OYUNCAQ SABİTLİK SİMVOLU OLMALIDIR
Son bir neçə ayda dünya oyuncaq sənayesində yeni trend çılğınlığı yaşanır. Dünyanın aparıcı KİV-lərinin və psixoloqlarının diqqət yetirdiyi bu axın Labubu adlı oyuncaqla bağlıdır.
Labubu nədir?
Elf və ya monstr formasında yumşaq, tüklü bədəni, iri gözləri, iti qulaqları olan və gülümsəyən bu obrazları 2015-ci ildə honq-konqlu rəssam Kasinq Lun yaradıb. Rəssam “The Monsters” seriyasının əsas personajı olan oyuncağı Skandinaviya folklorundan ilhamlanmaqla dizayn edib. 2019-cu ildə Çinin “Pop Mart” şirkəti Labubu fiqurlarının kütləvi istehsalına başlayıb və bu, oyuncağın dünya miqyasında populyarlaşmasına səbəb olub.
Kolleksiyanın ilk oyuncaqları 2015-ci ildən mövcud olsa da, sənət adamları və influserlər sayəsində Labubu 2025-ci ilin yazında məşhurluq zirvəsinə çatıb. Buna təkan verən isə 2024-cü ilin sonunda Cənubi Koreyanın qızlardan ibarət “Blackpink” qrupunun üzvü Lizanın və müğənni Rihannanın öz çantalarından Labubu oyuncağı asmaqları olub. Labubu trendi TikTok sayəsində öncə Çin, sonra Asiya, Kanada, ABŞ və Avropada məşhurlaşıb.
Bu oyuncaqların ağlagəlməz məşhurluğu kolleksiyaçıları onun bəzi köhnə modellərini axtarmağa məcbur edir. Dünyada oyuncağa tələbat o qədər artıb ki, “Pop Mart” şirkəti rəsmi saytında bir dəfəyə maksimum 6 ədəd oyuncaq almaq limiti müəyyənləşdirib. Oyuncağın bir çox modelləri tamamilə tükənib.
Yeri gəlmişkən qeyd edək ki, Labubu TikTok-un məşhurlaşdırdığı ilk oyuncaq deyil. Bir neçə il əvvəl Lyalya Fanfan ördəkləri də eyni şəkildə trend olub. Labubunu fərqləndirən cəhət odur ki, onu həm kolleksiyalaşdırmaq, həm oynamaq, həm də aksesuar kimi taxmaq olar.
Uşaq oyuncağı kimi yaradılan, sonra isə böyüklərin stil və status göstəricisinə çevrilən Labubu hamının diqqət mərkəzindədir. Onun inkişafını həm alıcılar, həm stilistlər, həm də psixoloqlar izləyir. Oyuncaqla bağlı moda stilisti Culiya Matos parents.com müsahibəsində deyib ki, “Bu, Z və Alfa nəsillərinin üslub, şəxsiyyət və onlayn mədəniyyətlə necə əlaqə qurduğunu çox yaxşı göstərən maraqlı prosesdir”. Matos bu dəbi bir vaxtlar Beanie Babies, Tamaqotçi və Furby kimi kütləvi kolleksiya asılılıqları ilə müqayisə edib. Amma Beanie, Tamaqotçi və Furby sosial media dövründən əvvəl populyarlaşıb, labubular isə TikTok-un gücünə sahibdir.
“Labubular kolleksiyalaşdırıla bilindiyindən yeniyetmələri özünə çəkir. Onlar qeyri-adi görünüşləri ilə sosial şəbəkələrdə paylaşmaq üçün çox cazibədardır”. Bu oyuncaqlar həm də TikTok-da məşhur olan “core” (özünəməxsus üslub) estetikasına tam uyğundur.
Stilistlər bildirir ki, “Bu gün fərdi üslub yalnız geyimlərlə deyil, toplanan kolleksiyalar və sosial mediada paylaşılan əşyalarla da ölçülür. Labubu yeniyetmə və gənclərin yaratdığı “estetik kimliyin bir parçasına çevrilib”. İndi çantadan Labubu asmaq və ya xüsusi modelləri toplamaq şəxsi üslubu nümayiş etdirməyin və ya trendə öz imzanı atmağın yollarından biri sayılır.
Bəs övladınıza Labubu almalısınızmı?
Uşaqlıq hər bir predmetin uşağın dünyasının bir hissəsinə çevrildiyi, emosiyaları, davranışları və gələcək düşüncə modellərini formalaşdırdığı dövrdür. Oyuncaqlar yalnız əyləncə vasitəsi deyil, həm də vacib psixoloji funksiyalar daşıyır: qorxularla mübarizə aparmağa, empatiyanı inkişaf etdirməyə və ətrafdakılarla qarşılıqlı əlaqəni möhkəmləndirməyə kömək edir.
Psixoloqlar bildirir ki, labubular – ilk baxışdan əyləncəli varlıqlar kimi görünsə də, onların “üz ifadəsi”ndən saxta mehribanlıq, hiyləgər baxış və bəzən də aqressiya oxunur.
Psixoloqlar Albert Banduranın eksperimentlərinə əsaslanaraq vurğulayırlar ki, uşaqlar gördükləri davranışları birbaşa təqlid edirlər. Əgər oyuncaq hiyləgərliyi və ya qəzəbi nümayiş etdirirsə, uşaq bunu oxşar hərəkətləri təkrarlamağa icazə kimi qəbul edir. Oyuncaq aqressiyanı “təsdiqləyirsə”, uşaq beyni bunu yadda saxlayır: “Belə etmək olar”.
6-7 yaşadək uşaqlar uydurma ilə həqiqəti ayırd edə bilmirlər. Əgər yumşaq canavar hiyləgərcəsinə “göz qırpırsa”, uşaq düşünə bilər ki, gecə canavar canlanacaq Nəticədə onun gecə qorxuları yarana bilər. Bu mərhələdə uşağın beyni fizioloji olaraq “oyunu” potensial təhlükədən ayıra bilmir.
Uşaq psixologiyası üzrə mütəxəssis Donald Vinnikott qeyd edib ki, oyuncaq uşaq üçün sabitlik və müdafiə simvolu olmalıdır. Lakin Labubu ikili mimikası ilə (məsələn, təbəssüm və dar gözlər) çox vaxt uşaqların şüuraltında narahatlıq yaradır. Azyaşlı uşağın təsəvvürü şəkillər üzərində qurulur. Əgər o, mehriban obrazlarla oynayırsa, dostluq və qarşılıqlı yardım hekayələri uydurur. “Yırtıcı” Labubu ilə isə onun beynində qurduğu ssenarilər təhlükəli ola bilər.
Mütəxəssislər uşaqlara Labubu əvəzinə neytral mimikaya malik kuklalar, inkişaf etdirici oyuncaqlar (konstrukturlar, pazllar) almağı tövsiyə edirlər.
Əgər siz artıq övladınıza Labubu almısınızsa, və o da oyuncağa bağlanıbsa, bu halda nə etməli?
- Labubu uşağı qorxudurmu? Öncə bunu yoxlamağa çalışın. Bəlkə uşaq bu haqda danışmağa qorxur. Valideynin övladının davranışını müşahidə etməsi vacibdir: oyuncaq alındıqdan sonra uşaqda narahatlıq və ya aqressivlik olurmu?
- Oyuncaqla bağlı müzakirə aparın: “Səncə, bu necə qəhrəmandır? Sən onun yerində olsaydın necə davranardın?” deyə soruşun.
- Oyuncağı tədricən başqa oyuncaqla əvəz etməyə çalışın: ona yeni “mehriban” yumşaq dost təklif edin və Labubu ilə oyun vaxtını azaldın.
Labubu fenomeni həm müasir trendlər və sosial medianın gücünü, həm də oyuncaqların uşaqlar və böyüklər üçün fərqli məna daşıya bildiyini göstərir. Bir tərəfdən o gənclərin üslub və özünüifadə vasitəsinə çevrilib, digər tərəfdən isə uşaqlar üçün psixoloji risklər daşıya bilər. Bu səbədən də valideynlər seçim edərkən təkcə trendi deyil, həm də övladlarının psixoloji sağlamlığını nəzərə almalıdırlar. Oyuncaqlar nə qədər populyar və gözəl olsa da, onların yaratdığı emosional təsir hər şeydən önəmlidir.
Zemfira Məmmədqızı