BAŞA SALIRSANSA, BAŞA DÜŞMÜSƏN




Demək olar ki, hər kəs bu hissi yaşayır: məktəbdə və ya universitetdə aylarla öyrəndiyimiz mövzuların böyük hissəsi bir bir müddətdən sonra yadımızdan çıxır. Bir vaxtlar əzbər bildiyimiz düsturlar, tarixlər, terminlər və qaydalar sanki beynimizdən silinir.

Maraqlıdır ki, bu, tənbəllik və ya zəif yaddaş əlaməti deyil. Əksinə, müasir elm göstərir ki, unutmaq beyinin normal və hətta vacib funksiyalarından biridir. Uzun illər alimlər hesab edirdilər ki, yaxşı beyin hər şeyi yadda saxlayan beyindir. Lakin son tədqiqatlar bunun tam əksini göstərir. Beyin hər məlumatı ömürlük saxlamağa çalışsaydı, biz yeni informasiyanı qəbul edə bilməzdik. Beyin daim lazımlı ilə lazımsızı ayırır, köhnə məlumatları silir və yer açır.

Toronto Universitetinin neyrobioloqları bunu kompüterin yaddaşı ilə müqayisə edirlər. Telefonun yaddaşı dolanda o, yavaş işləməyə başlayır. Beyin də eyni prinsip üzrə işləyir. O, tez-tez istifadə etmədiyi məlumatları arxa plana keçirir ki, daha vacib olanlara yer qalsın.

Bu prosesin ən məşhur izahını 1885-ci ildə alman psixoloqu Herman Ebbinqauz verib. O, ilk dəfə “unutma əyrisi” adlandırılan modeli yaradaraq göstərib ki, insan öyrəndiyi məlumatın təxminən yarısını ilk 24 saat ərzində unudur. Bir həftə sonra isə məlumatın yalnız kiçik hissəsi yadda qalır. Ən qəribəsi budur ki, beyin hansı məlumatın vacib olduğunu əvvəlcədən bilmir. O bunu yalnız bizim davranışımıza baxaraq müəyyənləşdirir. Əgər biz eyni informasiyanı bir neçə dəfə istifadə ediriksə, beyin belə nəticəyə gəlir ki, bu məlumat lazımdır və onu daha dərin yaddaşa köçürür. Əgər məlumat bir dəfə istifadə olunubsa və sonra təkrarlanmayıbsa, beyin onu “əhəmiyyətsiz” hesab edir.

Məhz buna görə məktəbdə bir gecəyə əzbərlənən məlumatlar, adətən, bir neçə gündən sonra unudulur. Alimlər bu hadisəni “qısa müddətli yaddaş tələsi” adlandırırlar. Şagird və ya tələbə imtahandan əvvəl çoxlu məlumatı sürətlə əzbərləyir. Bu məlumat bir neçə saat və ya bir neçə gün ərzində beyində qalır. İmtahan bitən kimi isə beyin həmin informasiyanı artıq lazım olmayan məlumat kimi silməyə başlayır.

ABŞ-də aparılmış araşdırmalar göstərib ki, tələbələrin böyük hissəsi imtahandan bir həftə sonra cavablandırdıqları sualların yarısından çoxunu artıq xatırlamır. Bir ay sonra isə vəziyyət daha da pisləşir. Bu, xüsusilə riyaziyyat və tarix kimi fənlərdə daha aydın görünür. Şagirdlər imtahan günü bütün düsturları və tarixləri xatırlaya bilir, amma bir neçə ay sonra eyni mövzunu yenidən öyrənməli olurlar. Bunun səbəbi məlumatın necə öyrənilməsi ilə bağlıdır.

Əgər insan sadəcə oxuyub əzbərləyirsə, beyində zəif sinir əlaqələri yaranır. Bu əlaqələr tez dağılır. Amma məlumat istifadə olunanda, müzakirə ediləndə, başqasına izah ediləndə və ya real həyatda tətbiq olunanda həmin əlaqələr daha güclü olur.

Məsələn, xarici dili dərsdə öyrənən iki nəfəri düşünək. Birincisi yalnız sözləri əzbərləyir. İkincisi isə həmin sözlərlə danışır, film izləyir və gündəlik həyatda istifadə edir. Bir neçə ay sonra ikinci insan dili daha yaxşı xatırlayacaq. Çünki onun beynində həmin məlumatla bağlı daha çox əlaqə yaranıb.

Müasir təhsil sisteminin ən böyük problemlərindən biri də məhz budur: məktəblər çox vaxt məlumatı yadda saxlamağı öyrədir, ondan istifadə etməyi yox.

Psixoloqlar qeyd edirlər ki, insan beyni “nə?” sualından çox, “niyə?” və “necə?” suallarını daha yaxşı xatırlayır. Əgər şagird düsturun nə olduğunu yox, niyə belə işlədiyini anlayırsa, həmin məlumat daha uzun müddət yadda qalır.

Buna görə Finlandiya, Kanada və Yaponiya kimi ölkələrin təhsil sistemi son illərdə dəyişməyə başlayıb. Məktəblər artıq şagirdlərdən daha çox əzbərləməyi yox, düşündüklərini tətbiq etməyi tələb edir. Dərslərdə layihələrə, müzakirələrə və real həyatdan götürülmüş problemlərə daha çox yer verilir. Məqsəd məlumatı sadəcə yadda saxlamaq deyil, onu başa düşməkdir.

Maraqlıdır ki, yuxu da yaddaş üçün həlledici rol oynayır. Beyin gün ərzində öyrəndiklərimizi gecə yatarkən emal edir. Alimlər müəyyən ediblər ki, kifayət qədər yatmayan şagirdlərin yaddaşı zəifləyir və öyrəndikləri məlumat beyində sabitləşmir.

Başqa sözlə, gecə boyu oyaq qalıb imtahana hazırlaşmaq bəzən daha çox öyrənmək yox, daha çox unutmaq deməkdir.

Stress də eyni dərəcədə təhlükəlidir. İmtahan qorxusu zamanı orqanizmdə kortizol hormonu artır. Bu hormon isə beyinin yaddaşla bağlı hissəsi olan hipokampın fəaliyyətini zəiflədir. Buna görə imtahan zamanı insan bəzən əslində bildiyi şeyi birdən-birə “unudur”, amma bir neçə saat sonra yenidən xatırlayır. Əslində məlumat yox olmur. O, sadəcə həmin anda beyindən “üzə çıxarıla bilmir”.

Son illərdə alimlər belə nəticəyə gəliblər ki, yaxşı təhsil sistemi daha çox məlumat verən yox, məlumatı beyində saxlamağın yollarını öyrədən sistemdir.

Mütəxəssislər bunun üçün üç əsas üsul təklif edirlər:

  1. Təkrarı zamana yaymaq. Eyni mövzunu bir gündə beş saat oxumaqdansa, beş gün ərzində hər gün bir saat oxumaq daha effektivdir.
  2. Məlumatı öz sözlərinlə izah etmək. İnsan bir mövzunu başqasına danışa bilirsə, deməli onu həqiqətən başa düşüb.
  3. Öyrənilən şeyi real həyatla əlaqələndirmək. Beyin mənası olan məlumatı mənasız informasiyadan daha yaxşı saxlayır.

Bəlkə də problem yaddaşımızın zəif olmasında deyil. Sadəcə insan beyni düşündüyümüz kimi işləmir. Beynimiz kitabxana deyil. O, daim dəyişən, lazımsızı silən və vacibi saxlayan canlı bir sistemdir. Buna görə də həqiqi öyrənmək əzbərləməkdən yox, anlamaqdan başlayır.

Ağca Talıbova