ANLAMAĞIN VƏ ANLAŞILMAĞIN ƏHƏMİYYƏTİ




Bu dəfə 2007-ci ildə Amerikada real hadisələr əsasında çəkilən Freedom Writers (Azadlıq yazıçıları) filmindən söhbət açacağıq.

Film Kaliforniyanın Long Beach şəhərində müharibənin, irqçiliyin, zorakılığın kuliminasiyada olduğu bölgədə yerləşən məktəb, təhsil sistemində hökümət səviyyəsində edilən dəyişikliklər, mühitin doğurduğu ümidsiz şagirdlər, ilk tədris ilinə başlayan müəllim, müəllimlə atası və həyat yoldaşı arasında olan şəxsi münasibətlər, motivasiya, əzm, inam və səylərin yetkinlər və uşaqlar üçün həyat mübarizəsini necə formalaşdırması kimi taleyüklü məsələləri əhatə edir. Hadisələrin gedişatında isə böyüklərin verdiyi yalnış qərarların, qəbul edə bilmədikləri həqiqətlərin, formalaşdırdıqları qəliblərin uşaqların dünyasında necə qarışıqlığa və mənəvi xaosa səbəb olmasına toxunulur.

Filmdə irqi və sosial ayrı-seçkiliyin ilk nümunəsi sinif daxilində uşaqlar arasındakı kiçik qruplaşmalar şəklində təzahür edir. Qız şagirdin ifadə etdiyi “hər kəsin öz qrupu var və uşaqlar bunu hiss edir” fikri sadəcə sinfi deyil, şəhərdəki bütün sosial qruplaşmaları da ifadə edir. Belə ki, böyüklər arasında olan qaradərililər və ağdərililər arasındakı klanlaşma məktəbə də siraət edir və sinifdə şagirdlər özlərini “aid hiss etdikləri” qrup daxilində hərəkət edirlər. Uşaq psixologiyasındakı bu faktı sosiologiya, psixologiya, fəlsəfə və ilahiyyatın ortaq nöqtəsi olan “Self and other” (Özün və digəri) konsepti ilə açıqlamaq mümkündür. Özünü azlıqda hiss edən fərdlər və qruplar həyatda qalmaq üçün, varlığını davam etdirə bilmək üçün bir qrupa aid olmaq ehtiyacı hiss edir. Bu qrupun dil, din, irq, adət-ənənə və s. kimi xüsusiyyətləri birləşdirici fakt rolunu oynayır. Beləliklə də, bölünmələrin təməli qüvvətlənmiş olur. Onun xüsusiyyətlərinin müəllimlər və digər təhsil işçiləri tərəfindən başa düşülməməsi və ya əhəmiyyətsiz hesab edilməsi isə şagirdlər, müəllimlər, valideynlər arasında uçurumlara gətirib çıxarır.

Departament rəhbəri olan Marqaret Erinin təhsilə yanaşma metodlarını bəyənmir və dəstəkləmir. Burada da müəllimlər arasında olan iki yanaşmanın təhsildə necə önəmli amil olduğu vurğulanır. Margaret sadəcə dərs keçməyə çalışan, 30 illik təcrübəsi olduğunu bildirən, müəllimin sadəcə sinfə qarşı məsuliyət daşıdığını müdafiə edən bir personajdır. Erinin uşaqların mənəvi aləmi ilə maraqlanmaq cəhdi və onların sadəcə məktəbdəki təhsilinə deyil, sosial həyatına və gələcəklərinə dair məsələlərə diqqət etməsi əvvəlcə Margaret tərəfindən etirazla qarşılanır. Bəzi səhnələrdə onun bədən dili, mimika və replikalarından daxilən Erinin yanında olmaq istəyi və bu istəyi ört-basdır etmək cəhdi hiss edilsə də, özünün mübarizəni dayandırmaması və bu mübarizəyə Erinin “sahib çıxması” fikri onu neqativ yöndə hərəkət etməyə sövq edir.

Marqaret və yuxarı siniflərdə, həmçinin “Qürur sinfi”ndə dərs deyən müəllim Brian Gelford sistem dəyişikliyini xoş qarşılamır və bu da müəllimlər ilə şagirdlər arasındakı mənəvi bağların ya yaranmamasına, ya da qopmasına səbəb olur. İdarəçilərin yeni bir sistem yaratması, lakin bu sistemin daşıyıcı qüvvələri olan müəllimlərin yeni sistemin tələblərinə hazır olmaması, müəllimlərin lazım olan dəstəyi almaması onları da çıxılmaz vəziyyətə salır. Erin də bu vəziyyətdən əziyyət çəkir, uşaqları istədiyi materiallarla təmin etmək üçün ikinci işə başlayır.

Erinin həyat yoldaşı və atası ilə olan münasibətləri də şagird-müəllim konteksti ilə birgə göstərilir. Bu epizodlar müəllimlərin sosial və şəxsi həyatlarının, onların uşaqlıq, valideyn və ailə bağlarının gənclik, yetkinlik, karyera və gələcək həyatlarına necə təsir etməsi ilə bağlı faktları ortaya qoyur:

  • Erinin şüuraltında atasının fikir, düşüncə və xarakteri ilə formalaşan bir qəlib mövcuddur – mübarizə. Onun atasını rol model olaraq qəbul etməsi qızın düşüncə, karyera və şəxsi həyatını formalaşdırır. Atasının şagirdləri nəzərdə tutaraq söylədiyi “onlar üsyançı deyil, cinayətkardırlar” ifadəsi isə iki fərqli yanaşmanın və iki fərqli dünyanın kəsişməsi olaraq tamaşaçıya çatdırılır. Həyat yoldaşı ilə də ideologiya və baxış bucağı ilə bağlı ziddiyətləri olan Erin əvvəlcə bunların öhdəsindən gəlsə də, ya da elə görünsə də, gedişatda uğur qazanmaq üçün özünü demək olar ki, tamamilə müəllimliyə və şagirdlərə həsr edir. Nəticədə həyat yoldaşı ilə aralarında artan problemlərini görməməsi boşanma ilə nəticələnir. Bu boşanma həyat yoldaşı üçün və əslində ideoloji olaraq Erin üçün də şagirdlərini dəstəkləmək, müəllimliyinə arzuladığı kimi davam etmək üçün ikinci işə başlaması ilə gerçəkləşmiş olur.

Bu hallar müəllimlərin karyerası və şəxsi həyatı arasında yaratmalı olduğu balansın ağırlığını tamaşaçıya çatdırmaqla yanaşı, insanın uşaqlıqdan müəllim olaraq yetişdirildiyini də göstərməyə çalışır. Müəllimliyin sadəcə bir ixtisası öyrənmək və sinfə daxil olub tədris etməkdən çox daha mürəkkəb və dərin bir peşə olduğu, eyni zamanda, bu peşəyə yiyələnən insanların uşaqlıqda valideynləri ilə olan münasibətlərindəki çatışmazlıqların fərqinə vararaq buna qarşı çıxması Erinin timsalında göstərilir. Əslində, Erin sadəcə şagirdləri üçün deyil, həm də özü və öz uşaqlığı üçün bir mübarizə aparır.

Sonda isə inam, kifayət qədər cəhd, doğru metodları seçmək və mübarizənin gətirdiyi uğuru görürük. Erin ən çıxılmaz vaxtda uşaqların hiss etdiyi ayrı-seçkiliyi aradan qaldırmaq üçün onların hamısının ortaq problemlərinə və bənzər hisslərinə toxunan “Line Game”-dən (Xətt oyunu) istifadə edir. Bu oyunda uşaqlara şəxsi və sosial həyatları ilə bağlı suallar verir. Uşaqlar suallara cavab verdikcə əslində hər birinin bənzər hisslər yaşadığını, oxşar problemləri olduğunu və aralarında hiss etdikləri bölünmənin sadəcə bir “pərdə” olduğunu dərk edirlər.

Müəllim Erinin uğurlu olmasının əsas komponentlərindən biri də istifadə etdiyi yazı metodudur. “Dəftərlərə yazmaq” metodu uşaqları duyğularında və şüurlarında olan dərin xaos və qarışıqlıqdan çıxarıb hərəkətə keçirir. Yazaraq ifadə etməyi, üzləşməyi, anlamağı və qəbul etməyi onlara öyrədir.

Şagird Eva Benitez yazmaqla doğrunu tapmağın ən bariz nümunəsi kimi əks olunur. Eva atası həbsdə olan və küçədə zorakılıqlarla üzləşən, qruplaşmalar daxilində olan mübahisələrdən əziyyət çəkən, Erinin dərslərindən və gündəlik yazmağa başladıqdan sonra xarakteri dəyişən, daha doğrusu özündə hiss etdiyini tapan, onu görən və özünü bu şəkildə ifadə edən bir şagirddir. Marketdə atışma səhnəsində sevgilisi Paco bir nəfəri öldürür, Eva isə bu hadisənin şahidi olur. Məhkəmədə Paconun həbs olunmaması üçün yalançı şahidlik etməlidir. Atası ilə olan bağları və mənsub olduğu qrupun xüsusiyyətlərinə görə yalan ifadə verəcəyinə şübhə olmayan Eva bu yalanın və haqqsızlığın mənəvi ağırlığı ilə anlaşılmadığından şikayətlənir və get-gedə daha da aqressivləşir. O həmişə özünə atasının “yaxınlarını həmişə qoru” ifadəsini xatırladır, lakin bir yandan da buna qarşıdır. Məhkəmədə isə gözlənilən olmur və Eva marketdə adamı öldürənin sevgilisi Paco olduğunu etiraf edir. Həmin an Paco ilə göz-gözə gəlirlər, Paconun gözlərində qəzəblə yanaşı sükunət var, sanki o da bununla Evanın doğru hərəkətini təsdiqləyir.

Beləliklə, “Azadlıq yazıçıları” bir atanın, həyat yoldaşının, müəllimin, şagirdlərin, sistemin, irqçiliyin, düşmənçiliyin, gözləntilərin fonunda anlamağın və anlaşılmağın əmiyyətini bir daha göstərir.

Qasım Qurbanov