ASILILIQ YARADAN DİZAYN NƏDİR?

Meta şirkətinin (Facebook, Instagram, WhatsApp və Threads platformalarının ana şirkəti) gənclərin və uşaqların psixi sağlamlığına mənfi təsir göstərən, onlarda platformalara qarşı asılılıq yaradan alqoritmlər və dizayn xüsusiyyətlərindən istifadə etməsi iddiası son illərin ən böyük texnoloji və hüquqi qalmaqallarından sayılır. Dünyanın bir çox ölkəsində, xüsusən də ABŞ və Avropa İttifaqında (Aİ) dövlət qurumları, prokurorluqlar və valideynlər Meta-ya qarşı kütləvi məhkəmə iddiaları qaldırıb və şirkət milyardlarla dollar dəyərində potensial cərimələrlə üz-üzə qalıb.
Sosial şəbəkələrin “insanları uzun müddət platformada saxlamağa çalışması” ittihamları uzun illərdir ki, səslənir. Lakin son illərdə mübahisənin istiqaməti dəyişib. İndi təkcə “uşaqlar sosial şəbəkələrdə nə görür və ya nəyə baxır?” kimi sualı qoyulmur. Ekspertlər daha fundamental məsələni araşdırmağa başlayıb: “Həqiqətən bu platformalar uşaqları uzun müddət orada saxlamaq üçün xüsusi olaraq dizayn edilirmi?”
2026-cı ilin yayında ABŞ-də onlarla ştatın irəli sürdüyü bu iddialara görə, Meta uşaqların təhlükəsizliyi ilə bağlı iş üzrə təqribən 18 milyard dollarlıq razılaşma imzalayıb. Avropada isə Avropa Komissiyası Instagram və Facebook-un dizaynında “asılılıq yaradan” mexanizmlərin Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktını (DSA) pozduğuna dair ilkin nəticəyə gəlib.
Burada söhbət sadəcə uşaqların telefondan çox istifadə etməsindən getmir. Hüquqi mübahisənin mərkəzində platformanın necə qurulduğu dayanır. Burada nəzərdə tutulan “asılılıq yaradan dizayn” nə deməkdir?
Instagram və Facebook kimi platformaların əsas məqsədlərindən biri istifadəçinin diqqətini bu platformalarda mümkün qədər uzun müddət saxlamaqdır. Bunun üçün müxtəlif psixoloji və texnoloji mexanizmlərdən istifadə olunur. Məsələn, sonsuz sürüşdürmə (infinite scroll) istifadəçiyə müəyyən sayda paylaşım göstərib “burada dayan” demir. Ekranı aşağı sürüşdürdükcə yeni məzmun gəlir. Beləliklə, istifadəçinin qarşısında təbii bitmə nöqtəsi yaranmır.
Başqa mexanizm avtomatik video oynatmadır (autoplay). İstifadəçi videonu özü seçməsə belə, növbəti məzmun avtomatik olaraq göstərilə bilər.
Üçüncü mexanizm bildirişlərdir. “Sizə yeni mesaj gəldi”, “filankəs paylaşımınızı bəyəndi” və başqa bildirişlər istifadəçini yenidən tətbiqə qayıtmağa sövq edir.
Bunlara fərdiləşdirilmiş tövsiyə alqoritmləri əlavə olunur. Sistem istifadəçinin hansı videolara baxdığını, hansında daha çox qaldığını, nəyi bəyəndiyini və nələrə baxmadığını öyrənir və ona uyğun yeni məzmun təqdim edir.
Avropa Komissiyasının 2026-cı ilin iyulunda açıqladığı ilkin nəticələr məhz bu mexanizmlərə diqqət çəkir. Komissiyanın qənaətinə görə, Meta bu xüsusiyyətlərin uşaqların və başqa həssas qrupların fiziki və psixi sağlamlığına yaratdığı riskləri kifayət qədər qiymətləndirməyib. Məsələnin ən həssas tərəfi də budur. Uşağın və yeniyetmənin özünüidarəetmə qabiliyyəti hələ tam formalaşmayıb. Buna görə də böyüklər üçün sadəcə “istəsən tətbiqdən çıx” kimi görünən seçim uşaq üçün o qədər də asan olmaya bilər. Burada “Asılılıq yaradan dizayn” ifadəsi daha çox kompulsiv, nəzarətdən çıxan istifadə davranışını nəzərdə tutur.
ABŞ-dəki iddialarda ştatların baş prokurorları Meta-nın platformalarında uşaqların və yeniyetmələrin kompulsiv istifadəsini təşviq edən funksiyaların bilərəkdən tətbiq edildiyi ittihamını irəli sürüblər. İddialarda bu istifadənin yuxuya, təhsilə və psixi sağlamlığa mənfi təsirləri, həmçinin kiberzorakılıq, depressiya, narahatlıq, fiziki görünüşlə bağlı problemlər və özünə zərərvermə düşüncələri ilə əlaqəsi vurğulanıb.
Ancaq bu, sosial şəbəkədən istifadə ilə psixi sağlamlıq problemi arasında birbaşa əlaqə olması “Instagram bu xəstəliyə səbəb olur” demək deyil. Hüquqi iddialar platformaların dizaynının davranışa necə təsir göstərdiyini araşdırır.
Meta bu razılaşmanı imzalayarkən hüquqi məsuliyyətini etiraf etməyib. Şirkət yeniyetmələr üçün yeni məhdudiyyətlər tətbiq etməyə razılaşıb. Bunlara gündəlik istifadə limitləri, gecə saatlarında girişin məhdudlaşdırılması, yaş yoxlamasının gücləndirilməsi və uşaqları yaşa uyğun olmayan məzmundan qorumaq üçün əlavə mexanizmlər daxildir.
Avropa İttifaqında isə məsələ fərqli hüquqi mexanizmlə inkişaf edir. Avropa Komissiyası 2024-cü ilin mayından Facebook və Instagram sistemlərinin, o cümlədən alqoritmlərin uşaqlarda davranış asılılığını stimullaşdırması ittihamlarını araşdırır.
Komissiya 2026-cı ilin aprelində qənaətə gəlib ki, Meta 13 yaşdan kiçik uşaqların Facebook və Instagram-a daxil olmasının qarşısını kifayət qədər effektiv ala bilmir.
Şirkətin qaydalarına görə, bu platformalardan istifadə üçün minimum yaş 13-dür. Lakin uşaq qeydiyyat zamanı doğum tarixini saxtalaşdırmaqla maneələri keçə bilirdi. Komissiyanın ilkin nəticəsinə görə, Meta belə halları vaxtında müəyyənləşdirib qarşısını almaq üçün kifayət qədər effektiv mexanizm yaratmayıb.
İyul ayında isə daha ciddi nəticə ortaya çıxıb: Komissiya Instagram və Facebook-un asılılıq yaradan dizaynının DSA-nı pozduğunu bildirib. Bu hələ yekun hökm deyil. Meta öz mövqeyini açıqlaya və Komissiyanın ilkin nəticələrinə etiraz edə bilər.
Meta ilə bağlı hadisələrin əhəmiyyəti təkcə onun ödəyəcəyi milyardlarla ölçülmür. Əsas məsələ texnologiya şirkətlərinin öz məsuliyyətinə yanaşmasındadır. Meta işi bu baxımdan TikTok, YouTube, Snapchat və başqa platformalar üçün də presedent yarada bilər. ABŞ-də başqa sosial media şirkətlərinə qarşı da uşaqların psixi sağlamlığı və platforma dizaynı ilə bağlı çoxsaylı məhkəmə işləri davam edir.
Aparıcı KİV-lər qeyd edir ki, uşağın ekran qarşısında keçirdiyi vaxtda ailənin məsuliyyəti ilə platformanın dizayn məsuliyyəti bir-birindən ayrılmalıdır. Valideyn uşağın telefon istifadəsinə nəzarət edə bilər. Amma qarşı tərəfdə milyardlarla istifadəçinin davranışından öyrənən, onları mümkün qədər uzun müddət platformada saxlamaq üçün optimallaşdırılmış alqoritm varsa, bütün məsuliyyəti valideynin üzərinə qoymaq da ədalətli deyil.
Metanın ABŞ-də ödəyəcəyi milyardlar yeniyetmələrin psixi sağlamlıq və bərpa proqramları, məktəb və təhsil layihələri, rəqəmsal maarifləndirmə və təhlükəsizlik kampaniyalarına yönləndiriləcək.

