HƏKİM MƏSLƏHƏTİ: “UŞAĞA KİTAB OXUYUN”




Amerika Pediatriya Akademiyasının tövsiyəsinə görə, uşaqlara kitab oxumaq vərdişi körpəlikdən aşılanmalıdır. Yəni valideynlər övladlarına həyatlarının ilk günlərindən kitab oxumağa başlamalıdır.

Tədqiqatlar göstərir ki, amerikalı uşaqların üçdə biri məktəbəqədər yaşa çatanda oxumağı öyrənmək üçün lazım olan əsas dil bacarıqlarına malik olmur. Bu çatışmazlıq onların bütün təhsil həyatına təsir edə bilər. Odur ki, mütəxəssislər körpəlikdən oxu vərdişlərinin formalaşdırılmasını vacib sayırlar. Bu bacarıqları inkişaf etdirməyin ən uğurlu yollarından biri səsli oxumaqdır. Lakin sorğular göstərir ki, valideynlərin yarıdan çoxu uşaqlarına hər gün kitab oxumağa vaxt ayıra bilmir.

Stanford Universitetinin Tibb fakültəsi tərəfindən aparılan tədqiqat göstərib ki, təhsil səviyyəsi aşağı olan və ya az gəlirli valideynlərin övladlarına kitab oxuması ehtimalı daha aşağıdır. Üstəlik kasıb ailələr kitaba maliyyə ayırmağa çətinlik çəkir. Araşdırmalara görə, aşağı gəlirli ailələr arasında hər 300 uşağa yalnız 1 kitab, orta gəlirlilər arasında isə 13 kitab düşür.

ABŞ-də bu boşluğu doldurmaq üçün “Reach out and Read” təşkilatı maraqlı təşəbbüslə çıxış edib. 1989-cu ildə Boston Şəhər Xəstəxanasının bir qrup həkiminin yaratdığı təşkilat valideynlərlə kitab oxumağın faydaları barədə danışmaq üçün minlərlə həkimə təlim keçib və milyonlarla kitab paylayıb.

Onların fikrincə, əksər uşaqlar ildə ən azı bir dəfə həkim müayinəsinə aparılır və həkimlərin valideynlər üzərində təsiri müəllim və ya psixoloqlardan daha güclü ola bilər. Buna görə də resept vərəqində “kitab oxuyun” yazan pediatrların sayı getdikcə artır.

Təşkilatın bu proqramında iştirak edən 6 aylıqdan 5 yaşına qədər uşaqlara hər sağlamlıq müayinəsində yaşına uyğun bir kitab verilir. Beləliklə, məktəbə başlayana qədər onların kitabxanasında təxminən 10-a yaxın kitab olur. Təşkilat təəssüf hissi ilə bildirir ki, bəzən bunlar onların yeganə kitabları olur.

Əgər valideyn oxumağı bacarmırsa, həkimlər şəkilli kitablardan istifadə edərək nağıl danışmaq yollarını göstərirlər. Bəzi valideynlər isə “çox yorğunam” və ya “vaxtım yoxdur” kimi səbəblər gətirdikdə, pediatrlar klinikada uşaqlara kitab oxuyaraq bunun nə qədər asan və faydalı olduğunu izah edirlər.

Nyu-York Universitetinin Langone Tibb Mərkəzinin həyata keçirdiyi başqa bir təşəbbüsdə isə valideynlər uşaqlarına kitab oxuyarkən və oynayarkən onların videosu çəkilir, sonra onlar videoya birlikdə baxaraq öz davranışlarını təhlil edirlər. Bu, valideynlərin özlərini inkişaf etdirməsi üçün güclü vasitədir.

Tədqiqatlar göstərir ki, “Reach out and Read” proqramında iştirak edən valideynlər başqalarından dörd dəfə daha çox mütaliə vərdişinə sahib olur, uşaqlar isə məktəb həyatına daha geniş söz ehtiyatı və daha güclü dil bacarıqları ilə başlayırlar. Hətta bu proqramda iştirak edən ailələr daha tez-tez həkimə gedirlər. Bu isə göstərir ki, təhsil və sağlamlıq bir-birini gücləndirə və tamamlaya bilər.

Oxu vərdişlərinin azalması təkcə ABŞ ilə məhdudlaşmır. Böyük Britaniyada da bənzər narahatlıqlar var. HarperCollins uşaq nəşriyyatının son illər Z nəsli valideynlər arasında apardığı araşdırmalar göstərir ki, onlar üçün nağıl saatı artıq keçmişdə qalan bir vərdişdir. Tədqiqata görə, 20 yaşlarında valideyn olan gənclərin əksəriyyəti yatmazdan əvvəl uşaqlara kitab oxumağı darıxdırıcı hesab edirlər. Z nəsli üçün “nağıl və uşaq şeirləri dövrü keçib və əyləncəli deyil”.

HarperCollins və NielsenIQ BookData-nın birgə araşdırmasına görə, “Uşaqlara səsli kitab oxumaq onların oxumaqdan zövq almaq vərdişini inkişaf etdirməyin sübut olunmuş yoludur. Lakin bu, get-gedə azalıb”. Araşdırmaya görə, Z nəsli valideynlərin təxminən 28 faizi kitab oxumağa “öyrəniləcək fənn” kimi baxır. Bu nəsil texnologiya ilə böyüdüyü üçün əyləncə vasitəsi olaraq kitablardan daha çox rəqəmsal məzmunu seçirlər. Acınacaqlısı odur ki, təkcə Z nəslindən olan valideynlər deyil, X və millennium dövründən olanların da yalnız 40 faizi uşaqlara kitab oxumağın “əyləncəli olduğunu” düşünür.

“Valideynlərin 34 faizi kitab oxumaq üçün daha çox vaxta ehtiyacı olduğunu bildirir, 49 faizi isə bildirir ki, uşaqlar ev tapşırıqlarının çoxluğundan kitab oxumağa vaxt tapa bilmirlər”.

HarperCollins rəhbərliyinin fikrincə, “Uşaqlara kitab oxumaq vərdişi ailədə formalaşdırılmayanda onlar mütaliəyə əyləncə vasitəsi kimi yox, ev tapşırığı kimi baxırlar”.

Bəs hansı yaşda nə oxumaq lazımdır?

ABŞ-nin “Zero to Three” təşkilatının tövsiyəsinə görə, uşaqların 0-3 yaş dövrü vizual və ritmik kitablarla başlamalı, bu onların danışma və dinləmə vərdişlərini inkişaf etdirməlidir. Bu yaşda sadə, aydın illüstrasiyalı, sərt cildli kitablara, ritmik və təkrar olunan ifadələrə, gündəlik həyatdan obrazlar olan (heyvanlar, ailə üzvləri, əşyalar), səsli nəşrlərə üstünlük verilməlidir.

İsveçrəli psixoloq Jan Piajetə görə 2-7 yaşlı uşaqların təxəyyülünün inkişafına nağıl və illüstrasiyalı kitablarla dəstək olmaq faydalıdır. Bu kitablar azyaşlıların söz ehtiyatını artırmalı, empatiya və emosional dərk bacarıqlarını inkişaf etdirməlidir. Bunun üçün qısa süjet xətti, yaxşı və pis davranışları müqayisə edən sadə məzmunlu, illüstrasiyalarla zəngin kitablar seçilməlidir.

National Institute of Child Health and Human Development (NICHD)-in yanaşmasına görə, uşaqların yaşına uyğun kitablar seçmək onların mütaliə motivasiyasını qorumaq və uğurlu təhsil üçün vacibdir. Odur ki, 7-9 yaşlılar üçün müstəqil oxu vərdişinin formalaşdırılmasına, sosial münasibətlərin və səbəb-nəticə əlaqələrinin dərk olunmasına, oxuduğunu anlama və danışma bacarığının gücləndirilməsinə təkan verən kitablar seçilməlidir.

10-12 yaşlı uşaqların özünü və ətraf mühiti anlamasına dəstək olan, sosial ədalət, dostluq, məsuliyyət və seçim kimi anlayışları tanıdan kitablara üstünlük verilməlidir. Bunun üçün romanlar, tarixi hadisələrə əsaslanan uşaq ədəbiyyatı seçilə bilər.

Yeniyetməliyin ilk mərhələsi - 13-15 yaş aralığı özünüifadə, şəxsiyyət formalaşması dövrünü əhatə etdiyindən daxili emosiyaları anlamağa və ifadə etməyə, həyati problemləri, daha dərin mətnləri dərk etməyə təsir göstərən kitablar seçilməlidir. Bu kateqoriya gənclik romanları, bioqrafiyalar, klassik əsərlərin sadələşdirilmiş variantları, fərqlilik, empatiya, ədalət axtarışı mövzuları, travma yaratmayan ictimai və psixoloji məzmunlu, yazıçı ilə uşaq arasında emosional bağ yaradan əsərləri əhatə etməlidir.

Sonda bir daha vurğulayaq ki, uşaqlara kitab oxumaq, sadəcə dil bacarıqlarını deyil, həm də onların emosional, sosial və intellektual inkişafını dəstəkləyən mühüm amildir. Bu vərdişin kiçik yaşlardan formalaşdırılması gələcək nəsillərin daha savadlı və düşüncəli böyüməsinə zəmin yaradır.

Zemfira Məmmədqızı