PIRLS SORĞULARI TƏDRİSİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ XİDMƏT EDİR




Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi üçün aparılan beynəlxalq tədqiqat vasitələrindən biri də PIRLS-dir. 

PIRLS (Progress in International Reading Literacy Study – Beynəlxalq Oxu Bacarığının İnkişafı üzrə Tədqiqat) şagirdlərin oxu bacarıqlarının beynəlxalq müqayisəli tədqiqatıdır. Tədqiqat Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən aparılır.

pirls.org saytında verilən məlumatlara görə bu tədqiqatın məqsədi dünyanın müxtəlif ölkələrində IV sinif şagirdlərinin oxu bacarıqları və mətni qavrama səviyyəsini müqayisə etmək, həmçinin milli təhsil sistemlərində oxu bacarıqlarının öyrədilməsi metodlarında fərqləri müəyyən etməkdir. PIRLS tədqiqatı şagirdlərin məktəbdə və məktəbdən kənarda ən çox istifadə etdikləri iki oxu növünü qiymətləndirir: ədəbi mütaliə, məlumatı mənimsəmək və istifadə etmək məqsədilə oxumaq. Tədqiqatın konseptual müddəalarına uyğun olaraq, bədii və məlumat xarakterli (elmi populyar) mətnləri oxuyarkən oxu bacarıqlarının dörd qrupu qiymətləndirilir:

  1. Açıq şəkildə göstərilən məlumatların tapılması;
  2. Nəticələrin formalaşdırılması;
  3. İnformasiyanın şərhi və sintezi;
  4. Mətnin məzmununun, linqvistik xüsusiyyətlərinin və strukturunun təhlili və qiymətləndirilməsi.

Tədqiqatın nəticələrinin şərhinə imkan verən amillərin vəziyyəti haqqında məlumat toplamaq üçün lazım olan alətlərə aşağıdakılar daxildir:

  • Şagirdlər üçün sorğu;
  • Müəllimlər üçün sorğu;
  • Valideynlər üçün sorğu;
  • Məktəb rəhbərliyi üçün sorğu.

Şagird anketi şagirdlər, onların ailələri və oxuduqları məktəblər haqqında məlumat toplamaq üçün nəzərdə tutulub.

İbtidai sinif müəllimləri üçün sorğu vərəqəsində müəllimlərin demoqrafik göstəriciləri, dərs dedikləri məktəblərin xüsusiyyətləri, eləcə də ümumilikdə onların işinin bəzi aspektləri və xüsusən də sinif fəaliyyətləri haqqında məlumat verilir.

Geniş suallar bloku sinifdə oxu və ana dilinin tədrisinə həsr olunur. Suallar bu fənlərin tədrisi üçün ayrılan vaxtı, şagirdlərlə işin təşkili formalarını, istifadə olunan dərslik və vəsaitləri, müxtəlif mətn növləri ilə işləməyi, mətnləri anlamaq üçün bacarıq və ya strategiyaların təkmilləşdirilməsinə yönəlmiş fəaliyyət növlərini aşkarlamağa yönəlib. Bura eyni zamanda dərslərdə kompüterdən və məktəb  kitabxanasındakı kitablardan istifadə, ev tapşırıqları və mütaliə üzrə təhsil nailiyyətlərinin qiymətləndirilməsi, oxunun öyrədilməsi ilə əlaqədar peşəkarlığın artırılması haqqında suallar da daxil edilib.

Valideynlər üçün sorğu vərəqində uşağı məktəbəqədər fəaliyyəti, bağçaya davamiyyəti və məktəbə hazırlığı ilə bağlı suallar var. Valideynlər həmçinin övladının oxuduğu məktəb, ev tapşırığı, mütaliənin ailədə rolu, eləcə də özləri və peşə fəaliyyəti ilə bağlı bir sıra suallara cavab verirlər.

Məktəb rəhbərliyi üçün nəzərdə tutulan sorğuda məktəbin xüsusiyyətləri, resursları, valideynlərin məktəb həyatında iştirakı, məktəb mühiti, müəllimlər və rəhbərlik, oxu təlimatı haqqında məlumat əldə etməklə bağlı suallar nəzərdə tutulub.

2021-ci ildə tədqiqat ilk dəfə elektron formatda aparılıb. Elektron format tədqiqata ePIRLS komponentini əlavə edib ki, bu da şagirdin internet mühitində məlumatı nə dərəcədə yaxşı oxuduğunu, şərh etdiyini və qiymətləndirdiyini yoxlayıb.

Şagirdlər internet səhifələrini araşdırır, suallara cavab verir, hadisələr arasındakı əlaqələri izah, məlumatları şərh edir və birləşdirir. Səhifələrdə fotoşəkillər, qrafiklər, xəritələr, həmçinin animasiyalar, hiperlinklər və pop-uplar (Pop up, reklam məqsədilə anidən qarşımıza çıxan bildirişlərdir-red.) kimi vizual məlumatlar var.

PIRLS tədqiqatı burada iştirak edən ölkələrin təhsil sisteminə oxu bacarıqlarını təkmilləşdirmək üçün sübuta əsaslanan qərarlar qəbul etməyə imkan verir. Ölkələr sorğunun nəticələrindən aşağıdakılar üçün istifadə edirlər:

  • qlobal kontekstdə performans tendensiyalarını izləmək;
  • yeni və ya yenidən işlənmiş təhsil siyasətlərinin təsirinin monitorinqi;
  • zəif tərəflərin müəyyənləşdirilməsi və kurikulumda islahatların hazırlanması;
  • PIRLS sorğu məlumatlarının təhlili vasitəsilə tədrisin və öyrənmənin təkmilləşdirilməsi;
  • əlaqədar tədqiqatların aparılması;
  • oxu təlimi üçün ev və məktəb şəraiti haqqında geniş məlumatların əldə edilməsi.

2021-ci ildə PIRLS tədqiqatında 66 ölkə, o cümlədən Azərbaycan da iştirak edib.

Oxu nailiyyətləri sıralanmasında Azərbaycan 35-ci sırada olmaqla 440 bal toplayıb.  Tədqiqatın nəticələrinə görə, COVID pandemiyasının təhsilə təsiri ilə bağlı ölkələrin əksəriyyətinin nəticələrində əvvəlki illərlə müqayisədə geriləmə müşahidə olunub.

Növbəti "PIRLS" tədqiqatları 2026-cı ildə keçiriləcək.