“İSTEDADLI UŞAQ” KİMDİR?




Şagirdlərin bir-birindən fərqlənməsi adi haldır. Kimisi riyaziyyatı daha tez qavrayır, kimisi dil və ədəbiyyata, musiqiyə, rəsmə və ya texnologiyaya xüsusi maraq göstərir. Bəzilərində isə bu maraq çox sonralar yarana bilər. Bu fərqləri nəzərə alıb uşaqları “istedadlı” və “istedadsız” kimi qruplara bölmək nə qədər doğrudur?

Müasir pedaqoji araşdırmalarda bu sualın cavabı o qədər də sadə deyil. Tədqiqatlar göstərir ki, uşaqların qabiliyyətlərinə və hazırkı öyrənmə səviyyəsinə uyğun təhsil alması faydalıdır. Lakin onları “güclü” və “zəif”, yaxud “istedadlı” və “istedadsız” kateqoriyalarına ayırmaq həm elmi, həm də pedaqoji baxımdan problemlər yarada bilər.

“İstedadlı uşaq” kimdir? ABŞ-nin National Association for Gifted Children (NAGC) təşkilatı istedadlı uşaqları yaşıdları, təcrübəsi və yaşadığı mühitlə müqayisədə bir və ya bir neçə sahədə daha yüksək potensialı olan uşaqlar kimi müəyyənləşdirir. Bu uşaqlar öz potensiallarını reallaşdırmaq üçün adi məktəb proqramından fərqli təhsil imkanlarına ehtiyac duya bilərlər.

Burada mühüm məqam “bir və ya bir neçə sahə” ifadəsidir. Yəni istedad yalnız yüksək riyaziyyat nəticəsi və ya yüksək IQ demək deyil. Uşaq yaradıcılıqda, musiqidə, incəsənətdə, liderlikdə, müəyyən akademik fəndə və ya başqa sahədə fərqlənə bilər.

Amerikalı pedaqoq və psixoloq Cozef Renzulli də üstün potensialı yalnız intellekt göstəricisi ilə izah etmir. Onun məşhur “Üç halqa modeli”ndə üstün potensialın formalaşmasında üç komponent - orta səviyyədən yüksək qabiliyyət, yaradıcılıq və tapşırığa bağlılıq - qarşılıqlı təsirdə nəzərdən keçirilir.

NAGC-nin materiallarında qeyd olunur ki, istedadın müəyyənləşdirilməsi bir testin nəticəsinə əsaslanmamalıdır. Uşağın potensialı müəyyən zaman ərzində və müxtəlif şəraitlərdə müşahidə edilməli, test nəticələri ilə yanaşı müəllim və valideyn müşahidələri, uşağın gördüyü işlər və müxtəlif sahələrdə fəaliyyəti də nəzərə alınmalıdır. Çünki istedad dinamikdir və bütün uşaqlarda eyni formada üzə çıxmır.

Bu, məktəb üçün vacib nəticədir. Bir uşaq riyaziyyat testində yüksək nəticə göstərməsə də, mürəkkəb məsələlərin həllinə qeyri-adi yanaşmalar təklif edə bilər. Başqa uşaq dərsdə çox danışmasa da, müəyyən mövzu ilə bağlı evdə uzunmüddətli araşdırma apara bilər.

Deməli, əsas sual “Bu uşaq istedadlıdırmı?” yox, “Bu uşağın hansı sahədə hansı təhsil ehtiyacı var?” olmalıdır.

Bəs uşaqları qabiliyyətlərinə görə qruplaşdırmaq faydalıdırmı? Burada araşdırmaların cavabı daha müsbətdir.

Review of Educational Research jurnalında dərc olunan meta-analiz təxminən 100 illik tədqiqatları ümumiləşdirib. Nəticələr göstərib ki, sinif daxilində qabiliyyətə görə qruplaşdırma, fənn üzrə müxtəlif yaş qrupları ilə işləmək və istedadlı uşaqlar üçün xüsusi qruplaşdırma akademik nəticələrə müsbət təsir göstərə bilər. Eyni araşdırmada isə müxtəlif səviyyəli uşaqları ayrıca siniflərə bölən “between-class grouping” modelinin təsiri çox zəif olub.

Əgər yaradılan qrupda həmin uşaqların səviyyəsinə uyğun daha mürəkkəb, daha dərin proqram verilirsə, bunun faydası ola bilər. Çünki adi dərs ona çox asan gəlir. Yəni yüksək potensiallı uşağa daha çətin material vermək və onun daha sürətli irəliləməsinə imkan yaratmaq “uşağı başqalarından üstün tutmaq” deyil. Əgər uşağın təhsil ehtiyacı fərqlidirsə, bu həmin ehtiyaca uyğun proqram hazırlamaqdır.

“Bu, istedadlı uşaqdır” və “bu, zəif uşaqdır” kimi təsnifat uşağın özünə münasibətinə təsir göstərə bilər. 2026-cı ildə NAGC-nin materiallarında da vurğulanır ki, uşağın sadəcə “sən çox ağıllısan” sözünü eşitməsi kifayət deyil. O, müəyyən proqrama nə üçün seçildiyini və həmin proqramın onun inkişafına necə kömək edəcəyini anlamalıdır.

Əks halda “istedadlı” etiketi uşağın üzərinə gözlənti də qoya bilər: “Mən ağıllıyam, deməli səhv etməməliyəm”. Lakin elmi araşdırmalar belə uşaqların hamısının perfeksionist olması fikrini də təsdiqləmir.

“İstedadsız” uşaq varmı? Əslində bu sözün özü problem yaradır. Bir uşaq riyaziyyatda yaşıdlarından geri qala bilər, amma musiqidə, idmanda, texnologiyada və ya yaradıcılıqda güclü ola bilər. Hətta müəyyən sahədə bu gün zəif görünməsi onun gələcəkdə də belə olacağını söyləməyə əsas vermir.

NAGC də istedadın dinamik olduğunu, müxtəlif yaşlarda və müxtəlif şəraitlərdə fərqli şəkildə üzə çıxa bildiyini vurğulayır. Buna görə bir dəfə müşahidə aparmaqla uşağın üzərinə dəyişməz etiket qoymaq doğru yanaşma sayılmır.

C.Renzullinin yanaşması da buna yaxındır. O, istedadın insanla mühitin qarşılıqlı təsiri nəticəsində üzə çıxa biləcəyini və ənənəvi testlərin bəzi potensialları görə bilmədiyini qeyd edir.

Bu baxımdan, mütəxəssislər “istedadsız uşaq” ifadəsinin əvəzinə “hazırda müəyyən sahədə əlavə dəstəyə ehtiyacı olan uşaq” deməyi doğru sayırlar.

NAGC-nin terminologiyasında çevik qruplaşdırma şagirdlərin konkret məzmun, bacarıq və ya marağa uyğun olaraq müxtəlif qruplara daxil olub-çıxmasına imkan verir. Yəni uşaq bir fəndə daha güclü qrupda, başqa mövzuda isə fərqli qrupda ola bilər.

Məsələn, bir şagird riyaziyyatda qabaqcıl qrupda, oxu üzrə ümumi qrupda, incəsənətdə isə başqa xüsusi layihədə iştirak edə bilər. Bir müddət sonra onun səviyyəsi dəyişərsə, qrup da dəyişə bilər.

Belə sistem həm istedadlı uşağın ehtiyacını nəzərə alır, həm də başqa uşaqları “zəif” etiketi ilə məhdudlaşdırmır.

Elmi araşdırmaların ümumi mənzərəsi göstərir ki, istedadlı uşaqlara daha mürəkkəb, zəngin və onların hazırkı səviyyəsinə uyğun təhsil vermək faydalıdır. Bunun üçün xüsusi qruplar, proqramlar və sürətləndirmə imkanlarından istifadə edilə bilər. Məktəbin məqsədi “istedadlı uşaqları tapmaq”la bitməməlidir.

Əsas məqsəd hər uşağın hazırkı potensialını görmək və onu inkişaf etdirəcək mühit yaratmaqdır. Əslində təhsil sisteminin qarşısında duran sual da bu olmalıdır: “Uşaqların hər birinin daha yaxşı inkişafı üçün nə edə bilərik?”