KÖMƏK İSTƏMƏK ZƏİFLİK DEYİL




Müasir tədqiqatlar göstərir ki, 10–14 yaş arası uşaqlar arasında narahatlıqlar və depressiv əlamətlər əvvəlki illərlə müqayisədə xeyli artıb. Xüsusilə pandemiya dövründən sonra sosial təcrid, akademik təzyiq və ailədaxili stress uşaqların emosional vəziyyətinə ciddi təsir göstərib. Bəzi uşaqlar yaşadığı hissləri sözlə ifadə etməkdə çətinlik çəkir və bu da problemlərin vaxtında aşkarlanmamasına səbəb olur.

Ümumiyyətlə, son illərdə uşaqlar və yeniyetmələr arasında emosional gərginlik və daxili narahatlıqların artması daha çox müşahidə olunur. Təşviş, depressiya, özünəinamsızlıq, sosial qorxular və davranış pozuntuları artıq təkcə böyüklərin deyil, yeniyetmə və uşaqların da qarşılaşdığı real problemlərdir. Araşdırmalar göstərir ki, məktəb yaşlı uşaqların əhəmiyyətli bir hissəsi həyatlarının müəyyən mərhələsində emosional və ya psixoloji çətinliklərlə üzləşir. Bu vəziyyətdə uşaqlarla açıq və təhlükəsiz ünsiyyət qurmaq üçün uyğun vasitələrə ehtiyac yaranır. Məhz bu məqamda qrafik romanlar önəmli rol oynaya bilər.

Psixoloqlar bildirirlər ki, uşaqlar üçün psixoloji sağlamlıq mövzularının yaşa uyğun, qorxutmayan və anlaşılan formada təqdim olunması vacibdir. Əks halda, bu mövzular ya müzakirədən kənarda qala, ya da uşaqlarda əlavə narahatlıq yarada bilər.

Qrafik romanlar mətn və təsviri birlikdə təqdim etdiyi üçün şagirdlər daha asan qəbul edirlər. Tədqiqatlara əsasən vizual hekayələr onlarda empatiya hissini gücləndirir və oxucunun qəhrəmanla emosional bağ qurmasını asanlaşdırır. Bu isə xüsusilə psixoloji mövzularda çox önəmlidir. Məsələn, New Kid” (müəllif: Cerri Kraft) adlı qrafik romanda baş qəhrəman yeni məktəbdə özünü yad və tək hiss edir. Kitabda onun narahatlığını yalnız sözlər deyil, həm də vizual detallarla görürük: qəhrəmanın bəzən kiçik, sıxılmış çərçivələrdə təsvir olunması və ya digər şagirdlərdən fiziki olaraq uzaq göstərilməsi onun daxili təcrid hissini daha yaxşı çatdırır. Şagirdlər bu təsvirləri gördükdə qəhrəmanın yaşadığı emosiyanı sadəcə oxumur, eyni zamanda “hiss edir”.

Bu cür vizual dəstək xüsusilə psixoloji mövzularda vacibdir, çünki onlar hər zaman hisslərini sözlə ifadə edə bilmirlər. Şəkillər emosiyanı konkretləşdirir, adlandırmağı asanlaşdırır və empatiya qurma prosesini gücləndirir.

Harvard Universitetinin Təhsil fakültəsinin professoru və sosial-emosional öyrənmə üzrə tədqiqatçı Stefani Cons bildirir ki, hekayə əsaslı və vizual materiallar uşaqların emosional inkişafında mühüm rol oynayır. Onun araşdırmalarına görə, qrafik romanlar xüsusilə orta yaş qrupu uşaqlar üçün effektiv vasitədir, çünki bu format:

mürəkkəb emosional mövzuları sadə və anlaşılan dildə təqdim edir;
uşaqlara tək olmadıqlarını hiss etdirir və sosial təcrid duyğusunu azaldır;
hissləri adlandırmağı və emosional zəkanı inkişaf etdirir;
psixoloji çətinliklərlə necə düzgün mübarizə aparmağı nümunə ilə göstərir;
ənənəvi oxu materiallarına marağı az olan uşaqları belə prosesə cəlb edir.

Cons vurğulayır ki, vizual və mətn elementlərinin birlikdə istifadəsi uşaqlarda həm empatiya bacarığını, həm də özünü idarə etmək mexanizmlərini gücləndirir. Bu isə sosial-emosional öyrənmənin əsas komponentlərindən sayılır.

Araşdırmalar göstərir ki, özünə bənzər təcrübələr yaşayan obrazları görən uşaqlar daxili gərginliklərini daha rahat ifadə edə bilir və kömək axtarmağa daha açıq olurlar.

Orta yaş qrupu üçün nəzərdə tutulan psixoloji mövzulu qrafik romanlar geniş mövzu spektrini əhatə edir. Bunlara təşviş, obsesiv-kompulsiv davranışlar, kədər və itki, sosial qorxular, dostluq münasibətlərilə bağlıvə ailədaxili çətinlikləri aradan qaldırmaq yollarıdaxildir.

Bu əsərlərdə hadisələr adətən məktəb, ailə və dost çevrəsində cərəyan edir. Bu da uşaqların hekayələri öz həyatları ilə əlaqələndirməsini asanlaşdırır. Qəhrəmanların psixoloji çətinliklərlə təkbaşına deyil, dəstək alaraq mübarizə aparması uşaqlara sağlam mesaj verir: kömək istəmək zəiflik deyil.

Qrafik romanlar təkcə şagirdlər üçün deyil, valideynlər və müəllimlər üçün də faydalı vasitədir. Bu kitablar onlarla psixoloji sağlamlıq mövzularında söhbət açmaq üçün təhlükəsiz başlanğıc nöqtəsi yaradır. Müəllimlər sinif müzakirələrində bu hekayələrdən istifadə edərək empatiya, emosional savadlılıq və sosial bacarıqları inkişaf etdirə bilərlər.

Məsələn, Li Dörfi- Lavua və Veronika Aqarvalın“Olduğu kimi qəbul et” (“Just Roll With It”) adlı qrafik romanında baş qəhrəman obsesiv-kompulsiv pozuntu (OKP) və narahatlıqla mübarizə aparır. Müəllim bu kitabdan istifadə edərək sinifdə “Narahat olduğumuz zaman bədənimiz və ağlımız necə reaksiya verir?” sualı ətrafında müzakirə aça bilər. Şagirdlər obrazın yaşadıqlarını analiz edərək həm empatiya qurur, həm də öz hisslərini ifadə etməyi öyrənirlər.

Valideyn üçün isə bu kitab evdə daha açıq və səmimi söhbətə başlamağa kömək edə bilər. Məsələn, valideyn uşağa “Sən də bəzən bu qəhrəman kimi özünü həddindən artıq narahat hiss edirsənmi?” sualını verərək uşağın daxili dünyasına daha təhlükəsiz şəkildə yaxınlaşa bilər. Birbaşa “Sən narahatsan?” sualından fərqli olaraq, hekayə üzərindən danışmaq uşağın müdafiə reaksiyasını azaldır və daha açıq ünsiyyət yaradır.

Təhsil və psixologiya sahəsində aparılan araşdırmalar göstərir ki, hekayə əsaslı və vizual materiallarla öyrənmə emosional mövzularda daha qalıcı təsir yaradır. Xüsusilə orta yaş qrupunda olan uşaqlar üçün abstrakt anlayışların hekayə və obrazlar vasitəsilə verilməsi daha effektivdir. Qrafik romanlar həm emosional, həm də sosial bacarıqların inkişafına töhfə verir.

Araşdırmalar həmçinin göstərir ki, bu cür materiallarla tanış olan şagirdlər empatiya qurmaq səviyyəsi artır, emosional zəkada isə müsbət dəyişikliklər yaranır.

Psixoloji sağlamlıq uşaqların ümumi inkişafının ayrılmaz hissəsidir. Qrafik romanlar bu mövzunu uşaqlara yaxın, təhlükəsiz və anlaşılan formada çatdırmaq üçün güclü vasitədir. Onlar uşaqlara öz hisslərini tanımağı, başqalarını anlamağı və çətinliklərlə sağlam yollarla mübarizə aparmağı öyrədir.

Məktəblər, valideynlər və maarifləndirici platformalar bu cür resurslardan istifadə etməklə psixoloji sağlamlıq mövzusunu daha açıq və dəstəkləyici mühitdə təqdim edə bilərlər. Unutmayaq ki, uşaqlara bu gün verdiyimiz emosional dəstək onların gələcək psixoloji rifahının əsasını qoyur.