AZƏRBAYCANDA İNNOVATİV MƏKTƏB NÜMUNƏSİ

Müasir dövrün təhsil yeniliklərindən biri də innovativ məktəb modelidir. İnnovativ məktəb anlayışı yalnız texnologiya ilə təmin olunmuş məktəb demək deyil. Bu model şagirdlərin düşünmə, araşdırma, yaradıcılıq, əməkdaşlıq və müstəqil qərarvermə bacarıqlarını inkişaf etdirən təhsil mühitini ifadə edir. Belə məktəblərin əsas məqsədi şagirdləri təkcə imtahanlara deyil, gələcək həyata və cəmiyyətə hazırlamaqdır.
Son illərdə Azərbaycanda da təhsildə innovativ yanaşmaların tətbiqinə xüsusi diqqət yetirilir. Bu istiqamətdə pilot layihələr və yeni modellər həyata keçirilir. İnnovativ məktəb modelinin tətbiqi istiqamətində atılan mühüm addımlardan biri Bakı şəhəri Şəhid Elşad Yəhyayev adına 56 saylı tam orta məktəbdə həyata keçirilən “İnnovativ məktəb - kompleks inkişaf modeli” layihəsidir. Bu layihə ölkədə ilk dəfə olaraq tam orta ümumtəhsil məktəbinin akkreditasiyadan keçməsini nəzərdə tutur və bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Layihə Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olub və ən yüksək maliyyə dəstəyini qazanıb.

Dünya təcrübəsinə görə, innovativ məktəblərdə tədris prosesi şagirdyönlü şəkildə qurulur. Şagirdlər dərsin passiv iştirakçısı deyil, biliklərin formalaşmasında aktiv rol alan tərəf olurlar. Müəllim isə məlumat ötürən deyil, öyrənmə prosesini istiqamətləndirən və şagirdlərə dəstək göstərən rəhbər rolunu oynayır. Bu cür yanaşma layihə əsaslı öyrənmə, qrup işləri, təqdimatlar və real həyatla əlaqəli tapşırıqlar vasitəsilə həyata keçirilir. Qiymətləndirmə sistemi də yalnız imtahan nəticələrinə deyil, şagirdin ümumi inkişafına əsaslanır.
Bir çox ölkələr artıq innovativ məktəb modelini uğurla tətbiq edirlər. Finlandiya bu sahədə ən çox nümunə göstərilən ölkələrdəndir. Burada şagirdlər mövzuları əzbərləmək əvəzinə, onları anlayır və gündəlik həyatla əlaqələndirirlər. Layihə əsaslı dərslər və yaradıcı tapşırıqlar tədrisin əsas hissəsini təşkil edir.
Sinqapur təhsil sistemində isə XXI əsr bacarıqlarının inkişafına xüsusi önəm verilir. Tənqidi düşünmə, problem həlletmə, ünsiyyət bacarığı və komandada işləmək əsas prioritetlərdəndir. Bu yanaşma şagirdlərin dəyişən dünyaya uyğunlaşmasını asanlaşdırır və onların gələcək peşə həyatına hazırlığını gücləndirir.
Dünya təcrübəsi göstərir ki, innovativ məktəblər şagirdlərin təhsilə marağını artırır və onların daha müstəqil, yaradıcı fərdlər kimi formalaşmasına şərait yaradır.
Azərbaycanda bu yanaşmanın pionerlərindən olan 56 saylı məktəbin direktoru Könül Hüseynovadan aldığımız məlumata görə, layihənin əsas məqsədi məktəbin fəaliyyətinin müasir meyarlar əsasında qiymətləndirilməsi, idarəetmə və tədris prosesinin sistemli şəkildə təkmilləşdirilməsidir. Pilot olaraq tətbiq ediləcək akkreditasiya prosesi məktəbin fəaliyyəti, pedaqoji heyətin peşəkarlığı və təhsil prosesinin keyfiyyəti üzrə müəyyən edilmiş meyarlar əsasında aparılacaq. Dördillik fəaliyyətin nəticələri izləniləcək və əldə olunan təhlillər əsasında məktəbin inkişaf dinamikası qiymətləndiriləcək. Bu yanaşma məktəbin həm Bakı, həm də ölkə səviyyəsində qabaqcıl təhsil müəssisələrindən birinə çevrilməsinə zəmin yaradır.
Layihə çərçivəsində şagirdlər üçün peşəkar təhsil mərkəzlərinin iştirakı ilə təlim və mentorluq proqramları təşkil olunur. Şagirdlərin dərs və sinifdaxili fəaliyyəti mütəmadi olaraq monitorinq edilir, onların fərdi inkişafına xüsusi diqqət yetirilir. Bu fəaliyyətlər şagirdlərin bacarıqlarının üzə çıxarılmasına və potensiallarının reallaşdırılmasına xidmət edir.
Modelin əsas istiqamətlərindən biri də inklüzivliyin təmin edilməsidir. Məktəbdə inklüziv mərkəzin yaradılması nəzərdə tutulur və xüsusi qayğıya ehtiyacı olan şagirdlərə dövlət hesabına dəstək göstərilir. Müvafiq ictimai təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində məktəbdə inklüziv təhsil və ümumi inkişaf paralel şəkildə təmin olunur.

Layihə tədris ilini əhatə edən 10 ay müddətində mərhələli şəkildə icra olunur. Bu müddət ərzində müəllimlərin peşəkar hazırlığı gücləndirilir, innovativ tədris metodları tətbiq edilir və əldə olunan nəticələr gələcəkdə digər məktəblər üçün də tətbiq oluna bilən modelin formalaşmasına xidmət edir.
Nəticə olaraq demək olar ki, innovativ məktəb modeli müasir təhsilin əsas istiqamətlərindən biridir. Dünya təcrübəsi bu yanaşmanın effektivliyini sübut edir. Azərbaycanda isə 56 nömrəli tam orta məktəbdə həyata keçirilən “İnnovativ məktəb - kompleks inkişaf modeli” layihəsi ölkə təhsilində yeni və perspektivli yanaşmanın formalaşmasına mühüm töhfə verir. Bu modelin uğurlu tətbiqi gələcəkdə digər ümumtəhsil məktəbləri üçün də nümunə ola bilər.
Ağca Talıbova

