DİQQƏT: DİDRO EFFEKTİ
Müasir istehlak vərdişləri insanların həyat tərzinə, xüsusilə də gənclərin gündəlik seçim və davranışlarına ciddi təsir edir. Gənclər sosial media, reklam və trendlərin təsiri ilə yeni axınlara daha tez uyğunlaşırlar. Bu baxımdan “Didro effekti” deyilən psixososial anlayış onların davranışlarına təsir edən mühüm amil kimi diqqəti çəkir. Bu anlayış fransız maarifçisi, məşhur filosof Deni Didronun adı ilə bağlıdır. Ona yeni bir pijama hədiyyə olunması ilə başlayan və bütün həyat tərzini dəyişməsinə səbəb olan hadisə alış-veriş vərdişlərinin psixoloji və sosioloji mexanizmlərini izah etmək üçün işlədilir. Filosof yazır ki, bir gün ona bahalı pijama hədiyyə edirlər. Ondan sonra Didro evində bu bahalı pijamaya uyğun gəlmədiyini hesab etdiyi, ona yaraşdırmadığı digər əşyaları, mebelləri və s. də dəyişdirir və nəticədə xeyli borca düşür.
Bu effekt insanın yeni əşya aldıqdan sonra ona uyğun daha çox əşya almaq istəyini izah edir. Yeni dəbli paltara uyğun ayaqqabı, çanta, aksesuar almaq ehtiyacı daha çox sosial özünütəsdiq, özünüifadə və qəbul olunmaq ehtiyacı ilə bağlıdır.
Hazırda Didro effekti həyatımıza əhəmiyyətli dərəcədə hiss olunur. Ardıcıl olaraq yeni əşyalar almaq arzusu gənclərdə maddiyyatyönlü düşüncə yarada bilər. Bu istehlak dövriyyəsi artıq xərclərə və borcların yaranmasına səbəb ola bilər. Sosial medianın və reklamların təsiri ilə formalaşan müasir istehlak mədəniyyəti gənclərin özlərini ifadə etmək vasitəsi kimi maddi əşyaları ön plana çıxarmalarına səbəb olur.
Sasseks Universitetinin (Böyük Britaniya) dosenti Helga Dittmar tədqiqatlarında göstərir ki, gənclərin alış-veriş qərarlarının arxasında emosional motivasiya və özünüifadə ehtiyacı dayanır. Yeni geyim, telefon və ya texnologiya məhsulu sadəcə funksional alət deyil, həm də onların “kim olduqlarını” ifadə edən simvollardır. Bu isə Didro effektini sadə istehlak vərdişindən çıxarıb psixoloji və sosial ölçülərə daşıyır.
Helga Dittmarın istehlak mədəniyyəti ilə bağlı tədqiqatlarına əsasən:
- Reklamlar və sosial media daim “yeni” və “ideal” həyat tərzlərini nümayiş etdirir, bu da gənclərdə real olmayan gözləntilərin formalaşmasına səbəb olur;
- Trendlərə uyğunlaşmaq ehtiyacı gənclərin sosial qəbul olunmaq istəyi ilə əlaqədardır və onları daim dəyişən tələblərə cavab verməyə vadar edir;
- Maddi əşyalarla özünüifadə ehtiyacı artır – gənclər geyim, texnologiya və aksesuarlar vasitəsilə özlərini təqdim etməyə və fərqlənməyə çalışırlar.
Bu effektin davamlı təsiri gənclərdə:
- İstehlak vərdişlərinin artmasına;
- Daim narazılıq və çatışmazlıq hissinə;
- Borc və maliyyə çətinliklərinə;
- Özünüqiymətləndirmənin maddi əşyalar üzərindən qurulması kimi mənfi nəticələrə səbəb ola bilər.
Mütəxəssislər bu tendensiyanı azaltmaq üçün aşağıdakı yanaşmaları faydalı sayırlar:
- Şüurlu istehlak vərdişləri – nəsə almaq istəyəndə “Həqiqətən ehtiyacım varmı?” sualını vermək;
- Təcrübəyə önəm vermək – səyahət, mədəni tədbirlər, könüllü fəaliyyətlər maddi əşyalardan daha çox məmnuniyyət yaradır;
- Minnətdarlıq hissini inkişaf etdirmək – sahib olduqlarını qiymətləndirmək və onlarla xoşbəxt olmağı öyrənmək.
Maraqlıdır ki, Didro effektinə yalnız gündəlik həyat və istehlak çərçivəsində deyil, təhsil sahəsində də rast gəlmək mümkündür. Müəllimlər və təhsilalanlar yeni tədris materialı, texnoloji vasitə və ya metod əldə etdikdə, mövcud üsullardan narazılıq hiss edib daha çox “mükəmməl” resurs axtara bilərlər.
Bu effekti tədris sahəsinə tətbiq etmək tədris materialları və resursları ilə bağlı potensial istehlak spiralını dərk etməklə mümkündür. Yeni bir əşya almaq insanı ona uyğun başqa əşyalar almağa sövq etdiyi kimi, müəllimlər də tədrisi təkmilləşdirmək üçün daim yeni materiallara, resurslara və texnologiyalara ehtiyac duyduqlarını hiss edə bilərlər. Əlbəttə, yenilikləri izləmək və səmərəli resurslardan istifadə etmək vacibdir. Lakin bu materialların həqiqətən nə dərəcədə faydalı və zəruri olduğunu qiymətləndirmək də bir o qədər önəmlidir.
Bu, xüsusilə rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası dövründə özünü qabarıq şəkildə göstərir. Məsələn, müəllim yeni interaktiv lövhə və ya platforma aldıqda dərslikləri, tədris üsullarını və sinif mühiti ilə bağlı digər elementləri də dəyişmək ehtiyacı hiss edə bilər. Eyni davranış təhsilalanlarda da müşahidə olunur: yeni planşet, proqram və ya tədris vasitələri onların əvvəlki bilik qazanmaq təcrübəsini qeyri-kafi hesab etmələrinə səbəb olur. Bu proses bəzən yaradıcı yeniliklərə yol açsa da, düşünülmüş və əsaslandırılmış yanaşma olmadıqda, resursların səmərəsiz istifadəsinə, tədrisdə sabitliyin pozulmasına və pedaqoji məqsədlərin qeyri-müəyyənləşməsinə səbəb ola bilər.
Roçester Universitetinin (ABŞ) psixoloqu Tim Kasserin tədqiqatlarına əsasən davamlı istehlak dövründə iştirak edən fərdlərdə narazılıq hissi, özünüqiymətləndirmə problemləri və maddi çətinliklər daha çox müşahidə olunur. Bu, xüsusilə gənclər üçün risklidir, çünki onlar tez-tez maddi əşyaları xoşbəxtlik və sosial statusla əlaqələndirirlər. Bu davranış modeli təhsil sahəsində də “ən yeni tədris metodları” və “ən müasir avadanlıqlar” kimi yanaşmalarla dəstəklənsə, tədrisin əsl mahiyyəti kölgədə qala bilər.
Tim Kasser Didro effektini davranışlarda və təhsil sistemində balanslı şəkildə idarə etmək üçün aşağıdakı yanaşmaları tövsiyə edir:
- Tədris materialı və texnologiyaların seçimi məqsədyönlü və ehtiyacyönlü olmalıdır;
- Texniki vəsaitlər tədrisin əsasını yox, dəstək vasitəsini təşkil etməlidir;
- Gənclər maddi istehlakdan daha çox düşüncə, təcrübə və dəyərlərə əsaslanan həyat tərzinə yönləndirilməlidir;
- İstehlak davranışlarının təhsil mühitinə təsiri barədə təlimlər təşkil olunmalıdır.
Mütəxəssislər qeyd edirlər ki, Didro effekti ilk baxışda sadə istehlak davranışı kimi görünə bilər, lakin onun gənclərin şəxsiyyətinin formalaşmasına və təhsildəki davranışlarına təsiri olduqca dərin və mürəkkəbdir. Bu fenomeni anlamaq üçün yalnız iqtisadi yox, eyni zamanda pedaqoji və psixoloji tərəflərdən də yanaşmaq lazımdır. Gənclərin daha məqsədyönlü və sabit davranışlar göstərməsi üçün təhsil sistemi bu cür sosiomədəni təsirləri nəzərə almalı və uyğun yanaşmalar işləyib hazırlamalıdır.
Ağca Talıbova