ELM VASİTƏSİLƏ ŞƏXSİYYƏT YETİŞDİRMƏK PRİNSİPİ




Yaponiyanın təhsil tarixində xüsusi yeri olan “Qakuşuin” sadəcə bir məktəb deyil, həm ənənənin, həm də modernləşmənin rəmzidir. İki əsrə yaxın yaşı olan bu təhsil ocağı imperator ailəsinin, yapon zadəganlarının və sonralar geniş ictimai təbəqənin formalaşmasında mühüm rol oynayıb.

Məktəb 1847-ci ildə Tokugava dövründə yaradılıb. O zaman Yaponiyada feodalizm hökm sürürdü, qərb dünyası ilə əlaqələr məhdud idi. Lakin saray elitası maarifin və elmin vacibliyini anlayırdı. Qakuşuinin əsas məqsədi imperator ailəsinin və zadəgan sinfinin övladlarına dövrün qabaqcıl elmlərini, ədəbiyyatını və etik dəyərlərini öyrətmək idi. Məktəbin təsis olunmasında o dövrün maarifpərvər ziyalıları iştirak edib, sonrakı illərdə isə Meiji islahatları ilə birlikdə məktəb dövlətin modernləşmə layihəsinin ayrılmaz hissəsinə çevrilib.

Meiji dövrü (1868–1912) Yaponiyanın tarixində dönüş nöqtəsi idi – ölkə feodal təfəkküründən çıxaraq sənaye və elm əsrinin qapılarını açırdı. Qakuşuin bu prosesdə yönləndirici rol oynadı. Burada yetişən gənclər Qərb elmini, fəlsəfəsini və texnologiyasını öyrənir, eyni zamanda yapon ənənələrinə və imperator dəyərlərinə sadiq qalırdılar. Bu sintez nəticəsində Qakuşuin məzunları həm dövlət idarəçiliyində, həm diplomatiyada, həm də elmi sahələrdə mühüm vəzifələr tutdular.

XX əsrin əvvəllərində məktəb artıq “imperator məktəbi” statusunu qazandı. Qakuşuin yalnız saray ailəsinin uşaqları üçün deyil, həm də istedadlı gənclər üçün açıq idi. Tədrisin prinsipi “mükəmməl insan yetişdirmək” üzərində qurulmuşdu. Burada elmlə yanaşı, estetika, davranış qaydaları, nitq mədəniyyəti və sosial məsuliyyət də dərs proqramının əsas hissəsini təşkil edirdi. Məktəbin fəlsəfəsinə görə, bilik yalnız fərdi yüksəliş üçün deyil, xalqın rifahı və millətin gücü üçün əldə olunmalıdır.

İkinci Dünya Müharibəsindən sonra Yaponiyadakı köklü dəyişikliklərin ardınca da Qakuşuin öz mahiyyətini itirmədi. Əksinə, məktəb ənənə ilə müasirliyin arasında körpü salaraq yeni bir təhsil modeli yaratdı. O dövrdən etibarən məktəb artıq yalnız aristokratiya üçün deyil, akademik uğurları ilə seçilən şagirdlər üçün də açıq oldu. Bu dəyişiklik Qakuşuini milli miqyasda bir nümunəyə çevirdi.

Qakuşuin tarixən aristokrat təbəqənin oğlan övladlarına təhsil vermək məqsədilə yaradılıb, lakin XX əsrin ortalarından etibarən məktəb qadın təhsilinin də aparıcı mərkəzlərindən birinə çevrilib. 1947-ci ildə Yaponiyada baş verən təhsil islahatlarından sonra Qakuşuin qızlar üçün ayrıca bölmə - Qakuşuin Qızlar Məktəbi təsis etdi. Bu addım Yaponiyada gender bərabərliyi və qadınların ictimai həyata inteqrasiyası baxımından mühüm dönüş nöqtəsi idi.

Qızlar məktəbi klassik elmlərlə yanaşı, humanitar fənlərə, sənətə, liderlik bacarıqlarına və ictimai məsuliyyətə də böyük önəm verirdi. Məqsəd maarifli, müstəqil və öz fikrini ifadə edə bilən qadınlar yetişdirmək idi. Bu, Yaponiyanın patriarxal cəmiyyətində cəsarətli bir yanaşma idi və Qakuşuin bu sahədə nümunəyə çevrildi.

Qakuşuinin bu istiqamətdə fəaliyyəti Yaponiyada qadınların təhsilinə və ictimai həyatdakı mövqeyinə münasibətin dəyişməsində mühüm rol oynayıb. Bu gün də məktəb “bərabər imkanlar və insani dəyərlərlə formalaşan cəmiyyət” prinsipi ilə fəaliyyət göstərir və yeni nəsil qadın liderlərin yetişməsinə töhfə verir.

Son illərdə Qakuşuin Universitetində qadın tələbələrin sayı xeyli artıb. Universitetdə gender bərabərliyi siyasəti həyata keçirilir, qadın alimlər və müəllimlər rəhbər vəzifələrdə təmsil olunurlar. Məktəbin qadın məzunları arasında siyasətçilər, diplomatlar, tədqiqatçılar və sənətkarlar da var. Qakuşuinin adını ucaldan təkcə onun tarixi deyil, həm də məzunlarıdır. Bu ali məktəbdə Yaponiyanın bir çox imperatorları, şahzadələri, siyasətçiləri, yazıçıları və alimləri yetişib. Hazırkı imperator Naruhito və qızı şahzadə Aiko və keçmiş imperator Miçiko da bu məktəbin yetirmələrindəndir.

Bununla yanaşı, Qakuşuinin məzunları arasında Yaponiyanın siyasət, elm və mədəniyyət sahələrində mühüm rol oynamış şəxslər də var. Keçmiş baş nazir Taro Aso, filosof və yazıçı Tetsuro Vatsuji, Nobel mükafatına namizəd fizik Hitoşi Murayama, eləcə də sənət dünyasının görkəmli simalarından Yoko Ono bu universitetin tanınmış məzunlarındandır.

Bu adlar göstərir ki, Qakuşuin yalnız saray məktəbi deyil, həm də Yaponiyanın intellektual və mədəni elitasını formalaşdıran bir ocaqdır.

Hazırda Qakuşuin təhsil sistemi bağça, ibtidai, orta və ali məktəbləri özündə birləşdirir. Onun ali təhsil pilləsi – Qakuşuin Universiteti Yaponiyanın ən nüfuzlu universitetlərindən biridir. Burada dərslər həm yapon, həm də ingilis dillərində tədris olunur. Müasir laboratoriyalar, tədqiqat mərkəzləri və sənət studiyaları ilə universitet ənənəvi dəyərləri qoruyaraq XXI əsrin texnologiyalarına uyğunlaşır. Məktəbin əsas prinsipi bu gün də dəyişməyib: “Elm vasitəsilə şəxsiyyət yetişdirmək”. Burada təhsilalanlara yalnız bilik deyil, həm də zövq, nəzakət və məsuliyyət aşılanır. Qakuşuində oxuyan hər kəsə öyrədilən ən mühüm dərs – özünü tanımaq və cəmiyyətə faydalı olmaqdır.

Bu gün Qakuşuin həm Yaponiyanın keçmişini, həm də gələcəyini birləşdirən simvoldur. O, imperator sarayının sakit bağlarından çıxıb müasir Tokionun elmi laboratoriyalarına qədər uzanan bir maarifçilik körpüsüdür. Qakuşuin bizə xatırladır ki, təhsil yalnız bilik deyil — o, mədəniyyətin, şəxsiyyətin və dəyərlərin mirasıdır. Qakuşuin ənənə ilə yeniliyi, Şərq düşüncəsi ilə Qərb elmini birləşdirən bir məktəbdir.

Ağca Talıbova