda da məktəb yeməyi proqramlarının aşağı və orta gəlirli ölkələrdə riyaziyyat nəticələrini az da olsa yaxşılaşdıra bildiyini göstərib.

London Kral Kollecinin və başqa elmi mərkəzlərin araşdırmaları bir həqiqəti önə çıxarır: düzgün qidalanma yüksək akademik nəticəyə zəmanət verməsə də, uşağın öyrənmə potensialını dəstəkləyən əsas şərtlərdən biridir.

Deməli, təhsilin keyfiyyətindən danışarkən yalnız sinif otaqlarına, dərsliklərə və müəllim hazırlığına deyil, məktəblilərin gündəlik qidalanmasına da diqqət yetirmək lazımdır. Çünki öyrənmək üçün uşağa yalnız bilik təqdim etmək deyil, həmin biliyi mənimsəməsinə imkan verən sağlam şərait yaratmaq da vacibdir.