TƏHSİLDƏ “MİKELANCELO FENOMENİ”




Təhsilin məqsədi şagirdlərə bilik ötürməklə yanaşı, onların öz potensiallarını kəşf və inkişaf etdirmələrinə şərait yaratmaqdır. Lakin bunun üçün müəllimin şagirdə yanaşması xüsusi əhəmiyyət daşıyır. Bəzən eyni dərsi dinləyən, eyni tapşırığı yerinə yetirən və eyni yüksək gözləntilərlə qarşılaşan iki şagirddən biri özünə “Mən bunu bacara bilərəm” deyə inanır, o biri isə “Mən heç vaxt kifayət qədər yaxşı olmayacağam” fikrinə düşür. Bu fərqin səbəblərindən biri şagirdin öz güclü tərəflərini necə tanıması və müəllim tərəfindən necə dəstəklənməsidir.

Bu baxımdan, “Mikelancelo fenomeni” təhsil üçün maraqlı və faydalı bir yanaşma təqdim edir. Bu anlayış Mikelancelonun mərmərdən David heykəlini yaratması ilə bağlı məşhur təsəvvürə əsaslanır. Sanki heykəltəraş mərmər blokunun içində artıq mövcud olan fiquru görür və sadəcə ona mane olan hissələri aradan qaldırır. Psixologiyada bu fenomen yaxın münasibətlərdə insanların bir-birinin potensialını görməsi, güclü tərəflərini təsdiqləməsi və onları ideal mənliklərinə doğru inkişaf etdirməsi ilə əlaqələndirilir. Təhsil mühitində isə müəllim şagirdin potensialını görən və onun inkişafına kömək edən mühüm şəxsdir.

Bu yanaşmanın ən mühüm prinsiplərindən biri odur ki, yüksək gözləntilər aşağı salınmamalıdır. Müəllim şagirdin çətinlik çəkdiyini gördükdə ondan daha az tələb etmək əvəzinə, onun həmin məqsədə hansı yolla çata biləcəyini düşünməlidir. Çünki bütün şagirdlərin eyni şəkildə öyrənməsi mümkün deyil. Bir şagird vizual materiallardan səmərəli istifadə edə, o biri müzakirə zamanı öz fikirlərini aydın çatdıra, başqa biri isə yazmaq və sual vermək vasitəsilə mövzunu dərindən anlaya bilər.

Deməli, fərdi yanaşma təlim məqsədini sadələşdirmək demək deyil. Əksinə, məqsəd eyni qalır, lakin məqsədə aparan yollar müxtəlif olur. Məsələn, bütün şagirdlərdən müəyyən bir əsəri oxumaq, təhlil etmək və əsaslandırılmış esse yazmaq tələb oluna bilər. Lakin bir şagird əsərdəki obrazların münasibətlərini əvvəlcə şəkil vasitəsilə təsvir edə, başqa bir şagird mətnə suallar əlavə edə, üçüncü şagird isə qrup müzakirəsində iştirak edə bilər. Nəticədə, onların hamısı eyni öyrənmə məqsədinə çatır. Bu, diferensiallaşdırılmış təlimin əsas mahiyyətlərindən biridir.

Burada müəllimin ilk vəzifələrindən biri şagirdin güclü tərəfini müəyyən etməkdir. Ənənəvi təhsil mühitində şagird haqqında ilk təsəvvür çox vaxt onun qiymətləri və test nəticələri əsasında formalaşır. Halbuki yüksək qiymət almayan şagird də yaradıcılıq, maraq, empatiya, liderlik, davamlılıq və ya güclü müşahidə qabiliyyəti kimi mühüm xüsusiyyətlərə sahib ola bilər. Buna görə müəllim şagirdi yalnız “nəyi bilmir?” sualı ilə deyil, həm də “nəyi yaxşı bacarır?” sualı ilə qiymətləndirməlidir.

Bu yanaşma müəllim və şagird arasında daha müsbət münasibət yaratmağa da kömək edir. Şagird öz güclü tərəfinin müəllim tərəfindən görüldüyünü hiss etdikdə onun dərsə münasibəti dəyişə bilər. O özünü yalnız çatışmazlıqları olan bir şagird kimi deyil, müəyyən bacarıqları və inkişaf potensialı olan fərd kimi görməyə başlayır.

Müəllimin dəyərləndirilməsi də bu prosesdə mühüm rol oynayır. “Əla işdir”, “Çox yaxşıdır” və ya “Daha çox çalışmalısan” kimi ümumi ifadələr şagirdə onun uğurunun və ya çətinliyinin səbəbini tam izah etmir. Bunun əvəzinə, müəllim şagirdin hansı güclü xüsusiyyətinin onun uğuruna kömək etdiyini konkret şəkildə göstərməlidir. Məsələn, “Verdiyin suallar mətndə başqalarının diqqət etmədiyi məqamları üzə çıxarmağa kömək etdi” demək şagirdə öz maraq və sualvermə bacarığının dəyərini göstərir. Təhsil tədqiqatçıları Con Hattie və Helen Timperley qeyd edirlər ki, əks-əlaqənin şagird öyrənməsinə təsiri onun necə və hansı məqsədlə verilməsindən asılıdır. Onların fikrincə, şagirdə yalnız “yaxşı” deməkdənsə, onun tapşırığı necə yerinə yetirdiyini, hansı strategiyadan istifadə etdiyini və qarşıya qoyulan məqsədə çatmaq üçün növbəti addımının nə olmalı olduğunu göstərən rəy daha faydalıdır.

Belə dəyərləndirmə xüsusilə özünə inamı aşağı olan şagirdlər üçün əhəmiyyətlidir. Məsələn, bir şagird özünü müəyyən fəndə uğursuz hesab edə bilər. Əgər müəllim yalnız onun səhvlərini göstərirsə, bu mənfi təsəvvür daha da möhkəmlənə bilər. Lakin müəllim onun, məsələn, maraq göstərmək və düzgün suallar vermək bacarığını vurğulasa, şagird özünü fərqli görməyə başlaya bilər. Daha sonra həmin güclü tərəf onun analiz, arqument qurma və yazı bacarıqlarının inkişafı üçün başlanğıc nöqtəsinə çevrilə bilər.

Bu yanaşmanın təhsilə verdiyi ən böyük mesajlardan biri budur ki, müəllim bütün şagirdləri eyni formaya salmağa çalışmamalıdır. Sinifdəki müxtəliflik problem deyil, əksinə, düzgün istifadə edildikdə böyük üstünlükdür. Hər şagirdin fərqli maraqları, bacarıqları və öyrənmə yolları ola bilər. Müəllimin vəzifəsi bu fərqləri aradan qaldırmaq yox, onları öyrənmə prosesinin bir hissəsinə çevirməkdir.

Nəticə etibarilə, yüksək gözləntilər və fərdi yanaşma bir-birinə zidd anlayışlar deyil. Əksinə, onlar birlikdə daha effektiv təlim mühiti yarada bilər. Müəllim şagirdlərdən yüksək nəticələr gözləməli, lakin hər bir şagirdin həmin nəticəyə çatmaq üçün fərqli başlanğıc nöqtəsinə ehtiyacı olduğunu qəbul etməlidir. Bunun üçün əvvəlcə şagirdin güclü tərəfi müəyyən edilməli, sonra həmin gücdən istifadə edən müxtəlif öyrənmə imkanları yaradılmalı və əks-əlaqə zamanı uğurun arxasında dayanan bacarıq konkret şəkildə göstərilməlidir.

Əslində, yaxşı müəllim şagirdin yerinə heykəl yaratmır. O, şagirdin daxilində artıq mövcud olan potensialı görür, ona öz gücünü tanımağa kömək edir və inkişaf üçün doğru şərait yaradır. Təhsilin ən böyük uğurlarından biri də şagirdin yalnız daha yaxşı nəticə göstərməsi deyil, “mən bunu bacara bilərəm və bunun üçün məndə lazım olan güclü tərəflər var” düşüncəsinə gəlməsidir.