SİNİFDƏ SOSİAL SƏRHƏDLƏRİ AZALDA BİLƏRİK?

Tədqiqatlar göstərir ki, şagirdlər fiziki olaraq eyni məkanda olsalar belə, bu, onların bir-birilərini emosional və sosial səviyyədə qəbul etməsinə zəmanət vermir. Məsələn, Bolonya Universitetinin tədqiqatçısı Nikola Nasinin araşdırması göstərir ki, sinif daxilində uşaqların sosial münasibətləri öz-özünə və sabit şəkildə formalaşmır. Əksinə, bu münasibətlər uşaqların bir-biri ilə danışması, jest və mimikalardan istifadə etməsi, kimə yaxın və ya uzaq durması kimi gündəlik davranışlar vasitəsilə daim yenidən qurulur. Bu proses zamanı bəzi uşaqlar daha çox qəbul olunur, digərləri isə tədricən kənarda qala bilir.
Son zamanlar tez-tez qeyd olunur ki, məktəb mühiti təkcə akademik biliklərin ötürüldüyü deyil, eyni zamanda şagirdlərin sosial bacarıqlar qazandığı, özlərini cəmiyyətin bir parçası kimi hiss etməyi öyrəndiyi məkandır. Lakin orta və yuxarı siniflərdə şagirdlər arasında formalaşan sosial qruplaşmalar bu mühitdə ayrılıq, yadlaşma və bəzən də kənarda qalma hissinə səbəb ola bilər. Bu qruplaşmalar çox vaxt idman, sosial status, akademik və ya şəxsi maraqlar əsasında yaranır.
Əslində problemin kökündə daha dərin sosioloji və psixoloji mexanizmlər dayanır. Sosial psixologiyada geniş tanınan “ingroup favoritizmi” anlayışı, yəni insanların öz qrupuna mənsub şəxslərə üstünlük verməsi, qrupdan kənar olanların isə daha az qəbul edilməsi tendensiyası mövcuddur. Bu fenomen Muzafer Şerifin 1954-cü ildə apardığı “Robbers Cave” təcrübəsində də nümayiş etdirilib. Belə ki, müxtəlif qruplar arasında rəqabət yarandıqda, qrup daxili bağlılıq güclənir, lakin qruplararası qarşılıqlı münasibət pisləşir.
Bu nöqtədə daha təsirli və mənalı yanaşma kimi empatiya müsahibələri ön plana çıxır. Empatiya müsahibələri şagirdlərin bir-birini sadəcə tanımaqla kifayətlənməyib, qarşı tərəfin düşüncələrini, hisslərini və təcrübələrini anlamağa yönəlmiş strukturlaşdırılmış söhbətlərdir. Bu metod dizayn düşüncəsi yanaşmasından ilhamlanaraq tətbiq olunur və əsas məqsədi “qarşımdakı insan kimdir?” sualına səmimi cavab tapmaqdır.
Empatiya müsahibələrinin effektiv nəticə verməsi üçün ilk mərhələdə şagirdlər fərqli sosial qruplardan olan tərəfdaşlarla bir araya gətirilir. Məqsəd gündəlik məktəb həyatında bir-biri ilə demək olar ki, ünsiyyət qurmayan şagirdlər arasında yeni əlaqə yaratmaqdır. Məsələn, məktəbin idman komandasında fəal olan şagird rəsm və ya musiqi ilə maraqlanan başqa şagirdlə eyni fəaliyyət çərçivəsində bir qrupa daxil edilə bilər. Normal şəraitdə bu iki şagird eyni məkanda olsalar belə, çox vaxt bir-birini görmür və ya yalnız səthi salamlaşma ilə kifayətlənir. Empatiya müsahibələri isə bu səthi münasibəti aradan qaldıraraq daha dərin və mənalı ünsiyyət yaratmağa yönəlib.
Növbəti mərhələdə müəllimlərin rolu xüsusi əhəmiyyət daşıyır. Müəllimlər empatik ünsiyyətin necə qurulacağını şagirdlərə nəzəri izahdan çox, praktiki nümunə ilə göstərirlər. Məsələn, iki müəllimdən biri müsahibə alan, digəri isə müsahibə verən rolunu canlandırır. Bu zaman aktiv dinləmənin necə aparıldığı - göz təması qurmaq, başı ilə təsdiq etmək, qarşı tərəfin sözünü kəsməmək şagirdlərə açıq şəkildə göstərilir. Eyni zamanda müəllimlər vurğulayır ki, empatiya müsahibəsində əsas məqsəd cavab vermək yox, qarşı tərəfi anlamaqdır.
Şagirdlərə açıq sualların əhəmiyyəti də konkret nümunələrlə izah olunur. Məsələn, “Məktəbi sevirsənmi?” kimi qapalı sual əvəzinə, “Məktəbdə özünü nə vaxt rahat və təhlükəsizlikdə hiss edirsən?” sualının verilməsi tövsiyə olunur. Bu cür suallar müsahibə verən şagirdi daha çox danışmağa, öz hiss və düşüncələrini ifadə etməyə təşviq edir. Həmçinin şagirdlərə öyrədilir ki, verilən cavablar mühakimə olunmamalı, “bu düzgün deyil” və ya “mən belə düşünmürəm” kimi reaksiyalardan çəkinmək lazımdır.
Bəzi hallarda müəllimlər müsahibə prosesini daha rahat və səmimi etmək üçün əlavə dəstək üsullarından da istifadə edirlər. Məsələn, şagirdlər müsahibə zamanı kiçik qeydlər apara, eşitdikləri fikirləri simvollarla və ya sadə rəsmlərlə ifadə edə bilərlər. Bu, xüsusilə özünü şifahi ifadə etməkdə çətinlik çəkən şagirdlər üçün faydalı olur. Digər bir nümunədə isə müsahibənin sonunda hər şagird qarşı tərəf haqqında öyrəndiyi bir yeni məqamı paylaşır. Məsələn, şagirdlərdən biri qarşısındakı sinif yoldaşının evdə kiçik bacısına baxmaq məsuliyyəti daşıdığını və buna görə bəzən dərslərə yorğun gəldiyini öyrənə bilər. Bu cür məlumatlar şagirdlər arasında anlayış və hörmət hissini gücləndirir.
Bəzi hallarda söhbəti daha rahat və təbii etmək üçün rəsmlər çəkmək, sadə oyunlar və ya qeyri-formal fəaliyyətlər də prosesə daxil edilir.
Empatiya müsahibələrinin nəticələri olduqca müsbət olur. Şagirdlər əvvəllər stereotiplərlə yanaşdıqları sinif yoldaşlarının əslində oxşar qorxular, stress və təzyiqlər yaşadığını anlayırlar. Bu isə qarşılıqlı anlayışın və hörmətin formalaşmasına şərait yaradır. Əksər şagirdlər ilk dəfə olaraq fərqli bir sosial qrupdan olan insanla səmimi söhbət etdiyini və bunun gözlədiyindən daha asan olduğunu etiraf edir.
Şagird qruplaşmaları məktəb həyatının təbii və qaçılmaz bir hissəsi olsa da, bu qruplaşmalar zamanla sərt və keçilməz sərhədlərə çevrildikdə, məktəbdə inklüziv və təhlükəsiz mühitin formalaşmasına ciddi şəkildə mane ola bilər. Belə hallarda bəzi şagirdlər kənarda qalır, özlərini tənha və anlaşılmamış hiss edir, digərləri isə fərqli olanlara qarşı məsafəli və laqeyd münasibət göstərməyə başlayır. Bu isə təkcə sosial münasibətlərə deyil, eyni zamanda şagirdlərin emosional rifahına, akademik motivasiyasına və məktəbə aidlik hissinə də mənfi təsir göstərir.
Empatiya müsahibələri bu sərt sosial sərhədləri yumşaltmaq və şagirdlər arasında daha dərin, səmimi və mənalı əlaqələr qurmaq üçün təsirli və məqsədyönlü bir vasitə kimi çıxış edir. Bu metod şagirdlərə sadəcə bir-biri ilə danışmaq imkanı yaratmır, onları qarşı tərəfi diqqətlə dinləməyə, fərqli həyat təcrübələrini anlamağa və bu fərqliliklərə hörmətlə yanaşmağa təşviq edir. Şagirdlər bu prosesdə başa düşürlər ki, sosial etiketlər və stereotiplərdən kənarda hər bir insanın özünəməxsus çətinlikləri, qorxuları və ümidləri var.
Nəticə etibarilə, empatiya müsahibələri göstərir ki, şagirdləri bir araya gətirmək üçün hər zaman oyunlar, qaydalar və formal fəaliyyətlər kifayət etmir. Bəzən ən güclü dəyişiklik sadə, lakin dərin bir addımdan - dinləməkdən, anlamaqdan və qarşı tərəfi insan kimi görməkdən başlayır. Belə yanaşma məktəbi yalnız təhsil verilən yer deyil, eyni zamanda qarşılıqlı hörmətin, anlayışın və birlik hissinin formalaşdığı bir icmaya çevirə bilər.
Ağca Talıbova

