SİNİFDƏ ƏMƏKDAŞLIQ STRATEGİYASI

Təcrübələr göstərir ki, müəllimlər tez-tez eyni problemlə üzləşirlər: şagirdləri necə ədalətli, balanslı və effektiv şəkildə qruplara bölmək olar?
Axı müasir təhsildə əsas məqsədlərdən biri yalnız akademik bilik vermək deyil, həm də şagirdlərdə əməkdaşlıq, ünsiyyət və problem həlletmə bacarıqlarını inkişaf etdirməkdir. XXI əsr bacarıqları kimi tanınan bu kompetensiyalar şagirdlərin gələcək iş və sosial həyatlarında uğurlu olmaları üçün olduqca vacibdir. Bu baxımdan sinifdə qrupla iş formalarının düzgün təşkili xüsusi əhəmiyyət daşıyır.
Yuxarıdakı suala cavab olaraq, Edutopia platformasında təqdim olunan “60 saniyəlik strategiya: oyun kartları vasitəsilə qrupların formalaşdırılması” (“60-Second Strategy: Playing Card Table Groups”) adlı praktik yanaşma maraqlı bir üsul kimi diqqət çəkir. Onu tətbiq etmək də asandır. Bu strategiya ilkin olaraq müəllim təcrübəsi əsasında formalaşıb və sinifdaxili qruplaşdırmanı daha ədalətli və dinamik etmək məqsədi ilə tətbiq edilib. Metod konkret bir nəzəri modelə deyil, praktik pedaqoji yanaşmaya əsaslansa da, onun prinsipləri kooperativ öyrənmə nəzəriyyəsi ilə uyğunluq təşkil edir. Məsələn, Johns Hopkins Universitetinin tədqiqatçısı Robert E.Slavin öz araşdırmalarında strukturlaşdırılmış və müxtəlifcinsli qrupların şagirdlərin həm akademik nailiyyətlərinə, həm də sosial bacarıqlarına müsbət təsir göstərdiyini vurğulayır.
Kartlarla təsadüfi qruplaşdırma üsulu da məhz bu elmi nəticələrlə uyğunlaşdırılaraq sinifdə əməkdaşlığa əsaslanır və balanslı öyrənmə mühiti yaradır. Bu metodun əsas ideyası oyun kartlarından istifadə etməklə şagirdləri hər həftə yeni qruplara bölməkdir. Proses olduqca sadədir. Müəllim əvvəlcədən müəyyən sayda kart seçir (məsələn, 2-lər, 3-lər, 4-lər və s.). Hər nömrə üzrə dörd kart olur: ürək, romb, xaç və çubuq. Müəllim hər masa üçün bir nömrəni təyin edir və masanın üzərinə həmin nömrəyə aid bir kart (məsələn, romb) yerləşdirir. Qalan kartlar qarışdırılır və şagirdlər sinfə daxil olduqda hərəsi bir kart götürür.
Şagird götürdüyü kartın nömrəsinə uyğun olan masaya əyləşir. Məsələn, kim 4-lük çəkibsə, 4 nömrəli masaya gedir. Bu proses hər həftə təkrarlanır və nəticədə, şagirdlər davamlı olaraq fərqli sinif yoldaşları ilə işləmək imkanı qazanırlar.
Ənənəvi siniflərdə şagirdlər çox vaxt öz dostları ilə birlikdə oturmağa meyilli olurlar. Bu isə həm sosial qruplaşmaların sabitləşməsinə, həm də bəzi şagirdlərin kənarda qalmasına səbəb ola bilər. Bundan əlavə, akademik baxımdan güclü və zəif şagirdlərin daim eyni qruplarda olması balansın pozulmasına səbəb olur.
Təsadüfi qruplaşdırma isə bu problemlərin qarşısını alır. Şagirdlər fərqli səviyyədə olan yaşıdları ilə işləyir, müxtəlif baxış bucaqları ilə tanış olur və ünsiyyət bacarıqlarını inkişaf etdirirlər. Bu, xüsusilə riyaziyyat kimi müzakirə və izah tələb edən fənlərdə daha effektiv nəticə verir. Məsələn, riyaziyyat dərsində müəllim “kvadrat tənliklərin həlli” mövzusunu keçdikdən sonra şagirdlərə tətbiqi məsələ təqdim edir. Təsadüfi qruplaşdırma nəticəsində bir qrupda mövzunu çox yaxşı anlayan şagird, orta səviyyədə qavrayan şagird və mövzuda çətinlik çəkən başqa bir şagird birlikdə işləyir. Tapşırıq belədir: verilmiş real həyat situasiyasına uyğun olaraq kvadrat tənlik qurmaq və onu həll etmək.
Mövzunu daha yaxşı qavrayan şagird tənliyin qurulmasını izah edir, lakin izah zamanı sadə və aydın ifadələrdən istifadə etməyə çalışır. Bu proses onun öz biliklərini sistemləşdirməsinə və dərinləşdirməsinə kömək edir. Orta səviyyəli şagird həm izahı dinləyir, həm də həll mərhələsində aktiv iştirak edir. Mövzuda çətinlik çəkən şagird isə suallar verir və addım-addım prosesi anlamağa başlayır. Qrup daxilində fikir mübadiləsi yaranır: “Niyə bu düsturdan istifadə etdik?”, “Başqa üsulla həll etmək mümkündürmü?” kimi suallar müzakirəni zənginləşdirir. Nəticədə, burada yalnız riyazi məsələ həll edilmir. Şagirdlər: öz fikirlərini əsaslandırmağı, qarşı tərəfi dinləməyi, razılaşma və ya arqumentlərlə etiraz etməyi, səbirli və hörmətli ünsiyyət qurmağı öyrənirlər.
Robert E.Slavinin vurğuladığı kimi, məqsəd yalnız riyazi bilikləri öyrətmək deyil, şagirdlərin əməkdaşlıq və fikir mübadiləsi bacarıqlarını inkişaf etdirməkdir.
Bu metodun bir neçə mühüm üstünlüyü var:
- Ədalətlilik və şəffaflıq. Qruplar tamamilə təsadüfi formalaşdığı üçün heç bir şagird müəllimin seçimindən narazı qalmır. Şagirdlər anlayır ki, seçim təsadüfidir və şəxsi münasibətlər rol oynamır.
- Müəllim üçün vaxta qənaət. Ənənəvi oturma planı hazırlamaq vaxt aparan bir prosesdir. Kart üsulu isə bu mərhələni tamamilə aradan qaldırır.
- Sosial bacarıqların inkişafı. Şagirdlər hər həftə yeni insanlarla işlədikləri üçün onların adaptasiya, dinləmə və fikir bildirmə bacarıqları güclənir.
- Akademik balans. Təsadüfi bölgü nəticəsində qruplar daha müxtəlif olur və şagirdlər bir-birindən öyrənmək imkanı əldə edirlər.
Strategiya xüsusilə üç nəfərlik qruplar üçün effektiv hesab olunur. Üç nəfərlik qruplarda hər kəsin aktiv iştirakı daha asan təmin edilir. İki nəfərlik qrupda fikir müxtəlifliyi az ola, dörd və daha çox nəfərlik qruplarda isə bəzi şagirdlər passiv qala bilər. Üç nəfərlik struktur isə həm müzakirə, həm də əməkdaşlıq üçün optimal balans yaradır.
Bu metod yalnız riyaziyyat dərsləri üçün deyil, digər fənlər üçün də uyğundur. Məsələn:
- Tarix dərslərində debat və rol oyunları;
- Xarici dil dərslərində danışıq fəaliyyəti;
- Ədəbiyyat dərslərində mətn müzakirəsi;
- Biologiya və kimya dərslərində laboratoriya işləri.
Hətta ali təhsil müəssisələrində və təlim proqramlarında da bu üsuldan istifadə etmək mümkündür.
Bəzi hallarda şagirdlər dostlarından ayrılmaq istəməyə bilərlər. Bu zaman müəllim strategiyanın məqsədini izah etməli və əməkdaşlığın vacibliyini vurğulamalıdır. Digər bir məsələ isə akademik səviyyələrin balansıdır. Əgər müəllim tam təsadüfiliyi uyğun hesab etməzsə, kartların seçimini müəyyən qədər planlaşdıraraq yarı təsadüfi sistem də qura bilər.
Oyun kartları ilə təsadüfi qruplaşdırma sadə görünsə də, pedaqoji baxımdan güclü təsirə malik strategiyadır. Bu üsul sinifdə ədalətli və dinamik mühit, eləcə də sosial və akademik bacarıqların paralel inkişafına şərait yaradır. Müasir təhsildə müəllimin rolu yalnız məlumat ötürmək deyil, həm də öyrənmə prosesini təşkil etməkdir. Bu baxımdan kart strategiyası kimi praktik və yaradıcı yanaşmalar müəllimlərin işini asanlaşdırmaqla yanaşı, şagirdlərin də daha aktiv və məsuliyyətli öyrənənlərə çevrilməsinə kömək edir.
Ağca Talıbova

