ELM, DÜRÜSTLÜK VƏ İNSANLIĞA XİDMƏT FƏLSƏFƏSİ
“Uzaqdakı məktəb”in bu dəfəki araşdırma obyekti Türkiyənin təhsil tarixində əvəzediməz yeri olan Robert Kollecidir. Robert Kolleci artıq iki əsrə yaxındır ki, sadəcə bir tədris ocağını deyil, eyni zamanda bir düşüncə tərzini, bir maarifçilik hərəkatını təmsil edir. Türkiyənin ictimai, elmi və mədəni həyatında inqilab sayılan bu məktəb Yaxın Şərqdə Qərb tipli ilk ali məktəb hesab olunur və indiyədək on minlərlə gəncin həyat yolunu formalaşdırıb. Robert Kolleci təkcə bir məktəb deyil - o, Türkiyənin modernləşmə prosesində maarifin, düşüncənin və azad fikrin simvoluna çevrilib.
İstanbulda Bosfor sahilində bu kolleci 1863-cü ildə amerikalı missioner və xeyriyyəçi Kristofer Rhinelander Robert təsis edib. K.Robertin məqsədi o dövrdə Osmanlı imperiyasında yaşayan gənclərə Qərb təhsil prinsipləri əsasında dərs vermək, onları həm elmi, həm də mənəvi baxımdan yetişdirmək idi. Məktəb ilk illərdə az sayda tələbə ilə fəaliyyət göstərsə də, qısa müddətdə regionun ən nüfuzlu təhsil mərkəzlərindən birinə çevrilib.
Kollecin əsas fəlsəfəsi “Elm, dürüstlük və insanlığa xidmət” idi. Bu prinsiplər əsasında məktəb həm xristian, həm müsəlman, həm də yəhudi mənşəli uşaqları qəbul edir, onları dini və etnik fərqlərə baxmadan eyni dəyərlər ətrafında birləşdirirdi. Bu o dövr üçün olduqca cəsarətli yanaşma idi. Robert Kolleci bu mənada Osmanlı cəmiyyətində maarifçiliyin və tolerantlığın ocağına çevrildi.
Kollecin inkişafı bir neçə mühüm mərhələdən keçib. XIX əsrin sonlarında məktəb artıq beynəlxalq səviyyədə tanınırdı. 1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqdan sonra Robert Kolleci öz proqramlarını yeni dövlətin tələblərinə uyğunlaşdırdı.
Mustafa Kamal Atatürk dövründə təhsil sahəsində aparılan islahatlar Robert Kollecinin də fəaliyyətinə təsirsiz ötüşmədi. Kollec dünyəvi elmlərə, texnologiyaya və sosial elmlərə daha çox diqqət yetirməyə başladı. Beləliklə, Robert Kolleci müasir Türkiyənin formalaşmasında mühüm rol oynayan ziyalıların yetişdiyi bir mərkəzə çevrildi.
1950-60-cı illərdə məktəb artıq həm akademik keyfiyyət, həm də sosial təsir baxımından bölgənin ən nüfuzlu təhsil müəssisəsi sayılırdı. 1971-ci ildə Robert Kollecinin ali məktəb hissəsi - yəni “Robert College of Istanbul” Boğaziçi Universitetinə çevrildi. Kollecin orta təhsil bölməsi isə “Robert Lisesi” adı ilə müstəqil fəaliyyətini davam etdirdi və bu günə qədər Türkiyənin ən yüksək reytinqli liseylərindən biridir.
Robert Kollecinin tədris sistemi Qərb modeli üzərində qurulsa da, onu fərqləndirən özünəməxsus cəhət insanyönlü və tənqidi düşüncəyə əsaslanan yanaşmadır. Burada şagirdlərə yalnız fənn bilikləri deyil, həm də azad düşünmək, liderlik etmək, sosial məsuliyyət daşımaq kimi keyfiyyətlər aşılanır.
Dərslər, əsasən, ingilis dilində tədris olunur, lakin Türk dili və ədəbiyyatı da mühüm yer tutur. Şagirdlər həm elmi, həm də bədii sahələrdə özlərini ifadə etməyə təşviq edilirlər. Kollecdə geniş kitabxana, müasir laboratoriyalar, teatr və musiqi studiyaları, eləcə də sosial layihələr üçün müxtəlif klublar fəaliyyət göstərir.
Bu təhsil modeli nəticəsində Robert Kolleci məzunları təkcə universitetlərdə deyil, həm də gələcək həyatlarında fərqlənən şəxsiyyətlər kimi formalaşırlar. Burada “mükəmməl qiymət almaq” yox, “dünyaya faydalı olmaq” əsas meyardır.
Robert Kollecini şöhrətləndirən amillərdən biri də onun yetişdirdiyi məşhur məzunlardır. Bu məzunlar arasında Türkiyənin siyasətində, elmində, ədəbiyyatında və incəsənətində silinməz iz buraxıblar. Onların sırasında Türkiyənin keçmiş baş naziri, siyasi xadim və şair - Bülent Ecevit, tanınmış jurnalist və televiziya aparıcısı, müasir türk mediasının parlaq simalarından biri Mehmet Ali Birand, beynəlxalq səviyyədə tanınmış rəssam Gülsün Karamustafa, Sabancı Holdinqin rəhbəri, iş dünyasında qadın liderliyinin simvolu Güler Sabancının adlarını çəkmək olar.
Bu adlar bir daha göstərir ki, Robert Kolleci yalnız akademik uğurlar deyil, insani dəyərlər və yaradıcılıq potensialı ilə fərqlənən şəxslər yetişdirir. Kollecin təsiri təkcə təhsil sistemi ilə məhdudlaşmır. O, Türkiyədə maarifçiliyin, qadın təhsilinin, sosial məsuliyyətin və mədəni müxtəlifliyin yayılmasında mühüm rol oynayıb.
Məktəbin xüsusilə qadınların təhsilinə verdiyi dəstək diqqətəlayiqdir. XIX əsrin sonlarında Robert Kolleci qızlar üçün ayrıca bölmə açaraq, bölgədə qadın təhsili hərəkatının əsas təşəbbüskarlarından olub. Bu, o dövrdə cəmiyyətin patriarxal düşüncəsinə meydan oxuyan bir addım idi.
Kollec həmçinin bir çox ictimai layihələrin, yardım proqramlarının və mədəni tədbirlərin təşkilatçısı kimi də tanınır. Onun tələbələri müxtəlif ekoloji, sosial və humanitar fəaliyyətlərdə iştirak edirlər. “Robert Kolleci Məzunlar Dərnəyi” illərdir ki, ölkə daxilində təhsil bərabərliyini təşviq edən layihələr həyata keçirir.
Bu gün Robert Kolleci yalnız Türkiyə üçün deyil, region üçün də nümunəvi bir təhsil modelidir. Qloballaşan dünyada bu məktəb öz ənənələrini qoruyaraq, müasir texnologiyalar və təhsil yanaşmaları ilə sintez edir. STEM fənlərinə, süni intellekt, rəqəmsal savadlılıq və innovasiyalara geniş yer verilir. Eyni zamanda, kollec “insani dəyərləri qoruyaraq modernləşmək” prinsipinə sadiq qalır. Burada hər bir tələbə yalnız akademik deyil, həm də sosial və etik məsuliyyət daşıyan fərd kimi yetişdirilir. Bu, Robert Kollecinin missiyasının dəyişmədiyini, sadəcə yeniləndiyini göstərir.
Kollec Türkiyənin modernləşmə tarixinin, elmə, sənətə, azad düşüncəyə və cəmiyyətə xidmətin rəmzidir.
Bu məktəbin dəyəri yalnız tədris proqramlarında deyil, həm də yaratdığı fikri mühitdə, sosial məsuliyyətdə və mədəni körpülərdə gizlidir.
Robert Kolleci Şərqlə Qərb arasında, ənənə ilə yenilik arasında, fərdi azadlıqla ictimai məsuliyyət arasında körpü salan bir məktəbdir.