EYNİ VAXTDA BİR NEÇƏ MƏN




Bu gün gənclərin çoxu “mən kiməm?” sualının cavabını güzgüdən çox ekranda, sosial mediada, paylaşımlarda, “like” və şərhlərdə axtarır. Amerikalı sosial psixoloq Çarlz Horton Kuli 1902-ci ildə irəli sürdüyü “Looking-glass self” (“Güzgü mənliyi”) nəzəriyyəsində qeyd edib ki, insan özünü başqalarının onu necə gördüyünə əsaslanaraq formalaşdırır. Yəni biz sanki cəmiyyətin “güzgüsündə” özümüzə baxırıq və bu baxışlardan özümüz haqqında nəticələr çıxarırıq. Bəs bu “güzgü” ekran olanda nəticə necə dəyişir?

Rəqəmsal dövr bu nəzəriyyəni həm genişləndirib, həm də mürəkkəbləşdirib. Sosial media bir şəxsə eyni vaxtda bir neçə “mən” yaratmağa imkan verir: LinkedIn-də peşəkar, Instagram-da estetik, X-də ironik, TikTok-da isə əyləncəli biri. İrlandiyalı kiberpsixoloq Mary Aiken bunu “kiber mənlik” adlandırır və xəbərdarlıq edir: bu fərqli mən rolları arasındakı ziddiyyət gənclərdə psixoloji gərginliyə, əsil mənini itirməyə və sosial narahatlığa səbəb ola bilər.

Amerikalı psixoloq Şerri Turkle isə bildirir ki, sosial media insanlarda “daimi müşahidə altında olmaq hissi” yaradır. Bu da onların real mənlərini inkişaf etdirmələrinə mane ola bilər. Gənclər özlərini başqalarının gözündə bəyənilən versiyaya uyğunlaşdırmaq üçün davamlı “filtr”dən keçirlər.

Bu tip fəaliyyətlər özünü ifadə, mənəvi inkişaf və sosial qarşılıqlı əlaqə üçün vasitə kimi dəstəklənməlidir. 2024-cü ildə “Journal of Adolescent Health” jurnalında dərc olunan tədqiqatda göstərilib ki, sosial mediada çox vaxt keçirən yeniyetmələr arasında özünü qiymətləndirmə səviyyəsi aşağı, narahatlıq səviyyəsi isə yüksəkdir. Araşdırma yeniyetmələrin sosial mediada keçirdikləri vaxt ilə onların psixoloji rifahı, xüsusilə özünü qiymətləndirmə və narahatlıq səviyyəsi arasındakı əlaqəni öyrənib. Bu tədqiqatda:

  • 13–17 yaş arası yeniyetmələr sosial mediadan istifadə vərdişlərinə görə qruplaşdırılıb;
  • Hər gün sosial mediada keçirdikləri saat sayı, hansı platformalardan istifadə etdikləri və onlarda yaratdığı emosional reaksiyalar araşdırılıb;
  • Sorğular və psixoloji testlərlə onların özünə dəyər hissi, narahatlıq səviyyəsi və emosional dayanıqlıqları ölçülüb.

Araşdırmanın nəticələrinə görə, gündə sosial mediada 3 saatdan çox vaxt keçirən yeniyetmələrin özünü qiymətləndirmə səviyyəsi aşağı, narahatlıq və depressiya əlamətləri daha çox olub. Vizual platformalarda (Instagram, Snapchat) bu təsirlər daha güclü nəzərə çarpıb.

Tədqiqatın müəlliflərindən biri Emily Jenkin aşağıdakı tövsiyələri irəli sürür:

  • Yeniyetmələrin sosial media ilə münasibətləri təkcə müddətə görə deyil, istifadənin keyfiyyətinə görə də izlənilməlidir. Valideynlər və müəllimlər onlayn fəaliyyətdə balans və məqsədyönlülük aşılayaraq onları dəstəkləməlidirlər;
  • Gənclərə rəqəmsal savadlılıq və emosional stabillik tədris olunmalıdır.

YouTube məzmun yaradıcıları ilə bağlı aparılan araşdırma (“Journal of Social Media and Society”, 2023) göstərib ki, sosial media, xüsusilə də YouTube platforması məqsədli və yaradıcı şəkildə istifadə olunsa, gənclərin özünə inamını və sosial bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirə bilər. Nəticədə bu platformada fəal olanların özünə inam, ictimai çıxış və ifadə bacarıqlarında, empatiya və sosial münasibətlərində irəliləyiş müşahidə olunub.

Tədqiqatlardan əldə olunan nəticələr bir daha göstərir ki, rəqəmsal mühitdə gənclərin güclü psixoloji və sosial savadlılığa ehtiyacı var. Təhsil yalnız faktları öyrətməməli, həmçinin özünü anlamaq, başqalarının təsirini ayırd etmək və sağlam mənlik hissi formalaşdırmaq üçün vasitələr verməlidir. Lesley Universitetində (ABŞ) onlayn psixologiya proqramı kimi müasir proqramlar tələbələrə idrak, davranış və inkişaf psixologiyası ilə bağlı bilik verir. Burada tədqiqatlarda rəqəmsal dövrdə kimlik, özünü ifadə və sosial təsdiq mövzuları araşdırılır. Tədqiqatçılardan biri Lesley Prokterin “I am/we are: Exploring the online self‑avatar relationship” (“Mən/biz: Onlayn mən və avatar arasındakı münasibətin araşdırılması”) adlı tədqiqatında insanın onlayn mühitdə yaratdığı avatarların (rəqəmsal özünü təmsil formaları) mənlik qavrayışına təsiri araşdırılıb. Prokterin nəticələrinə görə, avatarlar gənclərə müxtəlif sosial rolları sınaqdan keçirmək üçün təhlükəsiz mühit yaradır və bu onların həm empatiya, həm də sosial ünsiyyət bacarıqlarının inkişafına kömək edir.

Lesley Universitetinin dosenti Peyvey Linin fikrincə, sosial medianın psixoloji təsirləri kontekstdən və istifadənin məqsədindən asılı olaraq dəyişir. O, qeyd edir ki, gənclərin rəqəmsal platformalardakı təcrübələri onların şəxsiyyətinin inkişafına birbaşa təsir göstərə bilər. Sosial media gənclərə həm potensial fürsətlər, həm də psixoloji risklər təqdim edir. Əsas məsələ onun istifadəsində balansın qorunmasıdır.

Peyvey Linin fikrincə, əldə olunan nəticələr gənclərlə bağlı bir sıra tövsiyələrin verilməsini zəruri edir:

  • Təhsil mühitində gənclərə rəqəmsal kimlik və sosial media vasitəsilə özünü ifadə bacarıqları öyrədilməlidir;
  • Onlayn öyrənmə mühiti sadəcə məlumat ötürmə yox, həm də təhlükəsiz “kimlik sahəsi” kimi dizayn edilməlidir;
  • Müxtəlif mədəni kimliklərin rəqəmsal platformalarda görünməsinə və dəyərləndirilməsinə şərait yaradılmalıdır;
  • Təhsil proqramları təkcə akademik deyil, həm də şəxsi və psixoloji inkişafı dəstəkləməlidir.

Peyvey Li vurğulayır ki, yeniyetmələr özlərini başqalarının gözü ilə yox, öz daxili səsi ilə tanımalıdırlar. Bəzən telefonu bir kənara qoyub sakitlikdə öz səsini dinləmək bu yolda ilk addımdır.

Rəqəmsal dövrdə “mən kiməm?” sualına cavab tapmaq gənclər üçün həm yeni imkanlar, həm də çətinliklər yaradır. Sosial media güzgüsündə hər gün fərqli rollar və obrazlarla qarşılaşan yeniyetmələr özlərini tapmaq və ifadə etmək arasında çətin seçimlərlə üz-üzə qalırlar. Texnologiyadan istifadə lazımdır, amma rəqəmsal dünyada itmək yerinə, özünü qoruyub saxlamaq daha vacibdır.

Ağca Talıbova