“BAMBUK MƏKTƏB” NÜMUNƏSİ
Bu gün dünyanın hər yerində təhsil sistemi modernləşmə və texnologiyaya inteqrasiya yolu ilə inkişaf edir. Bəzi təhsil modelləri isə təbiətə uyğunlaşmaqla alternativ və innovativ yanaşmaları ön plana çıxarır.
2009-cu ildə Tailandda Meçai Viraivadyanın qurduğu “Mechai Pattana School” belə fərqli təhsil modellərindəndir. Dünyada daha çox “Bambuk məktəb” adı ilə tanınan bu təhsil ocağını digərlərindən fərqləndirən bir neçə maraqlı cəhət var. Adından da göründüyü kimi bambuk ağacından tikilən məktəb ekoloji davamlılıq və sosial məsuliyyət prinsipləri üzərində qurulub. BBC bu məktəb haqqında reportajında məktəbin yaradılma məqsədi, tədris metodu, infrastrukturu, davamlılıq prinsipləri və dünya təhsilinə təsiri barədə məlumat verib.
Məktəbin əsas məqsədi imkansız və ehtiyacı olan uşaqlara təhsil vermək, eyni zamanda onların təbiətə və cəmiyyətə qarşı məsuliyyətli fərdlər kimi yetişməsini təmin etməkdir. Məktəb, əsasən, Birma və Tailand sərhədində yaşayan etnik azlıqların uşaqları üçün fəaliyyət göstərir.
Sadə görünüşlü məktəbin missiyası da sadədir: “Təbiətlə harmoniya və təbii ehtiyatlara qənaət”. Bu yanaşma ilə “Bambuk məktəb” uşaqlara təkcə akademik biliklər deyil, həm də həyat bacarıqları, sosial məsuliyyət və ətraf mühitə qayğı kimi dəyərləri aşılayır.
Məktəbin bütün tikililəri - sinif otaqları, yataqxanalar, yeməkxana və laboratoriyalar, əsasən, bambukdan hazırlanıb. Bambuk ağacı Tailandda geniş yayıldığından ucuz, davamlı və ekoloji baxımdan səmərəli material sayılır və tikinti prosesi minimum karbon izi ilə həyata keçirilir. Bambuk tikililər tropik iqlimə də uyğundur. Onlar təbii ventilyasiyaya imkan verir, yüksək temperaturda belə sərin olur və estetik baxımdan da təbiətlə ahəng yaradır. Bu yanaşma məktəbin davamlılıq prinsiplərinə uyğun olaraq enerji sərfiyyatını azaldır.
Almaniyanın F.Nauman Fondunun bu məktab haqqında məqaləsində qeyd olunur ki, məktəbin təhsil proqramı klassik tədris üsullarından fərqlənir. Burada ənənəvi fənlərlə yanaşı, əkinçilik, aşpazlıq, ilk tibbi yardım, elektrik işləri, tikinti və təmir kimi praktik dərslər də keçirilir. Məqsəd yalnız akademik nailiyyətlərə fokuslanmaq deyil, həm də uşaqların gündəlik həyatda lazım olan bacarıqlara yiyələnməsidir.
Müəllimlər şagirdlərlə münasibətlərini daha çox dostyana qurmağa, onları sevgi və hörmətlə yönləndirməyə çalışırlar. Şagirdlər öyrəndiklərini dərhal tətbiq edə bildikləri üçün dərslər daha əyləncəli və mənalı olur.
Burada fizika, biologiya, coğrafiya kimi fənlər təbiət laboratoriyası şəraitində tətbiq olunmaqla tədris edilir. Məsələn, şagirdlər məktəb bağında yetişdirdikləri məhsulları analiz edərkən torpağın tərkibi, bitkilərin fotosintez prosesi və su dövranı kimi anlayışları öyrənirlər.
Məktəb yalnız təbiətə deyil, cəmiyyətə qarşı da məsuliyyət daşıyır. Şagirdlərin çoxu valideyndən məhrum olunmuş, müharibədən və ya sosial böhrandan əziyyət çəkən ailələrin təmsilçiləridir. “Bambuk məktəb” onları pulsuz təhsillə yanaşı, yaşayış və yeməklə də təmin edir. Bu dəstək sayəsində minlərlə uşaq layiqli təhsil almaq şansı qazanıb. Məktəbdə təhsil pulsuz olsa da, hər bir şagird il ərzində ictimai işlərə 400 saat vaxt ayırmalı və məktəb həyatı boyu 400 ağac əkməlidir.
Məktəb həmçinin suyun təmizlənməsi, enerjiyə qənaət, tullantıların azaldılması kimi sahələrdə də müxtəlif layihələr həyata keçirir. Günəş panelləri vasitəsilə enerji istehsalı, kompost sistemi ilə orqanik gübrə əldə edilməsi və yağış sularının toplanması kimi üsullarla resursların səmərəli istifadəsi təmin olunur.
Məktəbin ətrafındakı rəngli beton halqaların içi torpaqla doldurularaq müxtəlif tərəvəzlərin yetişdirilməsi üçün bağlara çevrilir. Şagirdlərin yetişdirdiyi bu bitkilər məktəb yeməkxanasında istifadə olunur və ya məktəbin biznes təşəbbüsü çərçivəsində satılır. Burada sahibkarlıq bacarıqları tədris proqramının bir hissəsinə çevrilib. Maraqlananlar üçün iş imkanları və təcrübə proqramları təqdim olunur. Məsələn, bəzi şagirdlər Tailandın IKEA mağazasında iş təcrübəsi qazanıblar.
“Bambuk məktəb”in əsas qərarverici qüvvəsi də şagirdlərdir. Məktəbə müəllim və şagird qəbuluna, büdcə çərçivəsində nə alınacağına dair qərarları da məktəblilərdən ibarət komitə verir. Məktəbin direktoru da daxil olmaqla, əməkdaşlar həmin komitə qarşısında “hesabat” verirlər.
“Bambuk məktəb” həm yerli, həm də xarici könüllülərin dəstəyi ilə fəaliyyətini davam etdirir. Dünyanın müxtəlif ölkələrindən gələn müəllimlər və könüllülər burada müxtəlif təlim proqramlarında iştirak edir, uşaq inkişafına və infrastruktura töhfə verirlər. Bu həm mədəniyyətlərarası inteqrasiyanı təmin edir, həm də uşaqlara müxtəlif dünyagörüşlərini tanımaq imkanı verir.
Könüllülər arasında həkimlər, mühəndislər, müəllimlər, sənətkarlar və digər peşə sahibləri yer alır. Onların bilik və bacarıqları sayəsində məktəb daim inkişaf edir və təhsil keyfiyyəti artır.
“Bambuk məktəb”in modeli dünyanın müxtəlif bölgələrində ekoloji və sosial davamlılığı əsas götürən məktəblər üçün nümunə ola bilər. Tailandda 200-ə yaxın məktəb bu nümunədən yararlanır. Məktəbin fəaliyyəti sübut edir ki, yüksək büdcə olmadan da keyfiyyətli və mənalı təhsil vermək mümkündür. Əsas məsələ ideya, məqsəd və düzgün yanaşmadır.
Tailanddakı “Bambuk məktəb”in təcrübəsi müasir dünyadakı təhsil bərabərsizliyi, ətraf mühitin çirklənməsi, sosial ayrı-seçkilik kimi problemlərin əslində alternativ, davamlı və yaradıcı yanaşmalarla həll edilə biləcəyini göstərir. Bu məktəb bir daha sübut edir ki, təhsil sadəcə kitab və sinif otağı ilə məhdudlaşmır.