İNSAN NƏ BACARIR?

Qəbul imtahanlarında yüksək nəticə göstərən bir qrup gənc sentyabrda universitetə gedəcək, arzuladığı nəticəni qazana bilməyənlərin isə həm özləri, həm də ailələri məyusdur. İllərlə uşağa “yaxşı oxu, universitetə daxil ol, sonra yaxşı iş taparsan” yanaşmasının hakim olduğu sistemlərdə ali məktəbə qəbul ola bilməməyin yaratdığı məyusluq başa düşüləndir.
Amma əmək bazarında baş verən dəyişikliklərə baxanda “universitetə qəbul olmağın uğurlu həyatın yeganə yolu” olmadığı aydın görünür. Universitet təhsilinin əhəmiyyətini kiçiltmədən, ali və peşə təhsilini bir-birinə qarşı qoymadan deyək ki, uğurlu həyat gəncin gələcəkdə hansı bilik və bacarıqlara ehtiyac duyacağını düzgün müəyyənləşdirməsidir.
Diplom kifayətdirmi?
Bu sual son illər yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də müzakirə olunur. Məsələn, ABŞ-də universitet diplomunun dəyərinə münasibətin dəyişdiyi müşahidə edilir. ABŞ-nin “Axios” media qurumunun 2026-cı ilin avqustunda dərc etdiyi yazıda qeyd olunur ki, tələbələr və ailələr ali təhsilin yüksək xərclərini, məzun olduqdan sonra iş tapmaqla bağlı qeyri-müəyyənliyi və süni intellektin bəzi ənənəvi peşələrə təsirini daha çox nəzərə almağa başlayıblar. Peşə və texniki proqramlar isə daha praktik bacarıqlar qazandırdığı üçün alternativ yol kimi diqqəti cəlb edir.
Bu, “universitet artıq lazım deyil” demək deyil. Əksinə, həkim, mühəndis, müəllim və bir çox başqa peşələr üçün ali təhsil vacib olaraq qalır. Sadəcə, əmək bazarında işəgötürənin diplomla yanaşı, hətta bəzi hallarda diplomdan əvvəl baxdığı başqa meyarlar da artır: insan nə bacarır?
Dünya İqtisadi Forumunun (WEF) 2025-ci il “Future of Jobs” hesabatı bu dəyişikliyi rəqəmlərlə göstərir. Hesabat 1000-dən çox böyük işəgötürənin ümumilikdə 14 milyondan artıq işçini əhatə edən məlumatlarına əsaslanır. İşəgötürənlərin proqnozlarına görə, 2030-cu ilə qədər işçilərin əsas bacarıqlarının təxminən 39 faizi dəyişəcək.
Gəncin bir dəfə diplom alması və bundan sonra həmin diplomun ona bütün karyerası boyunca kifayət etməsi əvvəlki qədər real görünmür. Yeni bacarıqlar öyrənmək, mövcud bilikləri yeniləmək və əmək bazarındakı dəyişikliklərə uyğunlaşmaq getdikcə daha vacib olur.
Gələcəyin işləri haqqında danışanda çox vaxt yalnız proqramçı, süni intellekt mütəxəssisi və başqa yüksək texnologiya sahələri yada düşür. Halbuki proqnozlar daha geniş mənzərə göstərir.
WEF-in hesabatına görə, 2030-cu ilə qədər qlobal əmək bazarında 170 milyon yeni iş yerinin yaranması, 92 milyon iş yerinin isə sıradan çıxması gözlənilir. Yəni texnologiya bəzi peşələri dəyişdirsə də, eyni zamanda yeni imkanlar da yaradacaq. Artım gözlənilən sahələr arasında texnologiya ilə yanaşı səhiyyə, təhsil, tikinti, kənd təsərrüfatı, logistika və başqa praktiki peşələr də var.
Burada maraqlı məqam var: gələcəyin əmək bazarı həm yüksək ixtisaslı mütəxəssislərə, həm də konkret praktiki bacarıqlara malik işçilərə ehtiyac duyacaq.

Məsələn, enerji sistemlərinin dəyişməsi yalnız mühəndislərə deyil, həmin sistemlərin quraşdırılması, texniki xidməti və təmiri ilə məşğul olan mütəxəssislərə də tələbat yaradacaq. Eyni vəziyyət tikinti, nəqliyyat, kənd təsərrüfatı və istehsalat sahələrində də müşahidə olunacaq.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) araşdırmaları xüsusilə yaşıl iqtisadiyyata keçid dövründə peşə təhsilinin əhəmiyyətinin artdığını göstərir. Təşkilatın məlumatına görə, peşə təhsili məzunlarının təxminən dörddə biri “yaşıl iqtisadiyyatın yaratdığı” və ya onun inkişafından təsirlənən işlərdə çalışır. Bu göstərici ali təhsilli yaşıdları ilə müqayisədə daha yüksəkdir. Tikinti, enerji və nəqliyyat kimi sahələrdə peşə bacarıqlarına ehtiyac xüsusi əhəmiyyət daşıyır.
OECD həmçinin peşə təhsilinin əmək bazarındakı dəyişikliklərə daha sürətli uyğunlaşdırılması üçün yeni proqramların yaradılması, mövcud ixtisasların yenilənməsi və qısa müddətli, konkret bacarıqlar qazandıran təlimlərin genişləndirilməsini vacib hesab edir.
Bu mənzərə bir daha göstərir ki, peşə təhsili “universitetə qəbul ola bilməyənlərin təhsili” kimi təqdim edilməməlidir. O, əmək bazarının ehtiyac duyduğu mütəxəssisləri hazırlayan ayrıca təhsil yoludur.
Bu dəyişiklik yalnız araşdırma və hesabatlarda görünmür. Gənclərin öz seçimlərində də bunu müşahidə etmək mümkündür.
Məsələn, “The Times”ın 2026-cı ilin avqustunda Böyük Britaniyadakı universitet müraciətlərinə dair yazısında qeyd olunur ki, gənclər əmək bazarında daha aydın perspektiv gördükləri ixtisaslara üstünlük verməyə başlayıblar.
Bu, əslində, Azərbaycandakı gənclər üçün də vacib sualdır. Ali məktəbə qəbul ola bilməməyi şəxsi uğursuzluq kimi qəbul etmək lazım deyil. Bir imtahan nəticəsi insanın qabiliyyətlərini və gələcək imkanlarını tam müəyyənləşdirmir. Əsas məsələ “mən universitetə qəbul olmadım” fikrindən “indi nə öyrənə bilərəm?” sualına keçməkdir.
Belə vəziyyətdə valideynin reaksiyası gəncin özünə münasibətinə ciddi təsir edə bilər. “Sən bacarmadın”, “filankəsin uşağı universitetə girdi”, “indi gələcəyin necə olacaq?” kimi sözlər onsuz da məyus olan gəncin vəziyyətini daha da ağırlaşdıra bilər.
Daha faydalı yanaşma isə onunla sakit danışmaq, nə istədiyini öyrənmək və alternativləri birlikdə araşdırmaqdır.
Çünki gələcəyin əmək bazarı bir neçə il əvvəlkindən fərqlidir. Süni intellekt, avtomatlaşdırma, yaşıl iqtisadiyyat və yeni texnologiyalar bir çox peşənin məzmununu dəyişir. WEF-in proqnozları da göstərir ki, texnoloji bacarıqlarla yanaşı analitik düşüncə, yaradıcı yanaşma, çeviklik və öyrənmək bacarığı da getdikcə daha çox əhəmiyyət qazanacaq.
Ona görə bu gün universitetə qəbul ola bilməyən gəncə yalnız “gələn il yenidən imtahan ver” demək kifayət deyil. Ona başqa yolların da olduğunu göstərmək lazımdır.
Əsas məsələ hansı binanın qapısından içəri daxil olmaq deyil, insanın özünü gələcəyin əmək bazarına necə hazırlamasıdır. Bunun üçün indi ona uğursuz olduğunu deyil, qarşısında hələ çoxlu yolların olduğunu xatırlatmaq lazımdır.
Zemfira Məmmədqızı

