HAMININ ÖYRƏNMƏSİ ÜÇÜN DİNAMİK YANAŞMA




Təhsildə diferensiasiya anlayışı son illər geniş müzakirə olunur. Bu yanaşma hər bir təhsilalanın fərdi ehtiyaclarını nəzərə alaraq daha ədalətli və əlçatan təhsil mühitinin formalaşmasına xidmət edir. Diferensial təhsil və ya diferensiasiya müəllimin təhsilalanların fərqli bacarıqlarını, maraqlarını və öyrənmə tərzlərini nəzərə alaraq dərs prosesini onlara uyğunlaşdırmasıdır. Bir çox ölkələrdə aparılan tədqiqatlar diferensiasiyanın təcrübədə necə tətbiq olunduğunu və hansı nəticələr verdiyini göstərir.

Son illərdə Niderland və Cənubi Koreyada aparılan tədqiqatlarda diferensiasiya ayrıca tədris keyfiyyəti sahəsi kimi ölçülüb və müqayisə edilib. Araşdırmanı aparan alimlər qeyd edirlər ki, bu yanaşma hər iki ölkədə qəbul edilsə də, müəllimlərin ən çox çətinlik çəkdiyi pedaqoji bacarıqlardan biri olaraq qalır. Yəni müəllimlər diferensiasiyanın vacibliyini dərk edir, amma onu sinifdə davamlı tətbiq etməkdə əngəllərlə üzləşirlər.

2023-cü ildə Lüksemburq Universitetinin professoru Marsela Pozas və həmkarlarının apardığı araşdırmada diferensiasiyanın sosial və emosional tərəflərinə diqqət yetirilib. Nəticələr göstərib ki, müəllimlərin tətbiq etdiyi fərqləndirilmiş yanaşmalar şagirdlərin özünə inamını artırır, sosial inteqrasiyanı gücləndirir və ümumi tədris mühitini daha inklüziv edir. Bu tədqiqat sosial və emosional faydaları ön plana çıxarır. Oxu dərsində müəllim zəif oxuyanlara şəkilli kitab, digərlərinə hekayə, ən güclülərə isə qısa povest verir. Sonra hamı oxuduqlarını sinifdə paylaşır. Bu üsul zəif uşaqları utanmaqdan qoruyur, güclülərin isə bacarıqlarını inkişaf etdirir. Bununla belə, şagirdlərin özləri etiraf ediblər ki, müəllimlər bu yanaşmanı gündəlik dərslərin təməl prinsipi kimi deyil, əlavə dəstək kimi görürlər. Bu fakt diferensiasiyanın nəzəri baxımdan qəbul edilsə də, təcrübədə tam formalaşmadığını göstərir.

Müəllimlər diferensiasiyanın vacibliyini qəbul edirlər, amma çox zaman onun mahiyyətini dəqiq bilmirlər. Bu səbəbdən onlar təsadüfi yanaşmalardan istifadə edir, məsələn, sinfi qruplara bölmək və ya sadəcə əlavə tapşırıq vermək kimi üsullarla kifayətlənirlər. Tədqiqat müəllim hazırlığının vacibliyini önə çəkərək göstərir ki, diferensiasiya yalnız anlayış kimi deyil, peşəkar təlimlə gücləndirilməlidir.

Avstraliyada aparılan genişmiqyaslı tədqiqatlarda (2014-2024) diferensiasiyanın təhsil siyasətində necə göründüyü araşdırılıb. Nəticələr göstərib ki, bu yanaşma daha çox müəyyən qruplara, məsələn, istedadlı şagirdlərə və ya xüsusi ehtiyacı olanlara yönəldilir. Bununla belə, müasir nəzəriyyəçilər, o cümlədən Karol Ann Tomlinson diferensiasiyanı hər şagird üçün ümumi pedaqoji çərçivə kimi təqdim edir. Avstraliyalı alimlər belə hesab edirlər ki, diferensiasiya sistem səviyyəsində yalnız müəyyən kateqoriyalara aid edilməməli, bütün təhsil proqramlarında əsas prinsip olmalıdır. Məsələn, ingilis dili dərsində müəllim yalnız güclü şagirdlərə əlavə tapşırıq verdikdə, zəif şagirdlər dəstəkdən kənarda qalır və bu da öyrənmə fərqini artırır. Halbuki zəif şagirdlərə də uyğun dəstək verildiyi halda sinifdə daha balanslı və ədalətli öyrənmə prosesi qurulur, bütün şagirdlərin prosesə cəlb olunması təmin olunur və kənarda qalma halları azalır.

Onların fikrincə, diferensial yanaşmanın tətbiqinin bir sıra mühüm faydaları var:

  • uşaqlarda özünə inamı gücləndirir, uğur hissini artırır;
  • sosial inklüzivliyi dəstəkləyir, yəni müxtəlif bacarıqlı şagirdlər özlərini qrupun bərabər üzvü kimi hiss edirlər;
  • akademik nəticələrin yüksəlməsinə səbəb olur, çünki hər kəs öz bacarığına uyğun şəkildə irəliləyir;
  • motivasiyanı artırır, şagird öz maraqlarına uyğun material üzərində işləyir;
  • sinifdə ədalətli mühit yaradır, heç kim geridə qalmır.

Tədqiqatçılara görə, şagirdlərin sayının çoxluğu, akademik səviyyələrinin müxtəlifliyi və sosial-mədəni fərqlər müəllimlərin seçdiyi metodlara ciddi təsir göstərir. Yəni eyni strategiya bir sinifdə uğurlu ola bilər, başqa sinifdə isə işə yaramaya bilər. Bu da göstərir ki, diferensiasiya yalnız “metodlar siyahısı” deyil, situasiyadan asılı olaraq dəyişən dinamik yanaşmadır.

Ali təhsil səviyyəsində də diferensiasiyanın tətbiqi ilə bağlı çətinliklər müşahidə olunur. 2024-cü ildə Zhejiang Normal Universitetinin (Çin) professoru Meijie Bi və həmkarlarının apardığı araşdırmada universitet müəllimləri etiraf ediblər ki, tələbələrin fərqli öyrənmə tərzinə uyğunlaşması faydalı olsa da, müxtəlif səbəblər bunu davamlı şəkildə həyata keçirməyə mane olur. Məsələn, psixologiya dərsində tələbələrin bir qismi praktiki vəziyyət analizi (case study) üzərində işləyir, digərləri isə nəzəri məqalə analizi aparır. Bu yanaşma hər kəsə öz öyrənmə tərzinə uyğun imkan yaradır və dərsə marağı artırır. Lakin müəllim üçün belə dərs hazırlığı olduqca vaxt aparandır. Hər iki qrup üçün ayrıca material seçmək, tapşırıqları uyğunlaşdırmaq və nəticələri ayrıca qiymətləndirmək əlavə iş yükü yaradır.

Tədqiqatçılar aşağıdakı çətinlikləri önə çəkiblər:

  • müəllimlər dərslərə fərqli yanaşmalar hazırlamaq üçün kifayət qədər vaxt tapa bilmirlər;
  • tədris proqramlarında öyrədilməli olan mövzuların həcmi fərqləndirilmiş dərs üçün əlavə imkan yaratmır;
  • ali məktəblərdə tələbələr arasında bilik səviyyəsinin kəskin fərqliliyi diferensiasiyanı daha mürəkkəb edir;
  • dərs xaricindəki sənədləşmə və idarəetmə işləri müəllimlərin pedaqoji yeniliklərə vaxt ayırmasını çətinləşdirir.

Bütün bu tədqiqatların ümumi nəticəsi odur ki, diferensiasiya pedaqoji baxımdan olduqca faydalıdır, lakin tətbiqində ciddi maneələr mövcuddur. Ən çox qeyd olunan problemlər arasında müəllim hazırlığının kifayət qədər olmaması, resurs çatışmazlığı və vaxt məhdudiyyətləri dayanır. Bununla belə, diferensiasiya tətbiq olunan siniflərdə şagirdlərin özünə inamı artır, sosial inteqrasiya güclənir və ümumi təhsil keyfiyyəti yüksəlir.

Nəticə etibarilə demək olar ki, diferensiasiya sadəcə pedaqoji metod deyil, daha geniş təhsil fəlsəfəsidir. Müxtəlif ölkələrdə aparılan tədqiqatlar göstərir ki, bu yanaşma gələcəyin təhsil sistemində mühüm rol oynayacaq və “hamı üçün məktəb” ideyasını gerçəkliyə çevirməyə kömək edəcək.

Ağca Talıbova