ENDİRİM KAMPANİYALARINI TƏHLİL ETMƏK TAPŞIRIĞI

Müasir təhsildə əsas məqsəd şagirdlərə yalnız nəzəri bilik vermək deyil, həm də bu biliklərin real həyatda tətbiqinin mənimsənilməsini təmin etməkdir. Şagird öyrəndiyi mövzunun gündəlik həyatla əlaqəsini gördükdə dərsə marağı artır, öyrənmə prosesi isə daha məqsədyönlü və mənalı olur. Bu yanaşmanın əsasını həqiqi öyrənmə təcrübələri (Authentic Learning Experiences) təşkil edir.
Həqiqi öyrənmə təcrübələri şagirdlərə əldə etdikləri bilik və bacarıqları reallığa yaxın situasiyalarda tətbiq etmək imkanı yaradır. Bu yanaşma, adətən, layihə əsaslı təlimlə əlaqələndirilsə də, onu gündəlik dərslərdə də uğurla tətbiq etmək mümkündür. Müəllim kiçik dəyişikliklərlə belə şagirdlərin motivasiyasını və fəallığını əhəmiyyətli dərəcədə artıra bilər.
Belə dərslərin planlaşdırılması təlim məqsədlərinin təhlilindən başlayır. Müəllim əvvəlcə müəyyən etməlidir ki, şagirdlər hansı bilik və bacarıqları mənimsəməlidirlər. Daha sonra isə həmin bacarıqların real həyatda harada və necə istifadə olunduğunu düşünməlidir. Bu sualların cavabları əsasında hazırlanan fəaliyyətlər şagirdlərə öyrəndiklərinin praktik əhəmiyyətini göstərir. Məsələn, riyaziyyat dərsində faiz hesablamasını öyrənən şagirdlərə mağazalardakı endirim kampaniyalarını təhlil etmək tapşırıla bilər. Onlar müxtəlif məhsulların ilkin və endirimli qiymətlərini müqayisə edir, hansı təklifin daha sərfəli olduğunu hesablayırlar. Beləliklə, şagirdlər faiz anlayışını sadəcə düstur kimi əzbərləmir, gündəlik alış-veriş zamanı tətbiq edilən vacib bir bacarıq kimi mənimsəyirlər.
Həqiqi öyrənmə təcrübələrinin təşkilində üç əsas strategiya xüsusilə effektiv sayılır: şagird işlərinin ictimaiyyətə təqdim edilməsi, dərsə xarici mütəxəssislərin cəlb edilməsi, real və ya simulyasiya edilmiş ssenarilərdən istifadə.
Şagird işlərinin paylaşılması onların məsuliyyət hissini artıran ən sadə üsullardan biridir. Hazırlanan işlər sinifdə, məktəbdə, məktəbin sosial media səhifələrində və ya müxtəlif rəqəmsal platformalarda nümayiş etdirilə bilər. Şagirdlər bilirlər ki, hazırladıqları məhsulu yalnız müəllim deyil, başqa insanlar da görəcək. Bu isə onları daha keyfiyyətli işləməyə, fikirlərini aydın ifadə etməyə və təqdimat bacarıqlarını inkişaf etdirməyə sövq edir.
Bu prosesdə yalnız ən uğurlu işlərin deyil, müəyyən edilmiş meyarlara cavab verən bütün işlərin nümayişi vacibdir. Belə olduqda hər şagird öz əməyinin qiymətləndirildiyini hiss edir, özünəinamı artır və növbəti fəaliyyətlərdə daha yüksək nəticə göstərməyə çalışır.
Başqa təsirli yanaşma xarici mütəxəssislərin və icma üzvlərinin dərs prosesinə cəlb edilməsidir. Müxtəlif peşə sahiblərinin təcrübələrini bölüşməsi şagirdlərə məktəbdə öyrəndikləri biliklərin praktik əhəmiyyətini daha aydın göstərir. Məsələn, bir yazıçı şagirdlərin yazı işlərini qiymətləndirə, mühəndis riyaziyyatın gündəlik həyatda tətbiqindən danışa və ya aqronom bitkilərin yetişdirilməsi ilə bağlı biliklərini paylaşa bilər. Belə görüşlər şagirdlərin mövzuya marağını artırmaqla yanaşı, onların gələcək peşələri haqqında düşünmələrinə də stimul verir.

Həqiqi öyrənmə təcrübələrinin başqa mühüm elementi real və ya simulyasiya edilmiş ssenarilərdir. Şagirdlər müəyyən problem üzərində işləyərək müxtəlif rolları canlandıra, eləcə də məktəb və icmada mövcud olan real məsələlərin həlli yollarını hazırlaya bilərlər. Belə fəaliyyətlər zamanı onlar tənqidi düşünmə, əməkdaşlıq, ünsiyyət və problem həlletmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda öyrəndikləri nəzəri bilikləri praktik fəaliyyətə çevirməyi öyrənirlər.
Bu cür ssenarilərin hazırlanmasında süni intellekt alətləri də müəllimlər üçün faydalı dəstək ola bilər. Təlim məqsədlərinə uyğun fəaliyyət ideyaları hazırlamaq, müxtəlif situasiyalar yaratmaq və dərs planlarını zənginləşdirmək üçün bu texnologiyalardan istifadə etmək mümkündür. Bununla belə, əldə olunan nəticələr müəllim tərəfindən mütləq qiymətləndirilməli və dərsin məqsədinə uyğun şəkildə təkmilləşdirilməlidir.
Təhsil tədqiqatçısı Con Hatti qeyd edir ki, tədrisdə davamlı inkişaf müəllimlərin kiçik, lakin məqsədyönlü dəyişiklikləri ardıcıl şəkildə tətbiq etməsi ilə mümkün olur. Buna görə də həqiqi öyrənmə təcrübələrini tətbiq etməyə başlayan müəllimlər üçün ilk fəaliyyətlərin sadə şəkildə planlaşdırılması daha məqsədəuyğundur. Bəzən kiçik bir ideyanı dərhal geniş layihəyə çevirmək istəyi prosesi çətinləşdirə bilər. Halbuki bir dərsdə yalnız bir autentik öyrənmə strategiyasının tətbiqi belə şagirdlərin öyrənmə motivasiyasını və dərsə fəal cəlb olunmasını artırmağa kömək edir. Müəllimin təcrübəsi artdıqca isə bu cür fəaliyyətlər daha geniş layihələrə və uzunmüddətli öyrənmə proseslərinə çevrilə bilər.
Nəticə etibarilə, həqiqi öyrənmə təcrübələri şagirdlərin öyrənmə prosesində passiv dinləyici deyil, fəal iştirakçı olmalarına şərait yaradır. Onlar öyrəndikləri biliklərin həyatla əlaqəsini görür, məsuliyyət hissi qazanır, əməkdaşlıq edir və daha keyfiyyətli nəticələr ortaya qoyurlar. Məhz buna görə də bu yanaşma müasir təhsildə şagirdyönlü, mənalı və davamlı öyrənmənin vacib elementlərindən sayılır.

