SİNİF BİR FİLMDİR

Fransada çəkilən “Sinif” (Entre les Murs, 2008) filmi daha əvvəl təhlil etdiyimiz filmlərlə bənzər və fərqli xüsusiyyətlərə malikdir. Süjetin əsasında şagird və müəllim psixologiyasının kəsişdiyi nöqtələr dayanır. Adətən, filmlər dram, komediya və s. janrlarında olur, hazırkı filmimizi isə “xaos” janrı olaraq qeyd etmək istərdim. Müəllim və şagirdlər arasında emosional əlaqə zəif olanda bir sinifdə nələr yaşana biləcəyini rejissor filmdə başlanğıcdan final səhnəsinə qədər ustalıqla əks etdirə bilib. Filmi izləyərkən insan özünü bir qarma-qarışıqlıq içində ilişib qalmış kimi hiss edir. Müəllimlər bu filmi sinif idarə etməyin ən çətin tərəflərini görmək üçün izləyə bilərlər.
Filmdə hadisələr Parisin mərkəzində yerləşən məktəblərdən birində baş verir. Müxtəlif fənləri tədris edən müəllimlərin fikirləri və yanaşmaları diqqət çəkir. Əsas diqqət isə fransız dili dərslərinə yönəlib. Xüsusi olaraq dil dərsinin seçilməsi rejissora müasir dövrdə tədris və təhsil sahəsində diqqətdən kənar qalan ünsiyyət məsələsinə vurğu etmək imkanı verir. Xüsusilə test sistemi əsaslı dəyərləndirmə mexanizminin şagirdlərin və hətta müəllimlərin ünsiyyət qurmaq bacarıqlarında necə əks olunması ön plana çəkilir.
Dərs ilinin başlanğıcında dərslərdən qabaq müəllimlərin özlərini təqdim etdiyi qeyri-formal bir iclas keçirilir. Bununla da rejissor vermək istədiyi mesajın ünsiyyət və təqdimat bacarıqları olduğunu izləyiciyə əvvəldən göstərmək istəyir. Bu səhnədə hətta bir-birlərini illərlə tanıyan müəllimlər belə özlərini qarşılıqlı təqdim edir. Aşpazın da səhnədə yer alması tədris prosesində iştirak edən hər kəsin birbaşa və ya dolayı olaraq təhsilin keyfiyyətinə görə məsul olduğuna işarə edir. Bu, eyni zamanda müəllimlər arasında münasibətlərin sağlam olmasının vacibliyinə diqqət çəkir. Növbəti epizodlarda isə bu sağlamlığın zəif olmasının fəsadları ilə qarşılaşırıq.
Şagirdlərin davranışları ilə bağlı ilk böyük etiraz informatika müəllimindən gəlir. Həmin səhnədə müəllimin şagirdlərlə bağlı ifadələri və fikirləri sinif daxilində idarəçilik bacarıqlarının minimum səviyyəyə düşdüyünə dəlalət edir. Bundan əlavə, psixoloji olaraq ən az hazırlıqlı müəllimin də informatika müəllimi olması təsadüfən seçilməyib. Texnologiyanın inkişafı müsbət hal olsa da, onun törətdiyi fəsadlardan biri də insanlar arasında ünsiyyətin azalmasıdır. Problemlərin əks etdirilməsində ilk olaraq bu fənnin seçilməsi ilə də rejissor bu məsələni vurğulamağa çalışır. Şagirdlərdən şikayət – deyinmə və yüksək səslə etiraz formasında ifadə olunduqdan sonra müəllim verdiyi reaksiyanın mənasını özü açıqlayır, bunu birbaşa onun dilindən eşitmək daha maraqlıdır.
Filmdəki əsas ideyalardan biri də müəllimlərin “burnout” (tükənmə) halı və şagirdlərin “görülmə arzusu” kimi şüuraltı məsələlərin qarşılaşdırılmasıdır. Sanki film müəllim və şagirdləri bu vəziyyətdə kimin özünü daha çox gərgin hiss etməsilə bağlı yarışa yönləndirir. Bəhs etdiyimiz tükənmə halı daha çox fransız dili müəllimində əks olunur. Onun iştirak etdiyi səhnələrin hamısında istifadə etdiyi bütün ifadələr və bədən dili müəllimin cinayətkara çevrilmək ehtimalına işarə edir. Süleymanın (ən problemli şagird) sonlara doğru az qala cinayət törətməsi epizodu da müəllimin özündə idarə edə bildiyi hisslərinin şagirddə fərqli təzahürünə işarə edir.
Sinfin beynəlmiləlliyi Fransanın cəmiyyət olaraq quruluşunu əks etdirir. Müxtəlif qitələrdən və ölkələrdən olan uşaqlar bir coğrafiyada anlaşmağa və anlaşılmağa çalışırlar. Film boyu uşaqlar müəllimlərinin onları alçaltmağa meyilli olması, müəllimlər isə şagirdlərin kütbeyin olması ilə bağlı fikirləri müxtəlif formalarda təkrar edirlər. Müəllimlərin empatiya və emosional zəka səviyyəsinin aşağı olması və şagirdlərin valideynlərindən kifayət qədər diqqət və qayğı almaması sonda sinif daxilində şagirdlərin müəllimlərini düşmən elan etməsinə, bir-birlərinə qarşı təcavüzkar davranmasına səbəb olur. Müəllimlərin də bunun öhdəsindən gələ bilməməsi problemi pik həddə çatdırır.
Filmdə bir epizodda uşaqlar müəllimin lövhədə yazdığı örnəyi onların etnik mənsubiyyətlərinə uyğun adlarla verməsini istəyirlər. Bu, filmin gizli qalan kulminasiya nöqtəsidir desək, yanılmarıq. Belə ki, bu istək şagirdlərin “kimlik arzuları”nı gerçəkləşdirmək meyillərinin təzahürüdür və uşaqlar üçün ən vacib məsələlərdəndir. Müəllim isə şagirdlərin digər istəkləri kimi buna da laqeydliklə qarşılıq verir və idarəsini itirdiyi sinfi yenidən ələ almaq üçün ən böyük imkanını itirir.
Filmin rejissoru psixologiyada geniş yayılmış yazmaq metodunu problem həll etmək və özünü ifadə etmək vasitəsi olaraq təqdim edir. Belə ki, müəllim uşaqlara yazmağı tapşırandan sonra sanki tərəflər arasında nisbi bir anlaşma mühiti yaranır. Yazmaqla bərabər oxumaq texnikası da sınaqdan keçirilir. Lakin uşaqlar yazmağa daha çox meyil edirlər, oxumaq isə arxa planda qalır. Bu psixoloji olaraq anlamaqdan öncə anlaşılmaq ehtiyacına işarə edir. Bu qədər yaramazlıq etmələrinə və sinifdə xaos hökm sürməsinə rəğmən “utanıram” ifadəsi şagirdlərin əksəriyyətinin ya dillərində, ya da üzlərində oxunur. Bu utanma hissi uşaqların yaş dövrü ilə bağlı bir əxlaqi normanın təzahüründən daha çox “özünəinamın əksikliyi”nə dəlalət edir. Bu əksiklik onların sosial fəaliyyətlərində və akademik çalışmalarında da özünü göstərir.
Rejissorun müəllimlərə müzakirə etdirdiyi məsələlərdən biri də qiymətləndirmə və cəzalandırma mexanizmləridir. Filmdə müəllimlər bu baxımdan həmfikir ola bilmir. Bəziləri statistik nəticələrə əsasən qiymətləndirmənin vacibliyini müdafiə edir, bəziləri isə dəyərlər kodeksi yönündən yanaşaraq şagirdlərin davranışlarının da rol oynadığını deyir. Beləliklə, şagirdlərin “uğurlu şagird” olub-olmaması haqqında qərar yekdilliklə qəbul edilə bilmir. Cəzalandırma mexanizmi isə psixoloji, sosial və peşə etikası, insan hüquqları baxımından daha dərin şəkildə ifadə edilir. Burada cəzalandırmanın mənfi nəticələrinin yanlış qiymətləndirmə meyarlarının tətbiq olunmasından belə vacib olduğu fikri müdafiə edilir. Müəllimlər iclas zamanı cəzalandırmaqla da bağlı yekdil nəticəyə gələ bilmir. Hər birinin öz təklifi və iradı olduğu üçün ortaq məxrəcə gəlmək alınmır. Sonda Süleymanın məktəbdən qovulması ən ağır cəzanın çıxış yolu olaraq görülməsinə örnək sayıla bilər. Bu epizodda bir məsələyə də diqqət yetirilir. Süleymanın şagird yoldaşına yetirdiyi fiziki xəsarətdə müəllimin də payı var. Müəllim də bunu başa düşür, lakin özünü arxa-dayaqsız hiss edir. Bu vəziyyət onun Süleymanın çarəsizliyini anlamasına yardımçı olur, ona kömək etmək istəyir, amma alınmır. Fransız dili müəlliminin bu inamsızlığı, ümumiyyətlə, müəllimlərin görmək istədiyi dəstəyin çatışmazlığını əks etdirir.
Son epizodda isə artıq Süleyman məktəbdən xaric edilib və yenə də hər şey öz axarında davam edir. Xaosun bitib-bitməyəcəyi barədə heç bir məlumat yoxdur, eynilə gələcəyin müəmmalı tərəfləri kimi. Gələcəyin görünən tərəfi rejissor üçün müəllim və şagirdlərdir. Şagirdlərin eyni müəllimlər tərəfindən yetişdirilməsi ilə davam edən film onların qiymətləndirilməsi ilə də sona çatır.
Qasım Qurbanov

