EV TAPŞIRIĞINI YERİNƏ YETİRMƏK İSTƏMƏMƏK

Yeni dərs ilinin başlaması ilə valideynlərin qayğıları da artır. Övladının məktəb və dərslərlə bağlı davranışları onlar üçün olduqca əhəmiyyətli sayılır. Bu prosesdəki kiçik problemə belə valideyn olduqca sərt reaksiya verir. Məsələn, ensiklopediyanı maraqla oxuyan, oxuduqları barədə danışan, suallar verən, hətta əlavə məlumat axtaran uşaq müəllimin verdiyi ev tapşırığını yerinə yetirmək istəmir.
Valideynin ağlına gələn ilk söz isə çox vaxt eyni olur: “Tənbəllik edirsən”.
Bəs həqiqətən belədirmi?
Uşağın tapşırığı yerinə yetirməkdən imtina etməsi ilə onun “tənbəl” olması eyni şey deyil. Birinci halda valideyn yalnız davranışı görür, ikinci halda isə həmin davranışı izah edir. Halbuki eyni davranışın arxasında tamamilə fərqli səbəblər dayana bilər.
Mövzunu araşdıran amerikalı tədqiqatçılar uşağın məktəbdə motivasiyasının azalmasının səbəbləri arasında öyrənmə və dil çətinliklərini, diqqət və icraedici funksiyalarla bağlı problemləri, narahatlığı, depressiyanı, obsesiv-kompulsiv pozuntunu (OKP) və sadəcə darıxdırıcılığı göstərir. Child Mind Institute-nin mütəxəssisləri ilk addım kimi uşağın qarşısında nəyin maneə yaratdığını müəyyənləşdirməyi tövsiyə edir.
Yəni “Niyə etmir?” sualından əvvəl “Ona bunu etməyə nə mane olur?” sualını vermək daha doğru ola bilər.
Uşaq rahatlıqla oxuya, amma yazmaqda çətinlik çəkə bilər. Mürəkkəb mətnləri, kitabları oxumaqla oxuduqlarını iki cümlə ilə ifadə etmək eyni bacarıq deyil. Uşaq mövzunu anlaya bilər, hətta böyüklərə çox maraqlı məlumatlar danışa bilər. Amma əsas fikri seçmək, onu qısaltmaq, cümlə qurmaq və yazıya köçürmək onun üçün çətin ola bilər. Belə vəziyyətdə o tapşırığı yerinə yetirmək istəmədiyi üçün deyil, tapşırığın müəyyən hissəsində çətinlik çəkdiyi üçün ondan qaça bilər.
CMI qeyd edir ki, öyrənməyin çətinliyi və ya icraedici funksiyalarla bağlı problem yaşayan uşaqlar çətinlik çəkdikləri sahədə uğur qazana bilmədikdə tədricən cəhd etməkdən vaz keçə bilərlər. Kənardan isə bu davranış “çalışmır”, “istəmir”, hətta “tənbəldir” kimi görünə bilər.
Bu səbəbə görə uşaq yazı tapşırığından qaçırsa, “Niyə yazmırsan?” sualından daha faydalı “Yazmağın hansı hissəsi sənə çətin gəlir?” sualı ola bilər.
Uşağın ev tapşırığını yerinə yetirmək istəməməsinin daha az görünən səbəblərindən biri narahatlıqdır.
Narahat uşaq həmişə qorxduğunu və ya narahat olduğunu demir. Onun davranışı başqa cür görünə bilər: diqqəti yayınar, işi yarımçıq qoyar, cavab verməkdən qaçar, əsəbiləşər və ya tapşırığı ümumiyyətlə təhvil verməz.
Deməli, “Etmək istəmir” ifadəsinin arxasında bəzən “Düzgün edə bilməyəcəyimdən qorxuram” fikri dayana bilər.

Uşaq bir neçə dəfə müəyyən tapşırıqda uğursuz olduqda, növbəti dəfə onun həmin işi görməyə həvəs göstərməməsi təəccüblü deyil. Məsələn, yazı yazmaqda çətinlik çəkən uşaq hər dəfə uzun müddət oturub, dəfələrlə silib, yenidən yazıb və sonda yenə müəllimdən aşağı qiymət alıbsa, növbəti tapşırıq qarşısında “Mən bunu etməyəcəyəm” deməsi əslində özünü uğursuzluqdan qorumaq cəhdi ola bilər.
Bu zaman uşağı “tənbəl” adlandırmaq problemi daha da ağırlaşdıra bilər.
The Washington Postun bu mövzuda dərc etdiyi məqalədə də mütəxəssislər uşaqların tapşırığı yerinə yetirməmək istəyinin arxasında yalnız diqqət çatışmazlığı deyil, narahatlıq, öyrənməkdə çətinlik və ya travma kimi səbəblərin də dayana biləcəyini vurğulayır. Məqalədə uşağın “oturub işləyə bilməməsi” ilə “işləmək istəməməsi” arasındakı fərqə diqqət yetirilir.
Məktəb, əlavə məşğələlər, kurslar, idman, ev tapşırığı... Bütün bunlar uşağın gününü doldurursa, onun axşam saatlarında daha bir tapşırığa müqavimət göstərməsi həmişə tənbəllikdən irəli gəlmir.
Qəzet uşaqlar üzərində artan akademik təzyiq barədə yazarkən valideynlərin və uşaqların məktəb, ev tapşırığı və başqa fəaliyyətlərlə getdikcə daha çox yükləndiyinə diqqət çəkib. Məqalədə uşaqların boş vaxtının azalmasının onların psixoloji vəziyyətinə təsiri də vurğulanıb. Bəs burada valideynin rolu nədən ibarətdir?
Ən vacibi uşağı dərhal mühakimə etməməkdir. Əgər uşaq “tapşırığı yerinə yetirə bilmirəm” deyirsə, tapşırığı kiçik hissələrə bölməklə ona kömək etmək olar.
Child Mind Institute uşaqlarda motivasiya problemi ilə qarşılaşdıqda əvvəlcə uşağın, müəllimin və valideynin müşahidələrinin nəticələrini bir yerə toplamağı, uşağın qarşısında hansı maneənin olduğunu müəyyənləşdirməyi tövsiyə edir.
Bir dəfə ev tapşırığını etmək istəməmək problem deyil. Uşaq yorula, darıxa və ya sadəcə həmin gün başqa şey etmək istəyə bilər. Amma davranış davamlıdırsa, müxtəlif fənlərdə təkrarlanırsa və məktəb nəticələrinə təsir edirsə, səbəb daha diqqətlə araşdırılmalıdır. Xüsusilə uşaq daim müəyyən tapşırıqlardan qaçırsa, oxumaq və yazmaqda yaşıdlarından xeyli çətinlik çəkirsə, işini heç vaxt bitirə bilmirsə, həddindən artıq narahat olur və ya “Mən bacarmıram” kimi ifadələri tez-tez işlədirsə, müəllimlə danışmaq faydalıdır.
Bəzən isə uşağın davranışını yalnız müəllim və valideynin müşahidəsi ilə izah etmək mümkün olmur. Belə hallarda müvafiq mütəxəssisin qiymətləndirməsi lazım gələ bilər.
Burada valideynin istifadə etdiyi dil də əhəmiyyətlidir. “Sən bunu niyə bacarmırsan?” və ya “Başqaları edir, sən niyə etmirsən?” kimi müqayisələr uşağın problemini həll etmir. Əksinə, uşaqda özünə inamsızlıq yarada və bütövlükdə təhsildən soyuda bilər.
Mütəxəssislər qeyd edir ki, bəzən uşağa kömək etmək üçün onun davranışını yox, bu davranışa baxışımızı dəyişməliyik.

