SƏNİN HƏYATINI KİM TƏRTİB EDƏCƏK?

Gənclər təhsil müddətində müxtəlif fənlər öyrənir, imtahan verir, diplom alırlar. Lakin ali məktəbdən məzun olduqdan sonra hansı sahədə işləyəcəkləri, necə inkişaf edəcəkləri və həyatlarını hansı istiqamətdə quracaqları barədə tərəddüd yaşayırlar.
Bu problem təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində müşahidə olunur. Məhz buna görə də ABŞ-nin Stenford Universitetində hazırlanan “Həyatını dizayn et” (“Designing your life”) kursu son illərin ən maraqlı təhsil yeniliklərindən biri sayılır. Bu kurs tələbələrə hazır cavab vermir. Əksinə, onlara öz həyatlarını planlaşdırmaq, müxtəlif imkanları sınaqdan keçirmək və təcrübə əsasında qərar vermək bacarığı qazandırır.
Kursun müəllifləri Bill Bernett və Deyv Evans hesab edirlər ki, yeni məhsul hazırlamaq üçün istifadə olunan “dizayn təfəkkürü” (design thinking) metodundan insanın öz həyatını planlaşdırmaq üçün də istifadə etmək olar.
Mühəndislər yeni məhsul hazırlayarkən elə ilk cəhddə mükəmməl nəticə əldə etməyə çalışmırlar. Onlar müxtəlif variantlar hazırlayır, sınaqlar keçirir, səhvlərdən nəticə çıxarır və layihəni tədricən təkmilləşdirirlər.
Stenfordun yanaşmasına görə insanın karyerası da eyni prinsiplə qurulmalıdır. Həyat əvvəlcədən hazırlanmış bir plan deyil. O, daim dəyişən, yeni təcrübələrlə formalaşan prosesdir.
İllərdir yeniyetmə və gənclərə belə məsləhət verilir: əvvəlcə marağını tap, sonra uyğun peşəni seç və həmin istiqamətdə irəlilə.
Lakin psixoloji tədqiqatlar göstərir ki, universitet tələbələrinin böyük hissəsi hansı sahəyə həqiqətən maraq göstərdiyini dəqiq bilmir. Bu isə onlarda “səhv seçim etmək” qorxusu yaradır.
Stenford kursu fərqli yanaşma təklif edir. Burada əsas məqsəd “doğru cavabı tapmaq” deyil, müxtəlif variantları yoxlamaqdır. İnsan öz maraqlarını yalnız düşünməklə deyil, müxtəlif fəaliyyətləri sınamaqla daha yaxşı kəşf edə bilər.
Kursun əsasını beş mühüm düşüncə tərzi təşkil edir.
- Maraq: tələbələr yeni imkanlara açıq olmağı, fərqli sahələri araşdırmağı öyrənirlər.
- Hərəkət: uzun müddət düşünmək əvəzinə kiçik addımlar atmaq təşviq edilir. Kiçik təcrübələr çox vaxt uzun planlardan daha faydalı olur.
- Yenidən baxmaq: problemlərə başqa prizmadan yanaşmaq, uğursuzluğu son deyil, öyrənmə fürsəti kimi qəbul etmək vacib sayılır.
- Prosesə diqqət: kurs göstərir ki, əsas məqsəd yalnız diplom almaq deyil. Universitet illəri insanın özünü tanıması və inkişaf etdirməsi üçün də böyük fürsətdir.
- Əməkdaşlıq: gələcək planları təkbaşına qurmaq əvəzinə müəllimlər, dostlar, mentorlar və peşəkarlarla fikir mübadiləsi aparmaq tövsiyə olunur.

Stenfordun kursu adi mühazirədən xeyli fərqlənir. Burada tələbələr sadəcə müəllimi dinləmir, müxtəlif tapşırıqlar yerinə yetirir, müzakirələr aparır və öz gələcəkləri üzərində işləyirlər.
İlk mərhələdə onlar həyatlarının müxtəlif sahələrini qiymətləndirirlər:
- sağlamlıq;
- təhsil və iş;
- istirahət və yaradıcılıq;
- ailə və sosial münasibətlər.
Bu sadə qiymətləndirmə tələbəyə həyatında hansı sahələrin balanslı, hansılarının isə diqqət tələb etdiyini görməyə imkan yaradır.
Daha sonra tələbələr iki mühüm sual üzərində düşünürlər:
- Mənim üçün iş nə deməkdir?
- Həyatımda hansı dəyərlər əsasdır?
Bu sualların cavabı gələcək qərarların daha şüurlu verilməsinə kömək edir.
Kursun maraqlı anlayışlarından biri də “gravity problems” - yəni təsir etmək mümkün olmayan problemlərdir. Məsələn, əmək bazarındakı vəziyyət, iqtisadi böhran və ya bəzi sosial amillər bir tələbənin nəzarətində deyil. Belə hallarda enerjini həmin problemlərlə mübarizəyə yox, təsir göstərə biləcəyi məsələlərə yönəltmək daha səmərəlidir. Yəni təsir edə bilmədiyin problemlərlə mübarizə aparma. Bu yanaşma tələbələrin stressini azaltmağa və real hədəflər müəyyənləşdirməsinə kömək edir.
Kursun ən faydalı alətlərindən biri “Good Time Journal” adlanan gündəlikdir. Tələbələr bir neçə həftə ərzində gördükləri işləri qeyd edirlər. Onlar hansı fəaliyyət zamanı həvəslə işlədiklərini, hansı işlərin isə onları yorub motivasiyalarını azaltdığını yazırlar. Sonra bu qeydlər təhlil olunur. Beləliklə, tələbə özünü daha yaxşı tanıyır və gələcək peşə seçimini yalnız qiymətlərə deyil, şəxsi təcrübəsinə əsaslanaraq edir.
Stenford kursunun ən fərqli cəhətlərindən biri də gələcəyi yalnız planlaşdırmaqla kifayətlənməməsidir. Məsələn, tələbə müəllim olmaq istəyirsə, əvvəlcə məktəbdə müşahidə aparır, müəllimlərlə söhbət edir və ya qısa müddətli könüllü fəaliyyət göstərir.
Əgər hansısa peşə ilə maraqlanırsa, həmin sahədə çalışan insanlarla qısa görüşlər keçirir, onların gündəlik işi haqqında məlumat alır. Bu üsul tələbənin illərlə oxuyub sonra peşənin ona uyğun olmadığını başa düşməyindənsə, əvvəlcədən doğru qərar verməsinə imkan yaradır.
Stenford Universitetində aparılan araşdırmalar kursu bitirən tələbələrdə bir sıra müsbət dəyişikliklərin müşahidə olunduğunu təsdiqləyib: onlar gələcəklə bağlı daha az narahatlıq keçirir, seçimlərinə daha çox inanır və təhsilə daha məqsədyönlü yanaşırlar. Ən əsası isə uğursuzluqları şəxsi məğlubiyyət deyil, öyrənmə prosesinin təbii hissəsi kimi qəbul etməyə başlayırlar.
Bu uğurlu nəticələrə görə Stenfordun hazırladığı model son illərdə dünyanın yüzlərlə ali təhsil müəssisəsində tətbiq olunmağa başlanıb.
Bu yanaşma Azərbaycan universitetləri üçün də maraqlı nümunə ola bilər. İlk növbədə, universitetlərin karyera mərkəzləri yalnız CV hazırlayan və vakansiya təqdim edən bölmələrdənsə, tələbələrin müxtəlif peşələri tanıdığı, layihələr hazırladığı və özünü sınadığı inkişaf mərkəzlərinə çevrilə bilər.
Müasir dünyada uğurlu karyera yalnız yaxşı diplomdan asılı deyil. İnsan dəyişən şəraitə uyğunlaşmağı, yeni imkanları qiymətləndirməyi və davamlı öyrənməyi bacarmalıdır. Stenfordun “Həyatı yenidən dizayn et” kursu məhz bu bacarıqları formalaşdırmağa çalışır. Bəlkə də müasir universitetlərin əsas vəzifəsi yalnız bilik vermək deyil, həm də tələbələrə dəyişən dünyada öz həyatlarını düşünülmüş şəkildə qurmağı öyrətməkdir.

